Xuliqanlıqda təqsirləndirilən MMA idmançılarının məhkəməsi başlayıb

Xuliqanlıqda ittiham olunan MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri – Xəzər Rüstəmov, Vüqar Kərəmov, Rüfət Əsədov və Tofiq Musayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bu gün Səbail rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmədə elan olunub ki, təqsirləndirilən şəxslərdən Tofiq Musayev barəsində polis nəzarəti qətimkan tədbiri, digər təqsirləndirilən şəxslər barəsində isə həbs qətimkan tədbiri seçilib.

Prosesdə Tofiq Musayev və Ruslan Əfəndiyevin vəkilləri müdafiə etdikləri şəxslərin əməllərində cinayət tərkibi olmadığı üçün işə bəraətverici əsaslarla xitam verilməsini istəyiblər.

Bundan başqa, vəkillər müdafiə etdikləri şəxslər barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması və prosesin qapalı keçirilməsi ilə bağlı vəsatətlər veriblər.

Vüqar Kərəmovun vəkili bildirib ki, müdafiə etdiyi şəxsin dayısı Birinci Qarabağ müharibəsinində itkin düşüb: “Bu yaxınlarda şəhidin nəşi tapılıb və dəfn edilib: “Vüqar Kərəmov dayısının nə dəfnində, nə də mərasimdə iştirak edə bilib. 40 mərasimi yaxın günlərdə keçiriləcək, orada iştirak etməsi üçün ev dustaqlığına buraxılmasını xahiş edirik”.

Ənvər Əfəndiyevin vəkili isə müvəkkilinin 86 yaşında xəstə anasının onun himayəsində olmasını əsas gətirərək vəsatətinin təmin olunmasını xahiş edib: “Ruslan Əfəndiyev bu ölkə üçün idmançılar yetişdirib. Həmin idmançalar dünyada ölkəmizi təmsil edib, bayrağını ucaldıb, himnini səsləndirib. Bunların nəzərə alınmasını xahiş edirik”.

Məhkəmə vəsatətləri təmin etməyib.

Baxış iclası iyunun 24-nə təyin edilib.

Qeyd edək ki, Azərbaycan MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi Ruslan Əfəndiyev və 3 tələbəsi digər MMA döyüşçüsü Həsən Əzizovun şikayəti əsasında açılmış cinayət işi üzrə həbs edilib.

Dənizkənarı Bulvar Ərazisindəki ticarət-əyləncə mərkəzlərindən birində MMA döyüş növü üzrə yarış keçirilib. Həsən Əzizov yarışın keçirildiyi zala buraxılmayıb. O, zala daxil olmaq istəyərkən münaqişə baş verib və Ruslan Əfəndiyevlə tələbələri idmançını döyərək xəsarətlər yetiriblər. Bundan sonra H.Əzizov tibb müəssisəsinə və polisə müraciət edib.

Hadisə ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

İstintaqın sonunda iş üzrə təqsirləndirilən Mehman Məmmədovun barəsindəki cinayət işinə bəraətverici əsaslarla xitam verilib. (APA)

Əvvəlki məqalə

Təkrar əlillik təyin edilmiş 34 mindən çox şəxs sosial ödənişlərlə təmin edilib

Sonrakı məqalə

Metronun “Neftçilər” stansiyasının yaxınlığında baş verən yanğın söndürülüb