Eurojackpot lotereyasının növbəti tirajında iştirakçılardan biri böyük uğur qazanaraq 10 milyon avro məbləğində cekpotun sahibi olub.

Azpost.info bildirir ki, bu barədə Qərbi Almaniya Lotereyası məlumat yayıb.

İsveçdən olan iştirakçı Eurojackpot-un bütün uduşlu rəqəmlərini – 15, 28, 29, 34 və 35-i, həmçinin iki əlavə avro rəqəmini – 5 və 9-u düzgün təxmin edən yeganə şəxs olub. Beləliklə, baş mükafat Skandinaviyaya gedib.

İkinci mükafat kateqoriyasında isə beş əsas rəqəmdən hamısını və əlavə avro rəqəmlərindən birini düzgün tapan üç iştirakçı olub. Onlar Hessen federal torpağından (Almaniya), Norveçdən və İsveçdən olan oyunçulardır.

“Bild” nəşrinin məlumatına görə, qaliblərin hər biri 579 803,80 avro qazanacaq.

Eurojackpot lotereyasının tirajları hər həftənin çərşənbə axşamı və cümə günləri Helsinkidə keçirilir. İştirakçılar 50 mümkün rəqəm arasından beş əsas rəqəmi, 1-dən 12-yə qədər olan rəqəmlər arasından isə iki əlavə avro rəqəmini seçirlər.

Oyunun məqsədi tiraj zamanı çıxacaq rəqəmləri əvvəlcədən mümkün qədər dəqiq təxmin etməkdir.

Eurojackpot-da hər tiraj üzrə baş mükafatın minimum məbləği 10 milyon avro təşkil edir. Cekpotun maksimum həddi isə 120 milyon avrodur.

Sunay Aydın