Yaponiya şirkətləri mikrob əleyhinə parça hazırlayıblar –

FOTO
06 İyun 2020 - 11:38

Yaponiyanın elektronika sahəsində tanınmış “Murata Manufacturing” və toxuculuq sahəsində fəaliyyət göstərən “Teijin Frontier” şirkətləri birlikdə mikroblara qarşı elektrik enerjisindən istifadə edən parça hazırlayıblar.

Bu barədə həmin şirkətlərin prezidentləri Osakada keçirilən mətbuat konfransı zamanı bəyan ediblər. Bildirilib ki, həmin parçadan hazırlanmış istənilən geyimi istifadə edən insan hərəkət zamanı bu materialı ya dartır ya da sıxır. Nəticədə elektrik enerjisi yaranır ki, həmin enerji də kimyəvi maddələrdən və ya üzvi həlledicilərdən istifadə etmədən mikrobların sayını azaldır. Bu, eyni zamanda, ətraf mühitə də müsbət təsir göstərir.

Həmin şirkətlər “Pieclex” adlanan parçadan istifadə etməklə idman geyimləri, corablar, tibbi maskalar və digər məhsullar istehsal etməyi planlaşdırırlar. Bu məhsulların satışına isə gələn ilin martında başlamaq nəzərdə tutulur. Həmçinin bu materialın virusa qarşı da səmərəli olduğu bildirilir. Hazırda onun koronavirusa qarşı istifadəsinin mümkünlüyü araşdırılır.

Yeni məhsulu yüksək qiymətləndirən “Murata Manufacturing” şirkətinin prezidenti Murata Tsuneo deyib: “Bu, gələcəyin sərhədsiz imkanlara malik elektrikli parçasıdır”.