Zəlimxan Məmmədli KXCP-yə qayıdır? –"Təklifləri dəyərləndirməkdəyik”

“Siyasi riyakarlığa, yalana, şantaja, despota meylli olan yerə bir daha getmərəm”.

Bu sözləri Azpost.info-ya açıqlamasında bir müddət əvvəl Haqq-Ədalət Partiyasının (HƏP) Ali Məclisinin sədri postundan uzaqlaşdırılan Zəlimxan Məmmədli deyib.

Qeyd edək ki, Z.Məmmədli sosial şəbəkədə yaydığı videomüraciətdə bildirmişdi ki, partiyadan çıxarılması ilə bağlı qərar özünün iştirak etmədiyi HƏP İdarə Heyətinin 25 noyabr tarixili iclasında qəbul edilib.

Müraciətində Məmmədli bildirib ki, son vaxtlar sədr partiyanı nizamnamədənkənar, özü bildiyi kimi idarə edib: “Bu yaxınlarda Rəyasət Heyətini buraxıb, Ali Məclis sədrinin müavinini partiyadan çıxarıb. Bu da zaman-zaman onun və digər üzvlərin ciddi narazlığına səbəb olub. O qərara gəlib ki, Zəlimxanı sındırmaq lazımdır. Salam-kəlamı, çörəyi tapdalayıb, hüququ tapdalayıb, xəyanət edib. Cəsarətlə deyirəm, HƏP-də haqq-ədalət yoxdur, hüquq yoxdur. Bu gün yığışıb desələr adam öldürmək lazımdır, onun da qərarını ala bilər…”.

İddialara HƏP sədri Əli İnsanov cavab verməsə də, İdarə Heyətinin iclasında bildirib ki, HƏP Ali Məclisinin sədri Zəlimxan Məmmədli 25 noyabr 2023-cü ildə HƏP-in Nizamnaməsini kobud surətdə pozduğuna görə partiya sıralarından xaric edilib. Bildirib ki, onun Ali Məclisin sədri məsələsinə baxılması üçün Ali Məclisin növbədənkənar sessiyasının keçirilməsinə ehtiyac var.

Daha sonr o, Ali Məclisin çağrılmasını təklif edib. HƏP Ali Məclisinin sessiyasının partiyanın Mərkəzi Qərargahında 2023-cü il noyabr ayının 30-unda keçirilib. Bu sessiya Z.Məmmədlinin Ali Məclis sədri vəzifəsindən çıxarılmasına səs verib.

Z.Məmmədli saytımıza açıqlamasında bildirib ki, bu hadisədən sonra Ə.İnsanovla nə danışıb, nə də görüşüb: “Bu mənfiliklərin memarı olan Əli İnsanovla isə heç vaxt görüşmərəm”.

Əvvəllər rəhbərliyində təmsil olunduğu Klassik Xalq Cəbhəsi Partiyasından (KXCP) təşkilata dönməklə bağlı təklif alıb-almadığı ilə bağlı sualımıza Z.Məmmədli belə cavab verib: “Müxtəlif təkliflər var. Təklif sahiblərinə təşəkkür edirəm. Təklifləri dostlarla birlikdə dəyərləndirməkdəyik”.

Z.Məmmədli əlavə edib ki, hələlik müstəqil siyasətçi kimi meydandadır: “Ən yaxın zamanda gələcək fəaliyyətimizin konturları haqda cəmiyyətə açıqlamamızı təqdim edəcəyik”.

Anar ABDULLA

Azpost.info

 

Əvvəlki məqalə

“Hərbi yardımın gecikməsi Ukraynanın məğlubiyyət riskini artırır”

Sonrakı məqalə

“Bakının Rusiya ilə bağlı siyasəti düzgündür, qarşıdurma sərfəli deyil” –