Əflatun Amaşov :

“İnternet medianın statusu müəyyən olunmalıdır”
30 Sentyabr 2019 - 14:02

“İnternet medianın kütləvi informasiya vasitəsi kimi hüquqi statusu müəyyənləşməlidir”.

Azpost.info bildirir ki, bu barədə Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov parlamentin bu günkü iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu gün internet media orqanlarının sayı çoxalır. Bu vəziyyətdə onların kütləvi informasiya vasitəsi kimi hüquqi statusu müəyyənləşməlidir: “Qanun müəyyən etməlidir ki, qəzet, jurnal, informasiya agentliyi ilə yanaşı, internet media orqanı da kütləvi informasiya vasitəsidir. Bu bizə gələcəkdə imkan verəcək ki, internet media orqanları ilə əlaqədar məsuliyyət kateqoriyalarını dəqiqləşdirək. Üstəlik müəyyən texniki məsələlər var. Tutalım, bir qəzetin KİV sayılması üçün onun tirajı, yayımı və sair məsələlər əsas götürülür. İnternet media ilə bağlı biz hansı parametrləri nəzərə alaq? Hesab edirəm ki, qanun bu sayaq məsələlərə də aydınlıq gətirəcək”.

Ə.Amaşovun sözlərinə görə, bu gün ictimai rəy əsasən internet media orqanları üzərindən formalaşır: “Belə olduğu təqdirdə bu KİV-lər nə üçün dövlət dəstəyindən faydalanmamalıdır? Əlbəttə, onların potensialı cəmiyyət üçün maraq kəsb edən məsələlərə yönləndirilməlidir. Hesab edirəm ki, internet medianın hüquqi statusunun müəyyənləşdirilməsi bu sayaq məsələlərə də aydınlıq gətirəcək”.

Ə. Amaşov həmçinin  Azərbaycanda diffamasiyanın dekriminallaşdırılmasını təklif edib: “Bu, əsasən ayrıca qanunun qəbulu ilə mümkün ola bilər. Diqqətinizə çatdırım ki, belə bir qanun yanlız təhqir və böhtana görə cinayət məsuliyyətinin aradan qaldırılmasını nəzərdə tutmur. Əgər, diffamasiya qanunumuz olacaqsa, biz tamamilə yeni məsuliyyət mühitinə qədəm qoymuş olacağıq. Təbii ki, məsuliyyət artacaq”.

Deputat həmçinin informasiya təhlükəsizliyi ilə bağlı da ayrıca dövlət sənədinin qəbul olunmasını təklif edib: “Düzdür, Milli Təhlükəsizlik Konsepsiyamızda informasiya təhlükəsizliyinə diqqət yetirilir. Ancaq bu diqqət epizodikdir, mahiyyəti tam açmır. Hesab edirəm ki, informasiya təhlükəsizliyinin özü kifayət qədər geniş anlayışdır. Burada bir çox məqamlara aydınlıq gətirilməlidir. Nəzərə alaq ki, qloballaşan dünyada dövlətlərin milli təhlükəsizliyi dedikdə, daha çox informasiya təhlükəsizliyinin üzərində dayanılır. Təklif edirəm ki, biz də bu amilli ciddi şəkildə nəzərdən keçirək”.