Rusiyanın Baş naziri Dmitri Medvedev Ümumdünya Antidopinq Agentliyinin (WADA) Rusiya ilə bağlı qərarından şikayət edilməli olduğunu deyib.
TASS-ın verdiyi xəbərə görə, bu barədə D. Medvedev müavinləri ilə görüşdə bildirib. Baş nazir bu qərarı xroniki hal almış anti-Rusiya isteriyasının davamı kimi xarakterizə edib: “Bu və ya digər formada artıq cəzalandırılmış idmançılarla bağlı qərarların təkrarlanması və digər məqamların qeyd edilməməsi artıq xroniki hal almış anti-Rusiya isteriyasının davamı olduğunu göstərir”.
Rusiyanın Baş naziri ölkənin müvafiq təşkilatlarının Ümumdünya Antidopinq Agentliyinin qərarı ilə bağlı şikayət verilməsinin mümkünlüyünü qeyd edib: “Düşünürəm ki, Rusiyada bununla bağlı səlahiyyətli təşkilatlar bu qərardan şikayət vermək barədə düşünməlidirlər”.
D.Medvedev Rusiya idmanında dopinqlə bağlı problemin olduğunu da etiraf edib: “Bir müddət öncə mən öz müsahibəmdə də qeyd etmişəm ki Rusiyanın idman cəmiyyətində dopinqlə bağlı problemlər var və bu inkar edilə bilməz”.
Qeyd edək ki, bu gün Ümumdünya Antidopinq Agentliyinin (WADA) İcraiyyə Komitəsinin iclası keçirilib.
Komitə qurumun Uyğunluq üzrə komitəsinin tövsiyəsini yekdilliklə dəstəkləyib. Bununla da Rusiya Antidopinq Agentliyi (RUSADA) WADA-nın uyğunluq statusundan məhrum edilib. Rusiya 4 il müddətində dünya çempionatlarını qəbul etmək, belə yarışların təşkili üçün sifariş vermək hüququndan məhrum edilib. Bu müddətdə Rusiya idmançıları Olimpiya Oyunları və dünya çempionatlarında öz milli bayraqları altında çıxış edə bilməyəcəklər. (APA)