Son illər məhkəmə çəkişmələrində elektron yazışmalar, xüsusilə də WhatsApp mesajları mühüm sübut vasitələrindən birinə çevrilib. Lakin bir çox vətəndaşı maraqlandıran əsas sual budur: WhatsApp yazışmaları məhkəmədə hüquqi sübut kimi qəbul edilirmi?
AzPost xəbər verir ki, Vəkillər Kollegiyasının üzvü, vəkil İlhamə Həsənova bu məsələ ilə bağlı hüquqi izah verib.
Vəkilin sözlərinə görə, WhatsApp yazışmaları məhkəmədə sübut kimi qəbul oluna bilər, lakin hər yazışma avtomatik olaraq hüquqi qüvvəyə malik hesab edilmir.
İlhamə Həsənova bildirib ki, bu məsələ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarı və Ali Məhkəmə Plenumunun 24 dekabr 2025-ci il tarixli, 20 nömrəli “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” qərarı ilə tənzimlənir.
Bu qərarlara əsasən, mübahisə tərəfləri arasında aparılmış WhatsApp yazışmaları qanuni yolla əldə edildiyi və işin həlli üçün əhəmiyyət daşıdığı hallarda məhkəmə tərəfindən sübut kimi qiymətləndirilə bilər.
Vəkil vurğulayıb ki, vətəndaş özünün iştirakçısı olduğu WhatsApp yazışmalarını hüquqlarını müdafiə etmək məqsədilə məhkəməyə sübut kimi təqdim edə bilər.
Bununla yanaşı, o xəbərdarlıq edib ki, başqasına məxsus şəxsi yazışmaları onun razılığı olmadan əldə etmək, izləmək, yaymaq və ya paylaşmaq qanun pozuntusudur və hüquqi məsuliyyət yaradır.
İlhamə Həsənovanın sözlərinə görə, WhatsApp yazışmasının məhkəmədə sübut kimi qəbul edilməsi onun sadəcə mövcud olmasından deyil, bir neçə hüquqi meyardan asılıdır.
Bunlar aşağıdakılardır:
yazışmanın qanuni yolla əldə edilməsi;
mübahisə predmeti ilə birbaşa əlaqəli olması;
məhkəmə tərəfindən digər sübutlarla birlikdə qiymətləndirilməsi.
Vəkil qeyd edib ki, məhkəmə elektron yazışmaları ayrıca deyil, iş üzrə təqdim edilən digər sübutlarla birlikdə araşdırır və yekun hüquqi qiymət verir. Buna görə də yalnız ekran görüntüsünün təqdim edilməsi hər zaman iddianın təmin olunacağı anlamına gəlmir. Bu baxımdan vətəndaşlara elektron yazışmaları təqdim edərkən qanunvericiliyin tələblərinə əməl etmək tövsiyə olunur.
