“Zalda pulsuz məşq etmək üçün adıma şirkət açılmasına razı oldum” –Səlim Müslümovun məhkəməsi

Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bu gün hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda şahidlər ifadə verib. İclasda ilk olaraq “Şıxlı” MMC-nin rəhbəri Səfadar Cavadov dindirilib.

Şahid deyib ki, onun şirkəti Sumqayıt Əlillər Mərkəzində elan olunmuş tenderdə qalib gəlib. Bundan sonra “Şıxlı” MMC-ya 198 min manat vəsait köçürülüb.

Şahid istintaqda verdiyi ifadəsində şirkətə köçürülən 198 min manatın 42 min manatını “otkat” kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sektor müdiri Dəyanət Fərəcova verdiyini deyib.

Məhkəmədə şahid qismində Tural Hacıyev də dindirilib. Qeyd olunub ki, onun və atası Söhbət Hacıyevin adına 4 şirkət açılıb. Həmin şirkətlər tenderlərdə qalib gələrək Oğuz, Qusar və Xaçmaz rayonlarında əlil və şəhid ailələri üçün evlərin tikintisini həyat keçiriblər. Tikiləcək 9 evə görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin idarə rəisi Natiq Əzizova 45 min manat pul veriblər: “Ümumilikdə 9 ev tikilməli idi. Natiq Əzizov atamı nazirliyə çağırdı, hər evə görə 5 min manat verilməli olduğunu dedi. Natiq Əzizova ümumilikdə 45 min manat pul verdik”.

Şahid qismində ifadə verən Abuzər Babayevin adına isə idman zalında işləyən tanışı şirkət açıb. Şahidin sözlərinə görə, şirkətin hansı məqsədlə açılması və nə ilə məşğul olmasından xəbərsiz olub: “İdman zalında tanışım Nicat xahiş etdi ki, sənin adına bir şirkət təsis etmək istəyirəm. Mən də etiraz etmədim. Zalda idman etmək üçün razılaşdım, buna görə heç vaxt pul vermədim”.

Proses oktyabrın 17-də davam etdiriləcək.

Qeyd edək ki, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub.

Cinayət Məcəlləsinin 179.4 ( xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunan sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra səhhətində yaranan problemlə bağlı ev dustaqlığına buraxılıb.

Səlim Müslümov cinayət işi ilə bağlı dövlətə dəymiş 27 milyon manatın 20 milyonunu ödəyib. Onun 8 milyon manatlıq əmlakı üzərinə həbs qoyulub. (APA)

Əvvəlki məqalə

NATO ölkələrinin müdafiə nazirləri Ukrayna ilə bağlı təcili iclas keçirəcək

Sonrakı məqalə

Daha 15 nəfər COVID-19-a yoluxub, 1 nəfər vəfat edib