Zelenski məşhur rusiyalı jurnalistə Ukrayna vətəndaşlığı verdi

Rusiyalı müxalif jurnalist Aleksandr Nevzorov və həyat yoldaşına Ukrayna vətəndaşlığı verilib.

Azpost.info xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko məlumat verib.

Onun sözlərinə görə, prezident Vladimir Zelenski bununla bağlı fərman imzalayıb. “Aleksandr və Lidiya, cəsarətinizə və dürüstlüyünüzə, müharibənin dayandırılmasına kömək üçün səmimi istəyinizə və real vəziyyətin həqiqi qiymətləndirilməsinə görə sizə təşəkkür edirəm”, – Geraşenko bildirib.

Öz növbəsində Nevzorov “Telegram” kanalında yazıb: “Cinayətkar Rusiya, qurban Ukraynadır. Bunu mübahisələndirmək mümkün deyil. Hər kəs öz seçimini edir – cinayətkara kömək etmək və ya onun qurbanını xilas etmək. Mən qurbanın tərəfini tuturam. Əzab çəkən, narahat, qana bulanmış Ukrayna xalqına mənə öz sıralarında yer verdikləri üçün sonsuz minnətdaram”.

Rusiya İstintaq Komitəsi martın sonunda Aleksandr Nevzorova qarşı cinayət işi açıb. Komitədən bildiriblər ki, jurnalist sosial şəbəkələrdə Rusiya ordusunun Mariupoldakı doğum evini atəşə tutması barədə qəsdən yalan məlumat yayıb. Daha sonra “Roskomnadzor” Baş Prokurorluğun tələbi ilə Nevzorovun saytına girişi məhdudlaşdırıb və onu “xarici media agentləri” reyestrinə daxil edib. Mayın əvvəlində Moskva məhkəməsi Nevzorovun həbsi üçün qiyabi order verib. Lakin həmin vaxt jurnalist artıq Rusiyadan kənarda idi.

Azpost.info

Əvvəlki məqalə

Avropa İttifaqı “Yandex”in rəhbərinə sanksiya tətbiq etdi

Sonrakı məqalə

Avropa İttifaqı Alina Kabayevaya sanksiya tətbiq etdi