Bir qrup xarici jurnalistin Ermənistanın işğalından azad olunmuş Şuşa şəhərinə səfəri təşkil edilib.
Xarici media nümayəndələri əvvəlcə qala divarlarını ziyarət ediblər. Şuşa şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşları tərəfindən onlara Şuşa şəhərinin tarixi, qala divarlarının tikilməsi barədə məlumat verilib. Bildirilib ki, Qarabağ xanı Pənahəli xan tərəfindən inşa edilən qala uzun müddət şəhəri xarici müdaxilələrdən qoruyub, alınmazlıq simvolu olub. İşğal dövründə qala divarları erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra qalada təmir-bərpa işləri aparılıb.
Jurnalistlər sonra Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinin qoyulduğu Şuşa şəhər mərkəzi meydanına gəliblər. Onlara məlumat verilib ki, işğal zamanı ermənilər heykəlləri Ermənistana apararaq əritmək istəyiblər. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə həmin heykəllər Ermənistandan alınaraq Azərbaycana gətirilib və Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılıb. Şuşa işğaldan azad olunduqdan sonra həmin heykəllər öz əvvəlki yerlərinə qaytarılıb.
Xarici media nümayəndələri Şuşa şəhərində Xurşidbanu Natəvanın evi, Xan qızı bağı, Xan qızı bulağı, Xan sarayı, Üzeyir Hacıbəylinin heykəli və evi olan ərazilərdə, həmçinin Yuxarı Gövhər ağa məscidi və Qazançı kilsəsində də olub, çəkilişlər aparıblar. Məlumat verilib ki, 30 ilə yaxın işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilib. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb. Hazırda Şuşada bir sıra infrastruktur layihələri icra edilir, Aşağı Gövhər Ağa, Yuxarı Gövhər Ağa, Saatlı məscidlərində bərpa işləri aparılır.
Sonda Cıdır düzünə gələn xarici media nümayəndələri buradan açılan əsrarəngiz mənzərəni seyr ediblər.
Səfər iştirakçıları təəssüratlarını bölüşüblər.
Türkiyənin “A Xəbər” televiziyasının əməkdaşı Saida Zahidova deyib: “Şuşa tarixi bir yerdir. Ermənilər tərəfindən çox dağıdılıb. Amma Şuşaya gəldiyim üçün çox sevinərəm. Həmişə tarix kitablarından oxuyurdum, şəkillərini görürdüm. Amma bu gün buradayam. Çox şadam ki, azərbaycanlılar torpaqlarını geri aldılar. Artıq bura çox sürətli şəkildə yenilənir”.
Əlcəzairin “Alharir.info” informasiya agentliyinin əməkdaşı Abdelkader Xelil: “Mən çox şadam ki, Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmiş Şuşa şəhərindəyəm. Azərbaycan nə yaxşı ki, öz ərazisini azad edə bildi. Buralar çox gözəldir. Ancaq biz dağılmış evləri və tarixi binaları gördük. Bu, dəhşətdir. Artıq ermənilərin nələr etdiklərini bütün dünya bilir. Arzu edirik ki, Azərbaycan bütün məhv olunan yerləri Prezident İlham Əliyevin rəhbərliyi ilə tezliklə yenidən qursun. Şuşa və bütün Qarabağ gözəl turizm məkanına çevrilsin”.