Xocavənd rayonunda mina partlayışı olub.
Daxil İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə hadisə bu gün saat 11:00 radələrində qeydə alınıb.
Əhmədbəyli-Füzuli-Şuşa yolunun çəkilişində fəhlə işləyən Rasif Kərimzadə meşəlik əraziyə keçərək piyada əleyhinə minaya düşüb:
“Partlayış nəticəsində Rasif Kərimzadə ayaq nahiyəsindən müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, dərhal polis əməkdaşları tərəfindən xəstəxanaya çatdırılıb. Həyatı üçün ciddi təhlükə yoxdur”.
Qeyd edək ki, minaya düşən Rasif Kərimzadə Əhmədbəyli-Füzuli-Şuşa yolunun tikintisini həyata keçirən şirkətin əməkdaşıdır.
Xocavənd rayon prokurorluğundan verilən məlumata görə, oktyabrın 2-si saat 11 radələrində Xocavənd rayonunun işğaldan azad edilmiş Tağaverd kəndi ərazisində 2002-ci il təvəllüdlü Rasif Kərimzadənin minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalarla həmin ərazidə təmir tikinti işləri aparılan zaman fəhlə kimi çalışan Rasif Kərimzadənin minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilmişdir.
Hazırda faktla bağlı Xocavənd rayon prokurorluğunda araşdırma aparılır.