Yuri Qaqarini kosmosa göndərən azərbaycanlı generalın baxımsız məzarı –Kərim Kərimov unudulub? / VİDEO

Kosmosun fəthi tarixində mühüm rol oynamış görkəmli azərbaycanlı alim və hərbi xadim, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı, general-leytenant Kərim Kərimovun Moskvadakı məzarı baxımsız vəziyyətdədir.

AzPost.info xəbər verir ki, 2003-cü ildə vəfat edən Kərim Kərimov Rusiyanın paytaxtında dəfn olunub. Uzun illərdən sonra Rusiyada yaşayan həmyerlimiz, Lomonosov adına Moskva Dövlət Universitetinin məzunu, şərqşünas Ramiz Mikayılov generalın məzarını axtarıb tapıb.

Yayılan görüntülərdən məlum olur ki, məzar uzun müddətdir ziyarət olunmayıb. Ərazini ot basıb, qəbrin kiçik dəmir darvazası isə sökülüb. Görüntülər Azərbaycanın kosmonavtika tarixində mühüm iz qoymuş şəxsiyyətlərindən birinin xatirəsinə lazımi diqqətin göstərilmədiyini ortaya qoyur.

Ümid edirik ki, bu görüntülər Azərbaycanın Rusiyadakı səfirliyinin, Moskvada fəaliyyət göstərən azərbaycanlı iş adamlarının və diaspor təşkilatlarının diqqətini çəkəcək, generalın məzarı layiq olduğu qayğı ilə əhatə olunacaq.

Kosmosun fəthində mühüm rol oynayıb

Kərim Abbasəli oğlu Kərimov 1917-ci il noyabrın 14-də Bakıda anadan olub. Azərbaycan Sənaye İnstitutunu bitirdikdən sonra SSRİ Artilleriya Akademiyasında təhsilini davam etdirib və hərbi xidmətə başlayıb.

İkinci Dünya müharibəsi illərində məşhur “Katyuşa” reaktiv yaylım atəşi sistemlərinin istehsalı və qəbulu ilə bağlı mühüm işlər görən Kərim Kərimov sonradan SSRİ Müdafiə Nazirliyində yüksək vəzifələrə yüksəlib.

1965-ci ildə SSRİ-nin Ümumi Maşınqayırma Nazirliyində kosmik raket texnikası üzrə əsas idarəyə rəhbərlik edən Kərim Kərimov, 1966-cı ildə Kosmik Uçuşlar üzrə Dövlət Komissiyasının sədri təyin olunub və 25 il bu vəzifədə çalışıb.

Onun rəhbərliyi ilə “Soyuz” raket daşıyıcıları, “Salyut” orbital stansiyası yaradılıb, daha sonra isə bu layihənin davamı kimi “Mir” orbital stansiyası reallaşdırılıb.

Yuri Qaqarinin tarixi uçuşunda mühüm rolu olub

Baykonur kosmodromunun fəaliyyətə başladığı ilk gündən Dövlət Komissiyasının tərkibində yer alan Kərim Kərimov, dünyada ilk insanın kosmosa göndərilməsi layihəsinin əsas rəhbərlərindən biri olub.

1961-ci ildə Yuri Qaqarinin tarixi kosmik uçuşunun uğurla başa çatmasından sonra onun xidmətləri SSRİ-nin ən ali mükafatlarından biri olan Lenin ordeni ilə qiymətləndirilib.

Kərim Kərimov, həmçinin ballistik raketlər üçün “Don” radioölçmə sisteminin yaradılmasına rəhbərlik edib və kosmik raket texnologiyalarının inkişafına böyük elmi töhfələr verib.

General-leytenant Kərim Kərimov istehsalat və elmi fəaliyyətinə görə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb, iki dəfə Dövlət Mükafatı alıb, çoxsaylı orden və medallarla təltif edilib. Müstəqil Azərbaycan dövləti də onun xidmətlərini yüksək qiymətləndirərək “Şöhrət” ordeni ilə təltif edib.

Kərim Kərimov 2003-cü il martın 29-da Moskvada vəfat edib və həmin şəhərdə də dəfn olunub. Bu gün isə onun məzarının baxımsız vəziyyətdə olması ictimaiyyətdə təəssüf doğuran mənzərə kimi qiymətləndirilir.

X.SƏFƏRLİ

 

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.