Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı bəyanat yayıb.
Bəyanatda deyilir:
“26 fevral 2022-ci il tarixində, Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda törədilmiş soyqırımın 30-cu ildönümü tamam olur.
Ermənistanın Azərbaycana qarşı onilliklər ərzində davam edən təcavüzü zamanı dinc əhaliyə qarşı törədilmiş ən ağır cinayətlərdən biri və Birinci Qarabağ müharibəsinin ən faciəli səhifəsi Xocalı şəhərinin dağıdılması və onun sakinlərinin soyqırımına məruz qalması olmuşdur. Münaqişədən əvvəl Azərbaycanın Qarabağ bölgəsində yerləşən Xocalıda 7000-dən çox insan, kişilər, qadınlar, uşaqlar, ailələr yaşayırdı.
1991-ci ilin oktyabr ayından şəhər tamamilə Ermənistan silahlı qüvvələri tərəfindən mühasirəyə alındı. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə kütləvi artilleriya zərbələrinin ardınca Ermənistan silahlı qüvvələri, keçmiş SSRİ-nin əksəriyyətini ermənilər təşkil edən 366-cı moto-atıcı alayının köməyi ilə Xocalıya nəzarəti zorla ələ keçirdilər. İşğalçılar Xocalını darmadağın edərək xüsusi amansızlıqla onun dinc əhalisinin soyqırımını törətdilər.
Şəhərin 5379 nəfər sakini zorakılıqla qovuldu. 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca vəhşicəsinə öldürüldü. 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qaldı, 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldı. 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Ermənistan silahlı qüvvələrinin bu hərəkətləri ailələri parçaladı. 8 ailə tamamilə məhv edildi. 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərinin hər ikisini itirdi.
Xocalıda dinc əhalinin heç bir fərq qoyulmadan qətlə yetirilməsi Ermənistanda dövlət səviyyəsində həyata keçirilən azərbaycanlılara qarşı etnik nifrət və irqi ayrı-seçkilik siyasətindən irəli gəlir. Bu, günahsız insanların sadəcə etnik mənsubiyyətinə görə öldürülməsinə səbəb oldu. Xocalıda törədilən cinayətlər Ermənistanın azərbaycanlılara qarşı sistematik zorakılıq siyasətinin tərkib hissəsi olub.
Xocalı qətliamı və Ermənistanın Azərbaycan Respublikasına təcavüzü zamanı törətdiyi digər cinayətlər, o cümlədən hərbi cinayətlər, insanlığa qarşı cinayətlər və soyqırımı insan hüquqları və beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulmasıdır. Buraya Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya, İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq Konvensiya və digər beynəlxalq konvensiyaların pozulması daxildir.
Hazırda 17 dövlətin milli qanunvericilik orqanı, həmçinin ABŞ-ın 24 ştatı, eyni zamanda İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı Xocalıda dinc əhalinin qətliamını pisləyən və bunu soyqırımı və insanlıq əleyhinə cinayət aktı kimi dəyərləndirən çoxsaylı qətnamə və qərarlar qəbul ediblər.
Avropa İnsan Hüquqları Məhkəməsi 2010-cu il 22 aprel tarixli qərarında Xocalıda törədilmiş cinayətə münasibətdə vəhşilikləri törədənlərin davranışını “müharibə cinayətləri və ya insanlıq əleyhinə cinayətlərə bərabər tutulan xüsusi ağırlıqlı hərəkətlər” kimi qiymətləndirərək mühüm nəticəyə gəlib.
Beynəlxalq hüquqa əsasən dövlətlər, Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda törədilən vəhşilik kimi, cinayətləri araşdırmaq və cinayətkarları mühakimə etmək öhdəliyi daşıyırlar. Lakin bu günədək, Xocalıda törədilən cinayətlərə görə məsuliyyət daşıyanların heç biri Ermənistan tərəfindən cinayət məsuliyyətinə cəlb edilməyib.
Öz təqsirini etiraf etmiş Ermənistanın o dövrdəki müdafiə naziri və sabiq prezidenti Serj Sarkisyan Britaniya jurnalisti Tomas de Vaala müsahibəsində deyib: “Xocalıdan qabaq azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməyən xalqdır. Biz bu stereotipi sındırdıq” (Tomas de Vaal, Qarabağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında (Nyu York və London, Nyu-York Universiteti Nəşriyyatı, 2003, səhifə 172).
Azərbaycanlı dinc əhalinin məqsədyönlü şəkildə hədəfə alınması Ermənistan tərəfindən 27 sentyabr – 10 noyabr 2020-ci il tarixlərində aparılan hərbi əməliyyatlar zamanı da davam etdirildi. Döyüş əməliyyatların getdiyi cəbhə bölgəsindən xeyli aralıda yerləşən, Azərbaycanın Gəncə, Bərdə, Tərtər kimi şəhərlərinin mülki əhalisini və mülki infrastrukturunu məqsədli şəkildə hədəfə alan Ermənistan, 1992-ci ildə olduğu kimi eyni qəbildən olan terror taktikasına əl atdı. Ermənistan bu dəfə müasir növ zirehli silahlar, raket qurğuları və kaset sursatlarından istifadə edərək növbəti dəfə qanunsuz olaraq dinc azərbaycanlı əhalini hədəfə alaraq qətlə yetirdi.
Azərbaycan Respublikası inanır ki, milli səviyyədə, eləcə də mövcud beynəlxalq hüquq çərçivəsində görülən davamlı tədbirlər cəzasızlığa son qoyulmasına və Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı törədilmiş ağır cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin ədalət məhkəməsi qarşısına çıxarılmasına xidmət edəcək.
Xocalı faciəsinin qurbanlarını milli yaddaşımıza həkk edir və onların xatirəsini ehtiramla yad edirik. Allah rəhmət eləsin”.