Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi keçirilib.
APA xəbər verir ki, mərasimdə mədəniyyət naziri Adil Kərimli, dövlət xadimləri, mədəniyyət və incəsənət nümayəndələri, mərhumun sənət dostları, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mədəniyyət naziri Adil Kərimli bildirib ki, Tofiq Bakıxanovun vəfatı Azərbaycan və dünya mədəniyyəti üçün ağır itkidir. Nazir qeyd edib ki, Tofiq Bakıxanov Azərbaycan mədəniyyəti üçün böyük işlər görüb:
“Onun çoxşaxəli fəaliyyəti, yetişdirdiyi tələbələr yaşayır və yaşayacaq. O, bir məktəb formalaşdırıb. Onun əsərləri hər kəsə məlumdur. Tofiq Bakıxanovun Vətəninə, millətinə olan sevgisini hər bir əsərində xüsusilə hiss edirik. Hər bir əsərinin öz ruhu var. Bizim onunla mütəmadi görüşlərimiz olub. Son görüşümüz təxminən bir ay əvvəl baş tutmuşdu. O zaman kifayət qədər yaxşı idi”.
Xalq artistinin oğlu Vahid Bakıxanov bildirib ki, Tofiq Bakıxanov ömrünün son nəfəsinə qədər sənətinə bağlı olub, böyük zəhmət çəkib və öz yaradıcılığı ilə silinməz iz qoyub:
“Son vaxtlar o, müəyyən əsərlərin və əlyazmaların mütləq şəkildə kitabxanalarımızın fondlarında qorunub saxlanılmasına çalışırdı”.
Milli Məclisin deputatı, akademik Rafael Hüseynov bildirib ki, Tofiq Bakıxanov böyük bir epoxanın, böyük bir dövrün nümayəndəsi idi:
“O, həyatı hadisələrlə, insanlarla zəngin olan, parlaq ömür yaşamış bir şəxsiyyət idi. Tofiq Bakıxanova məxsus bir çox xüsusiyyətlərin bundan sonra da Azərbaycan sənət səhnəsində təkrar olunması çətin olacaq”.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli bildirib ki, Tofiq Bakıxanov Bakıxanovlar nəslinin adını yaşatmaq və inkişaf etdirmək kimi mühüm vəzifəni layiqincə yerinə yetirib.
O qeyd edib ki, Tofiq Bakıxanov Azərbaycan Milli Elmlər Akademiyası ilə həm yaradıcılıq, həm də dostluq və əməkdaşlıq münasibətləri saxlayıb.