Xalq artisti mədəniyyət nazirinə müavin təyin edildi –DOSYE

Murad Fərid oğlu Hüseynov Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini təyin edilib.

Azpost.info Murad Hüseynovun tərcümeyi halını təqdim edir.

Azərbaycan pianoçusu, beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Respublikasının xalq artisti Murad Hüseynov  Beynəlxalq Muğam Mərkəzinin direktorudur.

 

Murad Hüseynov 1 dekabr 1973-cü ildə Bakıda anadan olub. O, yaradıcılıq fəaliyyətinə Bülbül adına Orta Xüsusi Musiqi Məktəbində başlayıb. 1991–1996-cı illərdə Bakı Musiqi Akademiyasında təhsil alaraq buranı fərqlənmə diplomu ilə bitirib və 1996–1999-cu illərdə bu Bakı Musiqi Akademiyası aspirantı (professor F. Bədəlbəylinin sinfi) olub. M. Hüseynov Fransa hökuməti tərəfindən təqaüdə layiq görülərək 2000–2002-ci illərdə A. Korto adına Paris Ali Musiqi Akademiyasının Liseyində, 2004–2006-cı illərdə isə P. Çaykovski adına Moskva Dövlət Konservatoriyasında peşəkar musiqi təhsilini davam etdirib.

Murad Hüseynov beynəlxalq piano müsabiqələri laureatı (Fransa, 1998) və mükafatçısıdır (Tbilisi, Gürcüstan, 1997). O, Limojda keçirilən 3-cü Fransis Pulenk beynəlxalq piano müsabiqəsinin qalibidir (Fransa, 2002). O həmçinin fransız bəstəkarlarının əsərlərini ən yaxşı ifa etdiyinə görə 3 xüsusi mükafat da qazanıb.

Musiqiçi bir sıra məşhur orkestr və ansambllar — London Kral Filarmonik Orkestri, Limoj Simfonik Orkestri (Fransa), Azərbaycan Dövlət Simfonik Orkestri, Qara Qarayev adına Dövlət Kamera Orkestri, (Azərbaycan), Yeni Rus Kvarteti (Rusiya) və s. ilə konsertlərdə çıxış edib. Onun çıxış etdiyi konsert zalları sırasına P. İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasındakı Raxmaninov zalı, Dövlət Kreml Sarayı (Moskva), Pleyel, Korto zalları, Fransa Senatı əsas zalı, Beynəlxalq Diplomatik Akademiya (Paris), Auditoriya (Roma), Dunay Sarayı (Budapeşt), Camal Rəşid Rey (İstanbul) və s. daxildir.

Murad Hüseynov Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. O, 2011-ci ilin noyabr ayında Beynəlxalq Muğam Mərkəzinin direktoru təyin edilib.

Əvvəlki məqalə

Mədəniyyət nazirinə daha bir müavin təyin edildi –

Sonrakı məqalə

“Ukraynada sülh üçün ilk addımı Rusiya atmalıdır”