“Zaqatalada relyefin mürəkkəbliyi yanğının söndürülməsini çətinləşdirir”- FHN rəsmisi

Zaqatala rayonunun Yuxarı Tala kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə baş vermiş yanğınla mübarizə tədbirləri fasiləsiz olaraq davam etdirilir.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin (DYMH) rəis müavini Nurlan Şabanov bildirib ki, yanğın yüksək dağlıq ərazidə baş verdiyindən əraziyə texnikaları cəlb etmək çox çətindir. Ona görə də əsasən əl əməyindən istifadə olunur. Eyni zamanda, yanğının söndürülməsinə FHN-nin Aviasiya dəstəsinin 2 ədəd helikopteri də cəlb olunub. Hazırda yanğının baş verdiyi ərazidə Zaqatala rayon DYMH-nin 100 nəfər şəxsi heyəti, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin, digər qurumların əməkdaşları, yerli sakinlər fasiləsiz olaraq yanğınla mübarizə aparırlar. Əlavə olaraq, Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 25 nəfər şəxsi heyəti də yanğının söndürülməsində iştirak edir. Ümumilikdə, yanğınla mübarizə tədbirlərinə 250 nəfərədək canlı qüvvə cəlb olunub.

Nurlan Şabanov bildirib ki, relyefin mürəkkəbliyi, havanın isti olması yanğının söndürülməsini çətinləşdirir. Yanğını məhdudlaşdırmaq hələlik mümkün olmayıb, söndürmə işləri davam edir. Yanğın yerinə əlavə olaraq canlı qüvvə və vasitələr cəlb olunub. Hazırda yanğın 12 hektaradək ərazini əhatə edir.

Əvvəlki məqalə

“Bu il riyaziyyat ixtisasında keçid balı BDU-nun Hüquq fakültəsindən yüksək olub”

Sonrakı məqalə

Müəllimlər yeni təyin olunan direktoru məktəbə buraxmayıb qovdular-