Ədliyyə Nazirliyi Pənah Hüseyni sədr kimi qeydə aldı –Partiya qurultayının nəticələrini təsdiqlədi

Azərbaycan Xalq Partiyasının (AXP) V qurultayının nəticələri Ədliyyə Nazirliyi tərəfindən qəbul edilib.

Bu barədə Azpost.info-ya AXP-nin qurucusu və sədri Pənah Hüseyn bildirib.

“Ötən il dekabrın 10-da keçirilən V qurultayının sənədləri Ədliyyə Nazirliyinin Hüquqi Xidmətlər Baş İdarəsi tərəfindən təsdiqlənib. Qanuni nümayəndə kimi də mənim sədr seçilməyim qeydə alınıb. Problem ondan ibarət idi ki, nazirlik “Siyasi partiyalar haqqında” yeni qanunu əsas gətirib yenidən qurultayın keçirilməsini məsələsini irəli sürürdülər. Amma bu məsələ araşdırıldı, bir daha aydın oldu ki, partiyamızın nizamnaməsində nəzərdə tutulan müddət başa çatıb və bu baxımdan, ötən ilin dekabrında qurultayımız keçirmişik”, – deyə AXP sədri əlavə edib.

Pənah Hüseynin sözlərinə görə, hazırda yeni qanuna uyğun olaraq üzvlərin sayının 5000-ə çatdırılması istiqamətində iş aparılır: “Bilirsiniz ki, burada partiyaların yenidən qeydiyyatı nəzərdə tutulur. Yəni, 5000 üzv məsələsi həllini tapdıqdan sonra yenidən qurultay keçirilməli və partiyalar yenidən qeydiyyatdan keçməlidir. Son qurultayımızda 2000-3000 civarında üzv qeydə alınmışdı. Hazırda bu istiqamətdə həm müzakirələr aparır, həm də yerli təşkilatlara müvafiq tapşırıqlarımızı veririk. Üzvlər yeni qanuna uyğun sayda olacaqsa, bütün çətinliklərə baxmayaraq partiya kimi fəaliyyətimizi davam etdirməyi düşünürük”.

Hüseyn

Əvvəlki məqalə

“Putin Avstriyaya gəlsə, həbs olunacaq”

Sonrakı məqalə

“Mirzoyan sülh sazişi üzrə danışıqların mahiyyətini təhrif edir”