Xomeyninin 40 il əvvəl dünyanı şoka salan məşhur MÜSAHİBƏSİ:

“QƏRBİN ELMİNDƏN YOX, İDEYALARINDAN QORXURUQ" (TARİX)
23 Yanvar 2020 - 16:11

XX əsrin 70-ci illərində İranda baş vermiş bu günə qədər müzakirə olunan islam inqilabı özünün yeni mesajlarını və dini liderlərini dünyaya təqdim edə bildi.

İranda mütləqiyyət əleyhinə aparılan uzun mübarizə tarixi bir neçə mərhələdən keçərək, ən sonda 1979-cu ilin fevralında özünün məntiqi sonuna çatdı. İran şahı devrildi, ölkəni tərk etdi və qurbətdə öldü. Ölkədə isə islam respublikası elan edildi. Onun əsas ideoloqu Ruhulla Xomeyni idi. Şaha qarşı barışmaz mübariz olan Xomeyni dünya üçün həmişə maraqlı siyasi fiqur olub. Onun azsaylı müsahibələri maraqla oxunub və təhlil edilib.

Arxivimdə olan, İranın mərhum dini lideri Ruhulla Xomeyninin 1979-cu il sentyabrın 26-da İtaliyanın “Corriere della Sera” qəzetinin əməkdaşı, məşhur jurnalist Oriana Fallaçiyə verdiyi müsahibəsini yenidən oxucularına təqdim etmək istədim. Bu gün İran ətrafında olan gərgin vəziyyət və siyasi böhranın əsası məhz Xomeyninin rəhbəri olduğu inqilabla qoyulub. Odur ki, islam inqilabının vizionuna, baxışlarına və ideoloji bazasına yenidən baxmaq maraqlı olardı.

 

Bu müsahibə alınan zaman İranda İslam inqilabı cəmi 6 ay idi ki, qalib gəlmişdi. Ölkə böyu gedən müzakirələrdə dövlətin gələcək siyasi quruluşu qızğın müzakirə olunurdu. Xomeyni bu müsahibəsində gələcək İranin siyasi quruluşunun prioritetlərini açıqlayıb, Şaha olan münasibətini bildirib, eyni zamanda ölkənin gələcəyi ilə fkirlərini bölüşüb. Dini lider həmçinin yeni İranda dinin yeri, gənclər, dini geyimə və rəqibləri olan solçular və demokratlara münasibətini sərgiləyib.

Müsahibə öz zamanında çox böyük rezonans doğurub.

İtaliyalı jurnalist, yazışı və publisist Oriana Fallaçi İkinci Dünya müharibəsində italyan müqavimət hərəkatının iştirakçısı olub. O, 60-70-80-ci illərdə dünya liderləri ilə etdiyi uğurlu müsahibələri ilə şöhrət qazanıb. Çoxmilyonlu 12 kitabın müəllifidir. Fallaçinin müsahibələri kəskin stili ilə fərqlənir. Fallaçi bu illərdə çox tanınmış KİV-lərlə əməkdaşlıq edib. Onların sırasında «The New York Times», «The Washington Post», «Los Angeles Times», «Corriere della Sera», «Ştern», «Life», «Lookruen», «The New Republic» var. O, hərbi müxbir kimi dünyanın müxtəlif qaynar nöqtələrində – Kubada, Cənubi Amerikada, Küveytdə, 1956-cı ildə Macarıstanda, Vyetnamda, Meksikada, Livanda olub.

1968-ci ildə Meksikada tələbə həyəcanları zamanı əsgərlər Fallaçiyə 3 güllə vuraraq, onu cəsədlərin toplandığı morqa atmışdılar. Morqda ayılan Oriana sağ qalmağı bacardı.

Oriana Fallaçi ABŞ-ın sabiq dövlət katibi Kissincerdən, iran şahı Məhəmməd Rza Pəhləvidən, Ayətullah Xomeynidən, Lex Valensadan, Villi Brandtdan, Zülfüqar Əli Bhuttodan, Müəmmər Qəddafidən, Federiko Fellinidən, Den Syaopindən, Yasir Ərəfatdan, İndira Qandidən, Qolda Meirdən, Şon Konneridən unudulmaz müsahibələr götürüb.

Fallaçi 2006-cı ildə vəfat edib.

Azpost.info 41 il əvvəl  “Corriere della Sera” qəzetində dərc edilmiş müsahibəni oxucularına təqdim edir:

 “Məni diktator adlandırmaq ədalətsizlikdir”

 İmam Xomeyni, bütün ölkə sizin əlinizdədir: Sizin hər qərarınız bir əmr sayılır. Çoxları indi deyir ki, İranda azadlıq yoxdur. İnqilab azadlıq gətirmədi…

– İran mənim əlimdə deyil, xalqın əlindədir. Xalq ölkəni onun xidmətçisi olana, onun rifahını istəyənə verib. Siz gördünüz ki, ayətullah Tələqaninin ölümündən sonra xalq süngülərə baxmayaraq, küçələrə çıxdı. Bu, azadlığa şahidlik edir. Bu, subut edir ki, xalq yalnız Allah adamlarının arxasınca gedir. Bu, elə azadlıqdır.

– İmam, icazə verin bir məsələni aydınlaşdırım: Sizi bu gün İranda diktator adlandırırlar. Yeni diktator, yeni hökmdar… Bu barədə nə deyə bilərsiniz: Bu ifadə sizin xoşunuza gəlir, yoxsa sizin üçün fərqi yoxdur?

-Bir tərəfdən, bu, mənim xoşuma gəlmir, belə sözlər məni ağrıdır. Ona görə ki, məni diktator adlandırmaq ədalətsizlik və qeyri-humanistlikdir. Digər tərəfdən, bu, mənim üçün mühüm deyil. Ona görə ki, bəzən pis əməllər insan davranışının bir hissəsi olur. Bu, bizim düşmənlərin işidir. Əgər böyük güclərin maraqlarının əksinə tutduğumuz yolu nəzərə alsaq, o zaman əcnəbilərə nökərçilik edənlərin mənim ünvanıma belə zəhər və böhtan yağdırması normaldır. Mən ölkəmizi talan və qarət etmiş qüvvələrin sakit qalacağına ümid etmirdim. Bəli, Şahın muzdluları müxtəlif şeylər danışırlar: guya, Xomeyni qadınların döşlərinin kəsilməsini əmr edib. Deyin, görüm, sizə Xomeyninin belə vəhşilik etməsi, qadınların döşlərinin kəsməsi barədə nəsə məlumdur?

– Xeyr, imam, mənə bu barədə heç nə məlum deyil. Amma insanlar sizdən qorxurlar. Hətta sizin adınızı çəkərək qışqıran kütlə belə qorxu yaradır. Sizi bir an görmək və səcdə etmək üçün saatlarla ayaq üstə qalan, əzab çəkənlərin gecə-gündüz səslənən bu bağırtılarını eşidən zaman nə hiss edirsiniz?

– Mən bundan zövq alıram. Mən onları eşidərkən, görərkən zövq alıram. Ona görə ki, bu adamlar o şəxslərdir ki, xarici və daxili düşmənləri izləmək üçün ayağa qalxıblar. Bu, hakimiyyəti qəsb etmiş Şahı qovanların harayının davamıdır. Ona görə onların hələ də belə qaynaması çox xoşdur. Axı düşmənlər hələ yoxa çıxmayıb.  Nə qədər ki, ölkədə hər şey sabitləşməyib, onların fəallığı çox lazımdır. Bu, yenidən hücuma keçmək üçün vacibdir. Həmçinin onların hissi sevginin, şüurlu sevginin göstəricisidir. Bundan zövq almamaq mümkün deyil.

– İmam, bu, sevgidir, yoxsa fanatizm? Mənə elə gəlir ki, bu fanatizmdir. Faşist tipli fanatizm, məncə, çox təhlükəlidir. İndi bir çoxları İranda faşist təhlükəsi hiss edir və deyirlər ki, İranda faşist qüvvələrinin birləşməsi gedir…

 -Yox, faşizm barədə heç bir söhbət ola bilməz. Mən təkrar edirəm: kütlənin hayqırtısı mənə olan sevgidən doğur. Məni isə ona görə sevirlər ki, hiss edirlər: mən onların rifahını istəyirəm və bunun naminə fəaliyyət göstərirəm. İslamın qadağalarını yerinə yetirmək üçün… İslam – ədalətdir. İslamda diktatura ən ağır günahdır: faşizm və islamçılıq tam bir-birinə əks və ziddir. Faşizm İslam mədəniyyətini daşıyan xalqlar arasında yox, sizdə, Qərbdə baş qaldırmışdı.

– Ola bilsin, bizim “faşizm” termini ilə bağlı fikrimiz üst-üstə düşmür. Mən faşizm haqqında xalqların davranış fenomeni kimi danışıram. Məsələn, İtaliyada da kütlə Mussolinini burada sizi alqışladıqları kimi alqışlayırdı. Ona da elə sizə itaət etdikləri kimi itaət edirdilər… 

– Xeyr. Ona görə ki, bizim kütlələr xeyirxahlıq təbliğ edən müsəlman ruhaniləri tərəfindən tərbiyə edilmiş müsəlman kütlələridir. Faşizm burada yalnız əgər Şah qayıda bilsəydi, ya da kommunist rejimi bərqərar olsaydı, mümkün ola bilərdi. Sizin dediyiniz yalnız kommunistlər zamanı ola bilərdi. Bu çığırtılar isə… mənim üçün azadlığa və demokratiyaya olan sevgi deməkdir.

“Mən kommunistləri dialoqa çağırdım” 

 

– İmam, o zaman azadlıq və demokratiya barədə danışaq. Siz Qumda ilk söhbətlərinizdə demişdiniz ki, yeni İslam hökuməti kommunistlər və milli azlıqlar da daxil olmaq şərti ilə hamıya azad düşüncəyə və özünü ifadəetməyə təminat verməlidir. Amma bu vəd yerinə yetirilmədi. Bu gün siz kommunistləri “iblisin oğulları” adlandırırsınız. Qiyam etmiş milli azlıqların liderlərinə “yer üzündəki pislik” deyirsiniz… 

– Siz əvvəldən təsdiq formasında danışırsınız, sonra istəyirsiniz ki, mən sizin təsdiq kimi dediklərinizi aydınlaşdırım. Söhbət nədən gedir? Mən azad söz və özünüifadə azadlığı altında ölkəni anarxiya və korrupsiyaya aparanlara mane olmamalıydım? Bu azadlıq sui-qəsd hazırlamaq və xalqı pozmaq idi. Odur ki, cavab verirəm: mən beş aydan çox dözdüm – bizim kimi düşünməyənlərə dözdük. Onlar azad idilər. Öz fəaliyyətlərində tamamilə azad idilər. Onlar bizim verdiyimiz azadlıqlardan zövq alırdılar. Mən hətta burada iştirak edən cənab Bənisədrin vasitəsilə kommunistləri dialoqa çağırdım. Əvəzində onlar taxıl ehtiyatını yandırdılar, seçki urnalarına od vurdular. Bizim dialoq dəvətimizə əllərində silahla cavab verdilər. Əslində onlar kürd problemini yenidən açdılar. Beləcə, başa düşdük ki, onlar bizim səbrimizdən istifadə edərək işimizi sabotaj etməyə çalışırlar. Onlar azadlıq deyil, təxribatçı fəaliyyət üçün hüquq istəyirdilər. Biz onlara mane olmağa qərar verdik. Məlum olanda ki, onlar köhnə şah rejiminin və xarici qüvvələrin dəstəyi ilə bizim məhvimizi planlaşdırırlar, o zaman onları susmağa məcbur etdik. Bu, yeni xoşagəlməz hadisələrin qarşısını almaq üçün idi.

– Müxalifətçi jurnalların bağlanması… Qumda söhbət zamanı siz dediniz ki, müasir olmaq insanlarda seçmək və tənqid etmək hüququnu formalaşdırmaqdır. Ancaq liberal jurnal olan “Ayendegan” bağlanıb. Bütün sol jurnallarla belə davranılıb…

– “Ayendegan” jurnalı mənim toxunduğum sui-qəsdin bir hissəsi idi. Onların sionistlərlə əlaqələri vardı, onlardan ölkəyə zərbə vurmaq barədə təlimatlar alırdı. Bu, inqilab baş prokurorunun bağladığı bütün jurnallara aiddir. Bu jurnallar yalançı müxalifətçiliklə ölkədə köhnə rejimi bərpa etməyə və əcnəbilərə xidmət edirdilər. Biz onları susmağa məcbur etdik. Çünki bu adamların kim olduğunu və nəyə can atdıqlarını bilirdik.

– Yox, imam. Bütün hallarda şaha qarşı döyüşmüş, onun zamanında təqib olunmuş, işgəncə verilmiş, həbsdə olmuş şəxslər barədə necə “şah rejimi üçün nostalji keçirdiklərini” demək olar? Onları necə düşmən adlandırmaq olar? Belə mübarizə aparmış və əzab çəkmiş solçuları necə inkar etmək və onlara meydan verməmək olar?

– Onlardan heç kim mübarizə aparmayıb və əzab çəkməyib. Onlar yalnız xalqın ağrısından və bu mübarizəsindən öz məqsədləri üçün istifadə ediblər. Siz pis məlumatlandırılmısınız: haqqında danışdığınız solçuların əksəriyyəti şahın zamanında xaricdə yaşayırdılar. Onlar ancaq xalq şahı devirdikdən sonra qayıtdılar. Doğrudur, burada qalan, evlərində və yuvalarında gizlənən hissəsi də vardı. Yalnız xalq öz qanını tökdükdən sonra onlar bu qanın meyvələrindən istifadə etmək üçün gün işığına çıxdılar. Amma indiyə qədər onların azadlığını məhdudlaşdıracaq heç nə baş verməyib.

– Üzr istəyirəm, imam. İstəyirəm siz məni düz başa düşəsiniz. Siz deyirsiniz ki, solçuların şahın devrilməsinə heç bir aidiyyəti yoxdur. Hətta bunun üçün həbs edilənlərin, işgəncə verilənlərin, öldürülənlərin belə? Diri və ölü solçular heç bir əhəmiyyət daşımır?

– Onlar açıq şəkildə heç bir şey etməyiblər. Heç bir mənada inqilaba xidmət etməyiblər. Düzdür, bəziləri mübarizə aparıblar. Amma onlar yalnız öz ideyaları, məqsədləri və maraqları üçün mübarizə aparıblar. Onlar ümumi qələbə üçün heç nə gətirməyiblər. Bizim hərəkatla heç bir əlaqələri olmayıb, ona təsir üçün heç nə etməyiblər. Solçular heç vaxt bizimlə əməkdaşlıq etməyiblər. Əksinə, həmişə bizim təkərin altına taxta qoymaqla məşğul olublar. Onlar indi olduğu kimi, şahın vaxtında da bizim əleyhimizə idilər. Bəzi hallarda onların bizə düşmənçiliyi şaha olan düşmənçiliyi də ötürdü. Bizim hərəkat həmişə islamçı olub, solçular isə həmişə bunun əleyhinə olublar. Təsadüfi deyil ki, hazırkı sui-qəsdlər oradan, onlardan gəlir. Mənim nöqteyi-nəzərimcə, burada söhbət heç də əsl solçulardan yox, amerikanların burda görmək istədikləri saxta solçulardan gedir.

– İmam, sol hərəkat məgər ABŞ tərəfindən yaradılıb?

– Bəli, bizə böhtan atmaq, bizim rejimi sabotaj etmək, sonda bizi məhv etmək üçün amerikanlar tərəfindən yaradılıb və dəstəklənir.

– İmam, deməli, sizin “xalq” dediyinizə yalnız İslam hərəkatı ilə bağlı olanlar aid olunur. Sizcə, minlərlə, on minlərlə  ölən adamlar azadlığa, yoxsa İslama görə həlak olublar?

– İslam uğrunda. Xalq İslam uğrunda döyüşürdü. İslam isə hər şey deməkdir: hətta sizin öz dünyanızda adlandırdığınız azadlıq və demokratiya! Bəli, İslam özündə bunları cəmləşdirir. İslam hamısını qloballaşdırır. Islam –hər şeydir.

“İslam “demokratiya” ifadəsinə ehtiyac duymur” 

 

– İmam, bu halda soruşmaq istərdim: Azadlıq deyərkən siz nə başa düşürsünüz? 

– Azadlıq… Bu anlayışı müəyyən etmək o qədər də asan deyil. Biz deyirik: Azadlıq – öz ideyalarını seçmək, istədiyini düşünmək, başqa ideyalara məcbur etməmək, yaşam yerini seçmək və istədiyin işlə məşğul olmaq imkanıdır.

– Başa düşürəm. Amma düşünmək fikirləşdiyini ifadə etmək və maddiləşdirmək demək deyil. Bəs demokratiya barədə nə düşünürsünüz? Mən bu sualı çox böyük maraqla verirəm. Çünki “respublika, yoxsa monarxiya” referendumu zamanı siz “İslam demokratik respublikası” ifadəsini işlətməyi qadağan etdiniz. Nəticə: Sizə inanan kütlələr “demokratiya” sözünü söyüş kimi işlədirlər. Qərbdə çox əziz olan bu anlayışda nə xoşunuza gəlmir? 

– “İslam” sözü mənsubiyyəti göstərən sifətə, məsələn, “demokratik” ifadəsinə ehtiyac duymur. Sadəcə, ona görə ki, İslam – elə hər şeydir. Kamil olan İslamın qarşısında qoyulan digər ifadə bizi kədərləndirir. Əgər biz İslamı arzulayırıqsa, o zaman demokratiya istəyib-istəməməyimizi dəqiqləşdirməyin nə mənası var? Bu, sanki o deməkdir: İslamı istəyirik, amma Allaha inanmaq lazımdır.

Sonra, sizin üçün əziz və qiymətli olan bu demokratiyanın dəqiq mənası belə yoxdur. Aristotel demokratiyası başqa şeydir, sovet demokratiyası bir başqa… Kapitalist demokratiyası isə tamam başqadır. Biz imkan vermərik ki, belə ikimənalı anlayış konstitusiyamıza daxil olsun. Ən nəhayət, demokratiya dedikdə, mən bunu başa düşürəm. Mən tarixdən misal gətirəcəyəm. Həzrəti Əlinin xəlifəliyi zamanında Xilafət Ərəbistandan başlayıb Asiyaya, hətta Avropaya qədər uzanırdı. Bir dəfə onun bir yəhudi ilə fikir ayrılığı yarandı. Yəhudi, Əlini məhkəməyə çağırdı. Əli məhkəməyə gəldi. Hakim Əlini görən kimi, tələsik ayağa qalxdı. Əli acıqlı halda ona “niyə sən mən gələndə ayağa qalxdın, amma yəhudi gələndə yox? Hakim qarşısında tərəflər bərabər olmalıdır!” dedi. Sonra isə məhkəmənin onun əleyhinə çıxardığı qərara tabe oldu. Mən sizdən soruşuram: mənə bundan böyük demokratiya göstərə bilərsinizmi?

– İmam, demokratiyanın sizin danışdığınızdan daha geniş mənası var. İranlılar biz əcnəbilər kimi, İslam respublikasının hansı istiqamətə getməsini, harada dayanacağını başa düşmürlər.

– Əgər siz əcnəbliər bunu başa düşmürsünzsə, bu, sizin üçün pisdir. Bütün hallarda bunun sizə dəxli yoxdur. Bizim seçkilərin sizə heç bir aidiyyəti olmamalıdır. Əgər bunu bəzi iranlılar da başa düşmürsə, bu, onlar üçün pisdir. Bu o deməkdir ki, onlar İslamı anlamayıblar.

– İmam, ancaq onlar ruhanilər tərəfindən yürüdülən despotizmi başa düşüblər. Yeni Konstitusyaya görə, dövlət başçısı ali dini rəhbər sayılır. Prinsipial qərarlar Quranı yaxşı bilən ruhanilər tərəfindən veriləcək. Bu, siyasətin ruhanilərin əlinə keçməsi demək deyilmi? 

– Xalqın etimad göstərəcəyi bu qanun demokratiya ilə heç bir halda ziddiyyət təşkil etmir. Ona görə ki, xalq ruhaniləri sevir, onlara etibar edir və istəyir ki, ruhanilər rəhbərlik etsinlər. Doğrudur, ali ruhani rəhbərlik baş nazirin, yaxud prezidentin səhvlərinin qarşısını almaq, Qurana qarşı getməmələri üçün onun fəaliyyətini müşahidə edir. Bu, ya ali dini rəhbər, ya da ruhanilərdən ibarət qrup olacaq. Məsələn, İslamın beş bilicisi İslam hökmlərinə uyğun məhkəmə qura biləcək.

– O zaman ruhanilər tərəfindən həyata keçiriləcək məhkəməyə dair suallara keçək. İranda inqilabdan sonra həyata keçirilmiş 500 nəfərin güllələnməsindən danışaq. Siz belə sadə qaydanı – apellyasiyasız və vəkilsiz baş tutan prosesi dəstəkləyirsiniz?

– Görünür, siz Qərbdəkilər güllələnənlərin kim olduğunu ya bilmirsiniz, ya da özünü elə göstərirsiniz ki, guya bilmirisniz. Söhbət küçələrdə və meydanlarda insanların qətlamında iştirak etmiş, evləri yandırmış, istintaqda adamlara işgəncə vermiş, əl-ayaqlarını mişarlamış adamlardan gedir. O adamlar ki, bizim gəncləri diri-diri mişarla doğrayıblar, qəfəsdə yandırıblar. Onlarla necə davranmalı idik? Əfv etməli idik? Azadlığa buraxmalı idik? Biz onlara müdafiə olunmaq və ittihamlara cavab vermək icazəsi verdik. Onların günahı subut edildikdən sonra apellyasiyanın nə mənası? Siz mənimlə razılaşmaya, əksini yaza bilərsiniz. Qələm əlinizdədir. Amma mənim xalqım sizin verdiyiniz sualları vermir. Və mən əlavə edirəm: əgər biz müdaxilə etməsəydik, onları güllələməsəydik, xalq nəzarətsiz şəkildə özü intiqam alacaqdı. Rejimin istənilən funksioneri edam ediləcəkdi. İndi bu rəqəm, sadəcə, beş yüzdür. Əks təqdirdə, minlərlə adam öldürüləcəkdi.

– Razıyam. Amma mən söhbəti SAVAK-dan olan sadist və qatillərin üzərinə gətirmək istəmədim. Mən köhnə rejimlə heç bir əlaqəsi olmayan, zina, fahişəlik, homoseksual davranışa görə güllələnmiş adamları nəzərdə tuturdum. Sizcə, bədbəxt fahişəni və ərinə, arvadına xəyanət etmiş kişi və qadını güllələmək ədalətlidir? 

– Əgər bir barmaqda qanqrena başlanıbsa, nə etməli? Beləcə saxlayıb gözləmək ki, bu, bütün ələ, sonra bədənə keçsin? Yoxsa həmin qanqrena olmuş barmağı kəsmək yaxşıdır? Mən bilirəm, qadına yad kişilərlə, kişilərə kişi  ilə əylənmək icazəsi verən cəmiyyətlər var. Ancaq bizim qurmaq istədiyimiz cəmiyyət buna icazə vermir.  İslama uyğun olaraq biz cəmiyyəti saflaşdıran siyasət yürütmək istəyirik. Bunun üçün isə pislik yayan, gəncləri pozanları cəzalandırmaq lazımdır. Bu, sizin xoşunuza gəlsə də, gəlməsə də, biz belə pis adamların pisliklərin yaymasına imkan verə bilmərik. Bəyəm siz belə etməzsiniz? Oğrunu həbsxanaya salmırsınız? Bir çox ölkələrdə qatilləri edam etmirlər? Pislik yayanları alaq otları kimi məhv etmək lazımdır. Onlar kökündən təmizləndikdən sonra ölkə təmizlənəcək.

– İmam, axı SAVAK-ın vəhşiliyini öz seksual azadlığını reallaşdırmaq istəyən vətəndaşlarla necə eyni tərəziyə qoymaq olar? Elə homoseksuallığa görə dünən güllələnmiş gəncin məsələsini götürün…

– Bu, əxlaqsızlıqdır, əxlaqsızlıqdır… Əxlaqsızlığı məhv eləmək lazımdır.

– Ya da 18 yaşlı, hamilə olduğu deyilən qızın işinə baxın. Bu binəva Besxaredə zinaya görə bir neçə həftə bundan əvvəl güllələnib… 

– Hamilə? Bu yalandır. Guya, qadınların döşlərinin kəsilməsi barədə əhvalat kimi yalandır. İslamda belə şeylər olmur. Hamilə qadını güllələmirlər.

– İmam, bütün İran jurnalları bu barədə yazdı, televiziyalarda da məsələ ilə bağlı debatlar oldu ki, nə üçün onun məşuqu olan kişi yalnız 100 şallaq cəzası aldı… 

– Əgər bu belədirsə, deməli, o, layiqli cəzasını alıb. Mən yalnız bunu bilirəm. Qadın isə, görünür, nəsə çox ciddi bir şey edib. Bunu hökm çıxaran hakimdən soruşun. Bəsdir, daha belə şeylər barədə danışdıq. Bu, mühüm deyil.

“Mən güllələnmənin çox olmasını istəməzdim” 

 

– Onda gəlin, kürdlər barədə danışaq. Onları muxtariyyət istədiklərinə görə güllələyirlər…

 – Güllələnən kürdlər kürd xalqı deyil. Onlar xalqa və inqilaba qarşı dağıdıcı fəaliyyət göstərənlərdir. Dünən güllələnmiş şəxsə baxın. O, 13 nəfəri öldürüb. Mən güllələnmənin çox olmasını istəməzdim, amma belə tiplər ələ keçəndə onları öldürürlər. Mən bundan böyük zövq alıram – bax, belə…

– Bəs kommunist vərəqələri yayanları həbs edəndə necə? Məsələn, bu gün səhər beş nəfəri həbs olunub… 

– Əgər onları həbs ediblərsə, deməli, onlar buna layiqdirlər. Əcnəbilərə işləyən kommunistlər saxta kommunistlərdir. Onlar Amerikanın və şahın maraqları naminə fəlaiyyət göstərirlər. Bəsdir, kifayətdir. Mən dedim ki, daha bu barədə danışmaq kifayətdir.

 

“Əgər ölülər dirilsə, o zaman şahı bağışlayaram…” 

– Yaxşı, onda şahdan danışaq. İmam, siz fərman vermisiniz ki, xaricdə şahı aradan götürsünlər. Bunu kim edəcəksə, qəhrəman sayılacaq. Əgər əməliyyat zamanı həlak olarsa, cənnətə düşəcək…

– Yox. Mən yox! Mən istəyirəm ki, şahı İrana gətirsinlər və İran xalqına qarşı 50 illik cinayətlərinə, satqınlığına və talana görə mühakimə olunsun. Əgər onu xaricdə öldürsələr, onun bütün pulları bizim üçün itiriləcək. Yox, əgər onu məhkəmədə mühakimə edə bilsək, pulları geri alacağıq. Yox, yox, mən istəmirəm ki, onu orada öldürsünlər. Mən istəyirəm ki, o, burada baş versin. Burada… Buna görə mən onun sağlam olmasın üçün dua edirəm.

– Əgər şah pulları qaytarsa, onun təqibini dayandıracaqsınız? 

– Belə olarsa, pula görə onu təqib etməyəcəyik. Amma ölkə və İslam qarşısında satqınlığına görə hesab verməlidir16 il əvvəlki 15 xordad qırğınını, ötənilki Qara Cüməni ona necə bağışlamaq olar? Özündən sonra qoyduğu ölümləri necə bağışlamaq olar? Əgər ölülər diriləsəydi, qaytardığı pullara görə onu bağışlaya bilərdim.

– Şahın xüsusi əməliyyatla geri gətirilməsi barədə əmr şahın ailə üzvərinə də aiddir?

– Yalnız cinayət törədənlər günahkardırlar. Əgər ailə heç bir cinayətdə iştirak etməyibsə, onları mühakimə etməyə səbəb görmürəm. Şah ailəsinə mənsub olmaq heç bir halda cinayət deyil. Məsələn, onun oğlu Rza özünü cinayətlərə bulaşdırmayıb. Ona görə də mənim ona qarşı heç bir iddiam yoxdur. O, nə vaxt istəsə İrana qayıda və burada adi vətəndaş kimi yaşaya bilər. Qoy gəlsin!

– O gəlməyəcək. Bəs şahın arvadı Fərəh Diba?

– Onun haqqında, qoy, məhkəmə qərar versin.

– Bəs şahın bacısı Əşrəf? 

– Əşrəf də şah kimi satqındır. Onu cinayətlərinə görə məhkəməyə vermək və ölümə məhkum etmək lazımdır.

– Bəs sabiq baş nazir Şapur Bəxtiyar necə? O deyir ki, öz postuna qayıdacaq. Bildirir ki, hətta artıq hökuməti də hazırdır. İndiki hökuməti əvəz etmək niyyətindədir… 

– Bəxtiyarı güllələmək lazım olub-olmadığını mən indi deyə bilmərəm. Amma əminəm ki, onu mühakimə etmək lazımdır. Qoy qayıtsın… Hətta öz yeni hökumətini də götürüb qayıtsın. Şahını da götürüb gəlsin. Müttəhimlər kürsüsündə birgə oturarlar. Etiraf edim ki, çox istərdim, Bəxtiyarın şahla birgə əl-ələ bağlanaraq gətirilməsini görüm. Mən bunu gözləyirəm.

– Belə görünür, Bəxtiyar da ölümə məhkumdur. İmam Xomeyni, siz nə vaxtsa insanları əfv etmisiniz? Nə vaxtsa kiməsə qarşı mərhəmət nümayiş etdirmisinizmi? Nə vaxtsa ağlamısınızmı?

– Mən ağlayıram, gülürəm, əzab çəkirəm. Fikirləşirsiniz ki, mən canlı insan deyiləm? Bağışlamağa qaldıqda, mənə zülm etmiş şəxslərin çoxunu bağışlamışam. Mən polis, jandarma və digər çoxlu adamlar üçün amnistiya vermişəm. Bir şərtlə ki, onlar işgəncələrdə iştirak etməyiblər, ciddi iyrəncliklər etməyiblər. Ən nəhayət, mən kürd qiyamçılarını əfv etmişəm. Hesab edirəm ki, bununla mərhəmət nümayiş etdirmişəm. Amma haqqında danışdıqlarmıza isə aman yoxdur. İndi isə daha bəsdir… Mən yoruldum, daha bəsdir…

“İnqilab edən qadınlar İslama uyğun geyinmiş qadınlar idi”

 – İmam, sizdən xahiş edirəm: Sizdən hələ daha çox şey soruşmalıyam. Məsələn, çadra haqqında. Məni sizinlə görüş zamanı məcbur etdilər ki, bunu örtüm. Təkcə başımı yox, bütün bədənimi… Siz bunu bütün qadınların geyməsini istəyirsiniz. Deyin, Siz nə üçün qadınları bunu geyinməyə məcbur edirsiniz? Axı bu çadrada normal hərəkət etmək, işləmək çətindir. Şaha qarşı mübarizədə qadınlar özlərini kişilərlə bərabər göstərdilər. Onları da həbs etdilər, işgəncə verdilər. Onlar inqilabda iştirak ediblər…

– İnqilab edən qadınlar İslama uyğun geyinmiş qadınlar idi, daha sizin kimi ənlik-kirşanlı, eleqant, kişiləri dalınca salan yarıçılpaq qadınlar yox! Bər-bəzəkli, paltarı ilə öyünən, küçəyə çıxaraq hamıya öz boynunu, saçlarını, bədən formasını göstərən belələri hələ də şahdan ayrılmayanlardır. Onlardan heç vaxt yaxşı bir nəsə gözlənməyib. Onlar heç bir fayda verməyi bacarmırlar: nə ictimai, nə siyasi, nə də peşəkar… Belələri çılpaq halda peyda olaraq kişiləri cəlb edir və onları çaşdırırlar. Bundan əlavə, onlar digər qadınların da diqqətini cəlb edir və onlar da çaşdırırlar.

– İmam, bu, belə deyil. Bundan başqa, mən təkcə geyim barədə danışmıram. Həm də onun arxasında duranı nəzərdə tuturam.  İnqilabdan sonra qadınların üzləşdiyi ayrı-seçkilik, seqreqasiyadır. Bu faktdır ki, qızlar artıq ali məktəblərdə gənc oğlanlarla bir yerdə oxuya bilməz, dənizdə çimə bilməzlər. Onlar ayrıca yerdə olmalıdırlar. Üstəlik də, çadrada. Çadrada necə üzmək olar? 

– Bütün bunların sizə dəxli yoxdur. Bizim geyim tərzimizin sizə aidiyyəti yoxdur. Əgər islami geyim xoşunuza gəlmirsə, heç kim sizi onu taxmağa məcbur edə bilməz. Əgər bu geyim olmasaydı, qadınlar işləyə bilməz, sağlam şəraitdə ola bilməz və fayda gətirə bilməzdilər. Bu, kişilərə də aiddir.

– Kişilər dörd arvad almağı icazə verən qanunu da nəzərə almalıdır. İmam, bu belədir? 

– Dörd arvad haqqında qanun çox proqressiv qanundur.  O, qadının xeyri üçün nəzərdə tutulub. Qadınlar kişilərdən çoxdur. Qızlar daha çox doğulur. Müharibələrdə isə kişilər daha çox həlak olur. Qadına kişi lazımdır. Əgər dünyada qadın kişidən çoxdursa, o zaman biz nə etməliyik? Siz hesab edirsiniz ki, qadınlar bir arvadı olan kişi ilə qanuni nikaha girməkdənsə, fahişə olsunlar? Mən bunu ədalətli saymıram. Mən deyirəm: çətin şəraitlərdə İslam bir kişinin bir neçə qadınla evlənməsinə icazə verir. Burada bərabər davranış, qadınlara qarşı eyni diqqət əsas kimi nəzərdə tutulur.

– İmam Xomeyni, amma söhbət 1400 il əvvəlki qanun və ənənələrdən gedir. Hesab etmirsinizmi, bu vaxt ərzində dünya xeyli qabağa gedib? Siz bu qanunlara söykənməklə musiqiyə və alkoqola da qadağa qoymusunuz. Mənə izah edin: nə üçün bir qədəh şərab, yaxud pivə içmək günah sayılır? Nə üçün musiqiyə qulaq asmaq günahdır? Bizim keşişlər içirlər, oxuyurlar. Hətta Roma Papası belə… Bu o deməkdir ki, Papa günahkardır?

– Sizin keşişlərin qaydaları məni maraqlandırmır. İslam spirtli içkini qadağan edir, vəssalam. Bu içkilər şüurda qaranlıq yaradır və aydın düşünməyə mane olur. Musiqi də həmçinin… Narkotik kimi ləzzət və ekstaz yaradır. Mən sizin musiqiləri nəzərdə tuturam. Adətən, onlar ruhu qidalandırmır, onu yatırdır. Belə musiqilər bizim gəncləri yayındırır…

– Hətta Bax, Bethoven və Verdinin musiqiləri belə? 

– Mən onların kim olduğunu bilmirəm. Əgər onlar beyinləri dumanlandırmırsa, qadağan edilməyəcək. Sizin bəzi musiqiləriniz qadağan edilməyib: məsələn, marş və himnlər. Marşlar gəncləri hərəkət etməyə vadar edir, vətən üçün çalışmağa çağırır. Bəli, sizin marşlara icazə verilib.

“Qərbdən o qədər pislik, əzab görmüşük ki…” 

– İmam Xomeyni, siz həmişə Qərb haqqında kəskin ifadələr işlədirsiniz. Bütün pisliklərin, pozğunluğun səbəbini bizdə görürsünüz. Bununla yanaşı, siz sürgündə olarkən məhz Qərb sizi qəbul etdi, sizin bir çox tərəfdarlarınız Qərbdə oxuyublar. Sizə elə gəlmirmi bizdə də yaxşı olan nəsə var? 

– Nəsə var, əlbəttə… Amma əgər səni nə vaxtsa ilan sancıbsa, sən hətta ilana oxşayan kəndirdən belə qorxursan. Siz isə bizi dəfələrlə dişləmisiniz. Uzun illər boyu. Siz bizə həmişə bazar kimi baxmısınız. Ən axmaq şeyləri həmişə bura idxal etmisiniz. Yaxşı olanları, məsələn, texniki tərəqqini özünüzə saxlamısınız. Qərbdən o qədər pislik, əzab görmüşük ki, bu gün Qərbdən qorxmağa, gənclərimizə Qərblə yaxınlaşmağa imkan verməmək üçün əsasımız var.  Xeyr, gənclərimizin Qərbə gedib oxuması mənim xoşuma gəlmir. Orada onlar alkoqolun, düşünməyə imkan verməyən musiqinin, narkotikin, çılpaq qadınların təsiri ilə mənəvi cəhətdən aşınır. Hələ onu demirəm ki, bizim tələbələrə Qərbdə özünüzünkü kimi yanaşmırsınız. Onlara hətta savadsız olsa da, diplom verirsiniz.

– İmam, amma vətənə qayıtdığınız təyyarə Qərbdə düzəldilib. Qumda danışdığınız telefon, hər gün xalqa müraciət etdiyiniz televizor da… İsti səhrada sizi sərinlədən kondisioner də Qərbdə ixtira edilib. O zaman niyə bizim bu “yalançı” texnikadan istifadə edirsiniz?

– Ona görə ki, saydıqlarınız Qərbdə elə yaxşı olanların içində olanlardır. Bunlardan biz qorxmuruq və istifadə edirik. Biz sizin elm və texnikanızdan yox, ideyalarınızdan və geyiminizdən qorxuruq. Bu o deməkdir ki, biz sizdən siyasi və sosial cəhətdən qorxuruq. İstəyirik ki, bu ölkə bizim olsun, bizim siyasətə və iqtisadiyyata qarışmayasınız. Bizim ənənələr isə daxili işimizdir. Biz buna qarşı çıxanlara, – fərqi yoxdur sol ya sağ, – gedəcəyik. İndi isə daha bəsdir. Gedin… Çıxın… 

– İmam, sonuncu sual. Son günlərdə mən İranı dolaşdım və xeyli sayda narazı, çoxlu iğtişaş, xaos gördüm. İnqilab özünün vəd etdiyi yaxşı meyvələrini gətirmədi. Ölkə qaranlıq sularda üzür, kim bilir, İranı bu qaranlıqda nə gözləyir. Burada uzaq gələcəkdə də olsa belə, vətəndaş müharibəsi üçün səbəb, yaxud dövlət çevrilişi üçün zəmin görünür. Mənə nə cavab verərdiniz? 

– Bunları deyərdim: biz altı aylıq körpəyik. Bizim inqilabın hələ indi altı ayı tamam olub. Biz hələ yenicə yolumza başlamışıq. Siz çəyirtkə basmış zəmidə, 2500 illik qıtlıqdan, 50 illik zəhərlənmiş məhsuldan sonra doğlumuş bu altı aylıq körpədən nə istəyirsiniz? Belə keçmişi bir neçə aya, ilə  aşmaq olmaz. Bizə zaman lazımdır. Bizə vaxt verilməsini xahiş edirik. İlk olaraq özünü demokrat, kommunist, daha nə bilim nə adlandıranlardan xahiş edirik. Onlar bizə zaman vermirlər. Onlar bizə hücum edir, vətəndaş müharibəsinə, dövlət çevrilişinə çağırır (Bu baş verməyəcək, çünki xalq yekdildir). Xaosu onlar dəstəkləyir, onunla qidalanırlar. Təkrar edirəm: onlar – özünü kommunist, demokrat və s. adlandırlanlar. Bununla da sizinlə vidalaşıram…

– Əlvida…

Tərcümə etdi:

Xaqani SƏFƏROĞLU