“1 milyard manatlıq 3 peykimiz nə zaman xərcləri ödəyəcək?” –EKSPERT ŞƏRHİ

Azərkosmos rəhbərliyi Azərbaycanın gələcəkdə hansı peyklərə sahib olacağı ilə bağlı yeni, lakin qeyri-müəyyən bir açıqlama verib. Peyklərin telekommunikasiya, müşahidə və yaxud da kəşfiyyat peyklərindən hansı olacağı ilə bağlı konkret fikir bildirilməyib.
Bizim peyklər orbitə qaldırılandan sonra, son bir neçə ildə dünyada peyklərlə bağlı, ümumiyyətlə kosmosun bölüşdürülməsi ilə bağlı situasiya kəskin dəyişilib. Artıq bu sahədə yeni yanaşmalar var, rəqabət kəskin artıb, 10 minlərlə peykə sahib olan şirkətlər meydana çıxır, internet və mobil rabitənin birbaşa peykdən alınacağı reallıqdır.
Böyük məbləğə başa gələn telekommunikasiya peykləri daha ciddi risklər yaradır və özünü doğrultmur. Daha çox birgə layihələrə, kommersiya yönümlü, hərbi yönümlü, elmi-ekoloji-meterologiya yönümlü, daha yüksək ayarlı müşahidə peyklərinə üstünlük verilir.
Bizim peyklərin əvvəlki qiymətlərinə indi onlarla peyk hazırlamaq və orbitə qaldırmaq mümkündür. Düşünürəm ki , gələn il keçiriləcək astronavtika üzrə konqresədək RİNN-nin, Azərkosmos-un Azərbaycanın peyk infrastrukturunun inkişafı ilə bağlı yeni konseptual sənəd hazırlaması və hökumətə təqdim etməsi doğru olardı.
Orada açıq -aşkar qeyd olunmalıdır ki, Azərbaycan konkret hansı təyinatlı peyklərə üstünlük verəcək. Bu məsələdə Türkiyə ilə, İsrail ilə əlaqələri gücləndirmək, birgə kosmik layihələr qurmaq faydalı olardı.
Bu konseptual sənədin ictimai müzakirəsinin keçirilməsi də faydalı olar.
Xatırladıram ki, hazırda göydə təxminən 1 milyard manat dəyərində 3 peykimiz var. AzerSky müşahidə peykinin 2-ci Qarabağ şavaşı zamanı xüsusi əhəmiyyət kəsb etməsinin şahidi olduq. Peyklərimizin ömrü getdikcə azalır, dünyada rəqabət artır. “Azerkosmos” gəlirlər haqqında tez-tez açıqlamalar verir, amma qoyulan investisiyaların geri dönüşü və mənfəətdən danışmaq hələ çox tezdir.
Osman Gündüz
Azərbaycan İnternet Forumunun Prezidenti
Əvvəlki məqalə

“Siyasi partiyalar haqqında” qanun layihəsi ilə bağlı yenə dinləmə keçiriləcək

Sonrakı məqalə

Soçidə Putinlə Paşinyan arasında görüş başa çatıb