“Yüksəliş”in onlayn mərhələsinin nəticələri açıqlanıb

Mayın 16-da 3-cü “Yüksəliş” müsabiqəsinin onlayn mərhələsinin nəticələri açıqlanıb.

Onlayn mərhələnin ikinci turu olan qabiliyyət üzrə imtahanda iştirak edən 7024 nəfər namizəddən 1325 nəfər növbəti əyani mərhələdə iştirak etmək hüququ qazanıb. Növbəti mərhələyə uğurla keçən namizədlərin 1095-i kişi, 230-u qadındır. İştirakçılardan 404 nəfəri ikinci, 220 nəfəri isə müsabiqəyə üçüncü dəfə qatılıb.

Müsabiqədə ədalətli rəqabəti təmin etmək məqsədilə test sualları bir çox beynəlxalq sistemdə tətbiq edilən T-şkala ilə qiymətləndirilib. T-şkalası təhsil üzrə test xidməti tərəfindən təsdiqlənən və bir çox beynəlxalq imtahanlarda (Toefl, GMAT, SAT və s.) tətbiq olunan üsuldur. Nəticələrə əsasən maksimal T-bal 776, o cümlədən keçid balı 580 təyin edilib.

Qarşıda iştirakçıları müsabiqənin əyani mərhələsi gözləyir. Əyani mərhələ qabiliyyət üzrə yoxlama və idarəetmə bacarıqları üzrə olmaqla 2 imtahandan ibarətdir. Əyani mərhələnin idarəetmə bacarıqları üzrə imtahanına yalnız qabiliyyət üzrə yoxlama imtahanından uğurla keçən iştirakçılar buraxılacaq.

“Yüksəliş” müsabiqəsinin 20 qalibini 1 il ərzində idarəçi rəhbərlərdən – iri şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20.000 AZN dəyərində pul mükafatı gözləyir.

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) tərəfindən 1 illik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.

Qeyd edək ki, növbəti, sayca 3-cü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 20 dekabr 2022-ci il tarixində Sərəncam imzalanıb.

Əvvəlki məqalə

Ali Rada Rusiyaya aparılmış ukraynalı uşaqlarla bağlı Azərbaycandan kömək istəyib

Sonrakı məqalə

Mirzoyanın müavini Azərbaycanla danışıqların gedişatını şərh edib