İranın Neft Nazirliyi Azərbaycanla İrana qaz tranziti məsələsi üzrə danışıqlar apardığını açıqlayıb.
Bu barədə İranın neft nazirinin səlahiyyətlərini icra edən Həmid Bord məlumat verib.
Azpost.info bildirir ki, onun sözlərini “Tasnim” agentliyi yayıb.
Bord bildirib ki, Neft Nazirliyinin əsas strategiyası hasilatın artırılması və ixracın sabitləşdirilməsidir. Nazirlik diqqətini gündəlik hesabatların mediada işıqlandırılmasına deyil, real nəticələrə yönəldib.
O, “Cənubi Pars” qaz yatağının zədələnmiş hissəsinin bərpası məsələsinə də toxunub. Bildirib ki, yatağın sıradan çıxmış qalan hissəsinin mümkün qədər tez yenidən istismara qaytarılması istiqamətində işlər davam etdirilir.
İran rəsmisinin sözlərinə görə, ölkə hasilatı maksimum səviyyəyə çatdırmağa çalışır. Bununla yanaşı, əhalinin də enerjidən səmərəli istifadə məsələsində hökumətlə əməkdaşlıq etməsi vacibdir.
Bord əlavə edib ki, mövcud istehsal güclərinin tam bərpası hasilatın dayanıqlılığından və əhalinin istehlakı ağıllı şəkildə idarə etməsindən asılı olan prosesdir.
Bununla yanaşı, İran Xəzər dənizindəki neft yataqlarının işlənməsi ilə bağlı danışıqları da davam etdirir. Həmid Bord bildirib ki, bu sahədə əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr aparılır.
İran tərəfinin açıqlamasında qaz tranzitinin hansı istiqamətdə həyata keçiriləcəyi, həcmi və mümkün marşrutu barədə konkret məlumat verilməyib. Azərbaycan tərəfinin məsələ ilə bağlı açıqlaması da hələlik yoxdur.
S. Abdulla