ABŞ Suriyada hərbçilərin minalardan təmizləmə üzrə təlimi ilə bağlı planları müzakirə edir.

Bu barədə “Reuters” agentliyi beş mənbəyə istinadən məlumat yayıb.

Bu, 2024-cü ildə keçmiş üsyançıların Dəməşqdə hakimiyyəti ələ keçirməsindən sonra ABŞ-ın Suriya hərbçiləri ilə həyata keçirəcəyi ilk təlim missiyası olacaq.

Mənbələrin bildirdiyinə görə, çoxmillətli təlim missiyasının təşkili təklifi hələ də ABŞ-da hüquqi maneələrlə və Suriya ordusunun bəzi nümayəndələrinin şübhə və etirazları ilə üzləşir.

Lakin təklif qəbul edilərsə, ABŞ gələn il Suriyaya kiçik hərbi kontingentini yenidən göndərə bilər. Bu, “İslam Dövləti” terror təşkilatına qarşı mübarizə aparan və on il ərzində Suriyada fəaliyyət göstərən hərbi kontingentin çıxarılmasından cəmi bir il sonra baş verə bilər.

Mənbənin sözlərinə görə, təlim proqramında ABŞ-ın təxminən 15 müttəfiqinin nümayəndələri də iştirak edəcək. Onların arasında Böyük Britaniya, Fransa, Almaniya, Avstraliya, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri var.

N.Talıblı