Yazıçı-publisist Yunus Oğuzun “Cığır” romanının ictimai müzakirəsi keçirilib

Avqustun 24-də “Azərbaycanın Bütövlüyü Uğrunda” İctimai Birliyin həyata keçirdiyi  “Vətən müharibəsinin təbliğində və vətənpərvərlikdə ictimai rolun artırılması” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.

Abşeron Rayon Mədəniyyət Mərkəzində baş tutan tədbirdə yazıçı-publisist Yunus Oğuzun “Cığır” romanının ictimai müzakirəsi aparılıb. “Cığır” romanının çoxşaxəli olduğunu tədbir iştirakçılarının diqqətinə çatdıran yazıçı- publisist Yunus Oğuz qeyd edib ki, kitabda söhbət təkcə Şuşaya gedən cığırdan getmir: “Əslində hələ Qacarın vaxtında Şuşaya gedən “Nəsrəddin çığırı” adlı bir cığır var idi. 44 günlük Vətən müharibəsində həmin cığırla bizim 400 nəfərdən ibarət əsgər dəstəmiz  yüngül silahlarla Şuşaya qalxdılar. Sözün həqiqi mənasında o sıldırım qayalarla Şuşaya qalxmaq elə də asan məsələ deyil. Lakin bizim əsgərlərimizi torpaq, Vətən sevgisi o zirvələri fəth etməyə ruhlandırdı. Məlum olduğu kimi 1992-ci ildə şuşalılar mənfur düşmənlə əliyalın vuruşurdular. Ermənilər Şuşanın işğal edilməsini “Dağlarda toy” əməliyyatı adlandırırdılar. Elə əslində də ermənilər bizə “toy” tutdular. 44 günlük Vətən müharibəsində əsgərlərimizin getdiyi o cığır təkcə Şuşaya gedən yol deyildi, həm də Azərbaycana yol açan bir cığır idi, ölkəmizi böyük dövlətlər sırasına çıxaran, Azərbaycanı regionda ən güclü dövlət edən çığırdır. Artıq qətiyyətlə demək olar ki, milli qürurumuz, milli namusumuz özümüzə qayıtdı. Atatürkün gözəl bir kəlamı  var: “Millətin namusu onun sınırlarından başlayır”. Ermənilər torpaqlarımızı işğal edərək bizim sərhədlərimizi pozmuşdular, qız-gəlinlərimizi əsir apararaq başlarına min cür oyunlar açırdılar. Amma biz torpaqlarımızı azad edəndə bir erməni qadının belə burnu qanamadı. Bizim davamız erməni qadınları ilə deyil, silahlı hərbçilərlə idi. Biz milli namusumuzu da, milli qeyrətimizi də gözəl bilirik. Milli namusu olmayanlar isə ermənilərdir. Çünki bu toplumun milli kökü yoxdur, qaraçıdılar”.

Y.Oğuz qeyd edib ki, “Cığır” əsərində ilk dəfə olaraq  Ali Baş Komandanın bədii obrazı yaradılıb: “Kitabda Ter-Petrosyan, Paşinyan, Saakyan kimi erməni cəlladlarının da obrazları yaradılıb. Rusların “İsgəndər”in ermənilərə necə verilməsi əks olunub. Bütün sadalananlar təbii ki, millətimizin tarixidir. Mən də fikirləşdim ki, ərsəyə gətirdiyim tarixi romanlarda bu kimi faktları əks etdirim. Mənim 15-ə qədər tarixi romanım var. 22 dövlətdə 47 kitabım çapdan çıxıb. Həmin kitablarda min illik tariximizi yazmışam. Əslində 44 günlük müharibədən yazmaq istəmirdim. Ancaq tale elə gətirdi ki, bu zəfər səlnaməsindən mən də yazmalı oldum və tarixin ədəbiyyata köçürülməsində mənim də rolum oldu. Beləliklə xalqımızın qəhrəmanlığını göstərdim, Azərbaycan xalqının necə qəhrəman xalq olduğunu dünyaya çatdıra bildim. Kitabı ərsəyə gətirmək üçün orada əks olunan obrazların əksəriyyəti ilə görüşərək təəssüratlarını dinləmişəm. Gəldiyim qənaət ondan ibarət oldu ki, sadə Azərbaycan vətəndaşı 44 günlük müharibəyə təmənnasız olaraq öz töhfəsini verməklə vicdan borcunu yerinə yetirib. Beləliklə millətin hər bir nümayəndəsi həm arxa, həm də ön cəbhədə qəhrəmanlıq göstərib. Amma mən çalışmışam ki, bütün bunları ümumi şəkildə yazım. Müharibə hələ davam edir. Bizim hədəflərimiz isə böyükdür. Yaxın hədəfimiz Qarabağı azad etmək, uzaq hədəfimiz isə ərazi bütövlüyümüzü təmin etməkdir. Son iki ayda Laçın Keçid Məntəqəsindən 2500 erməni keçib, geri qayıdan isə yoxdur. Bunlar əsasən Birinci Qarabağ savaşında iştirak edənlərdir”.

Y.Oğuz qeyd edib ki, dünyada heç bir millətin başına bu qədər müsibət gətirilməyib: “Bizim başımıza ona görə bu qədər müsibətlər gəlib ki, Vətənimiz olub, dövlətimiz olmayıb. Dövlətin isə ordusu, ordu təminatı, hərbi kadrları olur. Məhz belə pərakəndəliyin ucbatından Birinci Qarabağ müharibəsində  30 mindən çox şəhidimiz oldu. İndi isə dövlətçiliyimiz, dövlət idarəçiliyimiz var və qələbələrə doğru inamla addımlayırıq”.

Qarabağ müharibəsi iştirakçısı Vidadi Əliyev qeyd edib ki, Yunus Oğuzun əsərləri gənclərin vətənpərvərlik ruhunun inkişaf etməsində mühüm rol oynayır: “Mən sizin əsərlərinizi oxumuşam. Deyə bilərəm ki, böyük əksəriyyəti vətənpərvərliyin tərənnümünə xidmət edir. İstərdik ki, belə əsərlərin sayı daha çox olsun, qəhrəman əsgərlərimiz barədə filmlər çəkilsin. Çox təəssüf ki, indiyə qədər Aprel döyüşləri barədə filmimiz yoxdur. Əsgərlər cəbhədə öz sözlərini deyiblər, indi söz siz yaradıcı insanlarındır”.

Şuşadan, şəhidlərdən, qəhrəmanlardan yazdığına görə, Yunus Oğuza minnətdarlığını bildirən Qarabağ Müharibəsi iştirakçısı Tahirə Hüseynova qeyd edib ki, belə əsərlər gənclərin vətənpərvər ruhda tərbiyəsi üçün böyük töhvədir: “Prezident çıxışında qeyd etdi ki, “Şuşanı almasaydıq işimiz yarımçıq qalardı”. Mən özümün 25 illik hərbi xidmətimin 4 ilini Qarabağda keçirmişəm. Bizim kifayət qədər qəhrəman oğularımız, mərd, mübariz qazilərimiz var. İstərdik ki, yazıçılarımız həmin qəhrəmanların şücaətindən yazsınlar. Hələ qarşıda Zəngəzur, Xocalı kimi həllini gözləyən hədəflərimiz var. İnanırıq ki, qarşıya qoyulan bütün hədəflərə çatacağıq. Sirr deyil ki, 44 günlük Vətən müharibəsində gənclərimiz qələbə ruhunu Vətən sevgisindən aldılar. Etiraf edilməlidir ki, bizim gənclərə verdiyimiz tərbiyə  heç bir dövlətdə yoxdur”.

Abşeron Rayon Şəhid Ailələri, Əlilləri və Müharibə Veteranlarının Müdafiəsi İctimai Birliyinin sədri Saleh Hacıyev qeyd edib ki, gənclər arasında vətənpərvərlik ruhunun təbliği vacib şərtdir: “Bizi döyüşdən-döyüşə aparan gənclərin vətənpərvərlik ruhu idi. Ordu ilə xalqın birliyi, Ali Baş Komandanın yüksək səviyyədə həyata keçirdiyi hərbi siyasət qələbənin təməlini təşkil etdi. Bütün sadalananlar deməyə əsas verir ki, gənclərimizin vətənpərvərlik ruhda tərbiyəsi uşaq bağçalarından, orta məktəblərdən başlanmalıdır. Yalnız bu halda vətənpərvər gənclər yetişdirə bilərik”.

Sonda tədbir iştirakçılarına təmənnasız olaraq “Cığır” romanı paylanıb.

Əvvəlki məqalə

DİM ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunanların statistikasını

Sonrakı məqalə

Karlsen Bakıda şahmat üzrə Dünya Kubokunu qazandı