1990-cı ildə Naxçıvan SSRİ-nin tərkibindən necə çıxıb? –

“Türkiyəni köməyə çağırdıq…Moskva sərhədin sökülməsinə razılıq verdi” (TARİX)
28 Mart 2021 - 15:57

1990-cı ilin yanvarın 19-da bütün dünya Naxçıvandan verilən bir bəyanatı heyrətlə dinləyirdi.  Azərbaycan SSR-nin tərkibində olan Naxçıvan Muxtar Sovet Respublikasının Ali Soveti SSRİ-nin tərkibindən çıxmaları barədə qərar qəbul etmişdi.

Dağlıq Qarabağda başlanmış separatçılıq hərəkatına SSRİ-nin mərkəzi hakimiyyətinin dəstək verilməsinə qarşı edilən bu siyasi demarş siyasi tariximizdə izini qoydu.

Azpost.info bildirir ki, 1990-cı ildə Naxçıvan Muxtar Sovet Respublikasının Ali Sovetinin Rəyasət Heyətinin sədri Səkinə Əliyevanın rəhbərliyi ilə baş tutmuş həmin iclasın qərarı bütün SSRİ-də şok effekti yaratmışdı.

Qərarın ən diqqət çəkən məqamı Qars müqaviləsinə əsasən Türkiyəyə kömək üçün müraciət olunması idi.

İllər sonra Səkinə Əliyeva jurnalist Fəridə Ləmana verdiyi müsahibəsində bu hadisələrin necə baş verdiyini açıqlayıb. Fəridə  Ləman yazdığı və 2003-cü ildə çap olunmuş  “Azadlıq  carçısı” kitabında bu memuarı yerləşdirib.

S.Əliyeva bildirib ki, Naxçıvan Muxtar Respublikasında baş vermiş hadisələrin canlı şahidi və iştirakçısı olduğu üçün o hadisələr haqqında xatirində qalan bəzi fıkirləri yazmağı özümə borc bilir.

Ali Sovetin Rəyasət Heyətinin sabiq sədri o dövrdə ermənilərin Naxçıvanda əl atdıqları təxribatlara toxunur. Qeyd edir ki, ermənilər Arazdəyəndən keçib birbaşa Sədərək kəndinin ərazisində zavod tikir, Həsənqulu bağı adlandırılan ərik bağını, qəbiristanlığı sökür, Mehri-Naxçıvan arasında olan 14 km. avtomobil yolunun tikintisini dayandırdılar.

Məsələ ilə bağlı yaradılmış komissiya ermənilərin xeyrinə qərar verir: Bəyan olunur ki, 1927-1967- ci illərin kartoqrafık sənədlərinə əsasən “Həsənqulu bağı” Ermənistan SSR ərazisinə aid edilib. SSRİ Nazirlər Soveti, SSRİ Dövlət Plan Komitəsi səviyyəsində həll olunmuş Mehri-Naxçıvan arasında olan 14 km. avtomobil yolunda xeyli iş görülməsinə baxmayaraq, o işi davam etdirməyə icazə vermirlər: “Bir müddət keçəndən sonra Naxçıvanı Bakı ilə birləşdirən yeganə avtomaşın yolunu bağlayıb, yüzlərlə sürücünü işsiz qoydular. Bununla da respublikanın iqtisadiyyatına çox ağır zərbə vurdular. Qonşu erməni kəndlərindən kəndlərimizə hücum edib kolxoz, sovxozların mal-qarasını aparıb, çobanları öldürürdülər.

İstirahət etmədən 30-33 saat fasiləsiz işləyib, zəlzələdən zərər çəkmiş məkrli qonşularımıza yük daşıyan Culfa dəmiryolçularını Mehri ərazisində atəşə tutdular. Vaqonları dəlik-deşik etdilər, maşinistləri öldürdülər. Belə vəziyyətdə dəmiryolçular işləməkdən imtina etdikdə dərhal haray saldılar ki, dəmiryolçular işləmir, yüklər daşınmır. Zəlzələdən zərər çəkənlər acından qırılırlar. Halbuki, sonra aydın oldu ki, onlar həmin vaqonlarda hərbi sursat daşıyırmışlar”-deyə S.Əliyeva vurğulayıb.

 

“SSRİ müdafiə nazirinin müavini portfelindən “Quran”çıxartdı…”

Bununla bağlı SSRİ Müdafiə Nazirinin müavini Varennikov Culfaya gəlib dəmiryolçuların yığıncağında iştirak edir: “Mən də həmin yığıncaqda iştirak edirdim. O, portfelindən “Quran”ı çıxarıb dedi ki, “mən sizin yanınıza müqəddəs kitabla gəlmişəm. Mən inandım ki, siz haqlısınız belə şəraitdə işləmək olmaz. İcazə verin ermənilər gülləyə tutduğu deşik-deşik edilmiş vaqonu Moskvaya aparıb sərgidə hamıya göstərim, hamı bilsin kimdir günahkar”. Dəmiryolçular ona inanıb vaqonu verdilər, özləri də işə başladılar. Sən demə ermənilərin havadarları cinayətin izini itirmək üçün bunu edirmişlər. Vaqonu dərhal aradan çıxartdılar. Bu hadisədən bir neçə gün sonra Mehri sahəsindəki tunellərin girişləri ermənilər tərəfındən betonla hörüldü, relslər dağıdıldı, dəmiryol qurğuları tamamilə sıradan çıxarıldı”.

Bundan sonra SSRİ xalq deputatları qurultayında Azərbaycanı dəmiryolunu mühasirəyə alan, Ermənistan SSR-in iqtisadiyyatına zərbə vuran kimi qələmə verməyə başlayırlar. Şərur rayonunun Sədərək kəndi ətrafına gecə ikən buldozer salıb meyvə bağlarını qırdılar. 20-25 dərəcə sərt şaxtalı qış günlərində qaz və işığı, televiziya-telefon xətlərini kəsdilər:

“Azərbaycanda siyasi vəziyyətin gərginləşməsi, Qarabağ məsələsinin həll olunmaması, 1989-cu ilin dekabr ayında yolların bağlanması, qazın və işığın kəsilməsi Naxçıvan şəhərində və rayonlarında bir sıra müəssisələrin iş ahəngini pozdu. Fabrik, zavodlar dayandı, işsiz qalanların sayı artdı. Bütün bunlardan narazı qalan xalq kütlələri meydanlara çıxır, öz azadlığı, suverenlikləri uğrunda mübarizəyə, sosial iqtisadi məsələlərə aid bir sıra tələblər irəli sürürdülər. Bu məsələlərdən biri başqa ölkələrdə olduğu kimi qonşu İran, Türkiyə ilə olan sərhədlərdən tikanlı simlərin yığışdırılması və sərhədlərin açılması idi”-deyə S.Əliyeva bildirir.

Bundan əvvəl -1989-cu il dekabr ayının 5-də mitinqlərin birində bu məsələyə aid qəbul olunmuş təklif Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinə göndərilmişdi. Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyəti öz növbəsində bu məsələnin həlli üçün Azərbaycan KP MK, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinə müraciət etdikdə Bakıdan şifahi surətdə belə cavab verirlər ki, indiki zamanda bu məsələni qaldırmaq ən azı siyasi korluqdur: “Azərbaycan SSR Ali Sovetinin XI sessiyası gedirdi. Gözləmədiyim bir halda Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin birinci katibi Afiyəddin Cəlilov mənə dedi ki, sənin Ali Sovetə göndərdiyin məktuba müsbət cavab verəcəklər. Ancaq gərək sən sessiyada çıxış edib təklif verəsən ki, İran ilə olan dövlət sərhədlərində çəpərlərin içərisində çoxlu torpaqlar var. Biz ondan istifadə edə bilmirik, ona görə də bu məsələyə sessiyada baxılıb müsbət cavab verilsin.

Mən sərhədyanı problemlərinin həlli məsələsi ilə XI çağırış Azərbaycan SSR Ali Sovetinin sessiyasında çıxış etdim. Təklifim əsasında sessiyada Ə.M.Şəkinski sədr olmaqla 23 nəfərdən ibarət komissiya təşkil edildi. Komissiyanın tərkibinə Azərbaycan SSR xarici işlər naziri Hüseynağa Sadıxov, DTK generalı Mustafa Nəsirov, D.Q.Vaziçik, Zaqafqaziya sərhəd qoşunları dairəsindən V.K.Jukov, 2062 hərbi hissənin komandiri, Naxçıvan MSSR Nazirlər Sovetinin sədr və sədr müavinləri, respublika prokurorluğu, daxili işlər naziri, təhlükəsizlik komitəsinin sədr müavini, Azərbaycan Xalq Cəbhəsi İdarə heyətinin üzvləri daxil idilər.

Biz həmin gün xüsusi təyyarə ilə Bakıdan Naxçıvana qayıtdıq”.

 

“Moskva İranla sərhədin sökülməsinə razılıq verdi”

 1989-cu il 30 dekabr saat 19:00-da Naxçıvan MSSR Ali Soveti Naxçıvan MSSR sərhədyanı problemləri həlli məsələsi üzrə on birinci çağırış Azərbaycan SSR Ali Sovetinin on birinci sessiyası tərəfindən təsdiq edilmiş iclası keçirilir. İki gün davam edən çox gərgin danışıqlardan sonra Moskva nəhayət Babək rayonunda Araz su qovşağı sahilində sərhəd çəpərlərinin sökülməsinə razılıq verir.  Bununla bağlı göstərişdə deyilir ki, sərhəd xətlərini sərhədçilər özləri sökəcəklər: “Komissiyanın üzvləri sərhədləri gəzəndə gördük ki, bir neçə gün əvvəl hərbiçi ailələri xüsusi hərbi təyyarə ilə Naxçıvandan köçürülmüş, sərhəd məntəqələri boşaldılmış, məntəqələrin hər birində bir nəfər rus generalı sərhəd dirəklərinin sökülməsinə nəzarət edirdilər. Yanvar ayınnın 1-də bütün Naxçıvan ərazisində sərhəd dirəklərinin sökülməsi davam etdirildi. Tikanlı məftillərin söküldüyü yerlərdə xalq Araza doğru axışmış sevincdən doğan göz yaşlarının ulu və nisgilli Arazın suları ilə yumuşlar.

Bütün bu hadisələrin gedişində hərbiçilərlə onların ailələrinə və mühəndis-istehkam qurğularına qarşı heç bir zorakılıq tədbiri həyata keçirilməyib. Sovet sərhədçiləri, sərhəd bölmələri tam bitərəfli müşahidəçi mövqe tutmuşdular”.

S.Əliyevanın sözlərinə görə, Naxçıvan ərazisində sərhəd dirəklərinin ləğv edilməsi əmin- amanlıq, asayişi tam riayət olunduğu bir şəraitdə həyatda keçirilməsinə baxmayaraq, Sovet KİV-lərində xalqımızın tarixində mühüm əhəmiyyət daşıyan bu hadisələri barbarlıq və zorakılıq işi kimi qiymətləndirilır. Moskva televiziyasının “Zaman” xəbərlər proqramı Naxçıvanda Cənubi və Şimali Azərbaycan arasındakı əlaqələri bərpa etməyə doğru yönəldilmiş hərəkətlər dövlət sərhəddinin dağıdılması kimi təqdim olunur. SSRİ rəhbəri Mixail Qorbaçov mərkəzi televiziya ilə çıxışında Naxçıvanda narkomanlar və alkoqoliklərin “yüzlərlə kilometr uzanan dövlət sərhədlərində mühəndis-texniki qurğularının məhv etdiyi” barədə bəyanat verir.

S.Əliyeva  “Kommunist” qəzetinə verdiyi  müsahibədə bildirdirir ki, Naxçıvanda heç kəs sərhədə hücum etməyib. Sərhədləri xalqın tələbi ilə hərbiçilərin özləri açıblar və bu zaman sərhədlərdə heç bir hadisə baş verməyib. Heç bir mühəndis-texniki qurğu məhv edilməyib: “1990-cı il 20 yanvar gecəsi qoşunlar Bakıya yeridildikdə bizə aydın oldu ki, sərhədlərin açılmasına Moskva Ermənistana şərait yaratmaq üçün icazə veribmiş. Moskvadakı rəhbərlər bilirmişlər ki, Bakıya qoşun yeridiləcəkdir. Yollar isə bağlıdır. Naxçıvana heç yerdən köməyə gələn olmayacaq. Bunu bilən ermənilər məhz həmin gün Naxçıvana hücum etdilər. Onlar güman edirdilər ki, əlacsız və müdafiəsiz qalan naxçıvanlılar açılmış sərhədlərdən qonşu İran və Türkiyəyə qaçacaq, ermənilər isə Naxçıvanı zəbt edərlər”.

 

“Beş min silahlı erməni Sədərək ətrafında toplanmışdı”

S.Əliyeva qeyd edir ki, 1990-cı ilin yanvar ayının əvvəllərindən başlayaraq Şərur rayonunun Sədərək kəndi yaxınlığında, Şahbuz, Ordubad, Babək rayonlarının Ermənistanla həmsərhəd olan kəndlərində erməni yaraqlılarının böyük qüvvəsinin toplaşması barədə məlumatlar daxil olmağa başladı: “Yanvar ayının 10-dan başlayaraq erməni yaraqlıları sərhəd kəndlərinə odlu silahlardan atəş açmağa başladılar. Bütün hadisələr haqqında dəfələrlə SSRİ, Azərbaycan SSR və Ermənistan SSR Daxili İşlər Nazirliklərinə vaxtında məlumat verilməsinə baxmayaraq, heç bir tədbir görmədilər. Ermənilərin özbaşınalığı daha da şiddətləndi. Yanvar ayının 17-də saat 19-da Şərur – o zamankı “İliç” rayonunun Kərki kəndini müdafiə edən hərbçilər Naxçıvan MSSR Daxili İşlər Nazirliyinə məlumat verərək 3 minə yaxın erməni ekstremistlərinin və 3 BTR-in daşnaq partiyasının bayrağı altında kəndə basqın etdiklərini bildirdilər. Bir neçə saat davam edən şiddətli atışmadan sonra məcburiyyət qarşısında qalan kənd əhalisi evlərini tərk edərək Sədərək kəndinə qaçdılar”.

1990-cı il yanvar ayının 18-də gündüz saat 17: 00-da top, raket, pulemyot, avtomat və s. müasir silahlarla silahlanmış beş minə yaxın erməni yaraqlısı Sədərək kəndi ətrafında milis karantin postuna, “Oktyabrın 60 illiyi” adına şərab zavoduna, sovxozun fermalarına basqın edir. Milis işçiləri yerli əhalinin həyatının ciddi təhlükə qarşısında qaldığını görərək kəndin müdafiəsinə qalxır. 4 saat davam edən şiddətli atışmadan sonra milis postu dağıdılır, postda olan “Viola-A” markalı radio stansiyası və digər dövlət əmlakı qarət edilir. Kərki kəndinə gedən yol bağlanır, kənd işğal edilir.

S.Əliyevanın sözlərinə görə, Kərki kəndinin azad edilməsi haqqında dəfələrlə məsələ qaldırılsa da, Ermənistandan hər dəfə cavab verdilər ki, bizim orda adamımız yoxdur, onlar Bakıdan qaçıb gələn Azərbaycan vətəndaşlarıdır: Birbaşa təkrar-təkrar o zamankı SSRİ Prezidenti Mixail Qorbaçova, SSR Ali Sovetinin sədri A Lukyanova, SSRİ daxili işlər naziri V.V.Bakatinə, SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sədri V.A.Kryuçkova, SSRİ müdafıə naziri Yazov – SSRİ xaricı işlər naziri E.A.Şverdnadzeyə teleqramlar verilməsinə, bir başa dövlət telefonları ilə zəng vurulmasına baxmayaraq, bizə ancaq belə cavab gəlirdi ki, teleqram sahibinə çatdırılıb. Başqa cavab ala bilmədik. Eyni məzmunlu teleqramlar Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri Elmira Qafarovaya, Azərbaycan KP MK-nın birinci katibi Əbdürrəhman Vəzirova vuruldu. Bundan əlavə eyni məzmunlu teleqramlar Naxçıvan  MSSR-dən SSRİ Ali Sovetinə seçilmiş deputatların adından da vurulmuşdu. Təəssüflər olsun ki, bunların hamısı cavabsız qaldı. Bakı ilə demək olar ki, əlaqə tamam kəsilmişdi. Hökumət telefonları cavab vermir, adi telefonlar isə ümumiyyətlə işləmirdi.

S.Əliyeva qeyd edir ki, Naxçıvan əhalisi vahimə içərisində idi. Naxçıvan MSSR Nazirlər Sovetinin sədri, respublika Təhlükəsizlik Komitəsinin sədri vəzifələri boş idi. Afiyəddin Cəlilov isə yenicə Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin birinci katibi seçilmişdi.

Naxçıvan MSSR-də həmişə SSRİ Müdafıə Nazirliyinin xüsusi diviziyası, SSRİ Sərhəd qoşunlarının 2062 N-li xüsusi hissəsi yerləşirdi. Naxçıvan şəhərindəki mərkəzi meydana toplaşanlar vəziyyətin ağırlığını görüb müdafiə üçün ordu hissələrinə müraciət etməyi tələb edirlər: O zaman diviziyanın komandiri sonralar Rusiya Dumasının üzvü olmuş Lev Roxlin, sərhəd qoşunlarınm komandiri V.K.Jukov idi. Mən onlara müraciət etdim ki, heç olmasa bir tank göndərin, sərhəddə ermənilər görsünlər, bəlkə qorxub çəkildilər. Hər iki komandir mənə cavab verdi ki, bizim hər şeyimiz var, özümüz də döyüşə hazır vəziyyətdəyik, ancaq Moskva bu işlərə qarışmağa bizə icazə vermir.

Bundan sonra S.Əliyeva yenidən SSRİ müdafiə naziri Yazova teleqram vurur, dövlət telefonu ilə ona zəng çalır. Heç bir cavab verilmir.

 

SSRİ tərkibindən çıxmaq qərarı

Meydana toplaşan Naxçıvan MSSR Ali Soveti sessiyasının çağırılmasını tələb edirlər: “Naxçıvan MSSR Ali Sovetinin 110 deputatının əksəriyyəti rayonlarda, kəndlərdə yaşayırdılar. Telefonlar işləmədiyi üçün bütün rayonlara dərhal adamlar gedib onlara xəbər çatdırdılar.

Həmin sessiyaya Naxçıvan MSSR-dən SSRİ Ali Sovetinə seçilmiş deputatlar və Azərbaycan SSR Ali Sovetinin deputatları dəvət olundular.

Sessiya 1990-cı il yanvar ayının 19-da saat 20-də öz işinə başladı. Sessiya birbaşa adamların toplandığı meydana translyasiya edilirdi. Naxçıvan MSSR Ali Sovetinin binasının üstündə Azərbaycan Demokratik Respublikasının bayrağı vurulmuşdu.

S.Əliyeva deyir ki, Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin bütün işçiləri öz iş yerində olduğu halda onlardan heç kəs – o cümlədən Naxçıvan MSSR Ali Sovetinin deputatı, Vilayət Partiya Komitəsinin birinci katibi A.Cəlilov, Naxçıvan Vilayət Partiya Komitəsinin şöbə müdiri – Naxçıvan MSSR Ali Sovetinin sədri V.Cəlilov və digərləri sessiyaya gəlmədilər. Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin binasında işıqlar keçirilmişdi ki, oraya daş atmasınlar. Belə hal bir neçə gün əvvəl olmuşdu. Bakıdan nümayəndə kimi gəlmiş Z.Hacıyev və başqaları da orada idi.

Ali Sovetin sessiyasının aparılması qaydasına görə sessiyanı Ali Sovetin sədri Vahid Cəlilov açmalı və aparmalı idi. Yuxarıda qeyd etdiyim kimi o sessiyaya gəlmədi. Sonradan dedi ki, Ordubadda olub, sessiyanın çağırılmasından xəbəri olmayıb. Halbuki, Ordubad rayonundan seçilmiş sıravi deputatların əksəriyyəti qadın idi, maşınları da yox idi. Ancaq onlar sessiyada iştirak etdilər. Belə vəziyyətdə başqa əlac yox idi. Sessiyanı mən açmalı idim. Belə də etdim. Sessiyanı açıb axıra qədər apardım.

Mən sessiyanı açıb dedim ki, muxtar respublikada vəziyyət gərgin olaraq qalır. Ayın 15-dən başlayaraq bu günə və bu gün səhər saat 7- dən indiyədək bütün instansiyalara müraciət etmiş, muxtar respublikada yaranmış ictimai-siyasi vəziyyəti hər tərəfli şərh etmişik. Respublika blokada şəraitindədir. Əhalinin vəziyyəti pisdir. Biz sərhəd məsələsi haqqında da öz fikirlərimizi bildirmişik. Azərbaycan SSR xarici işlər naziri Sadıqov rəsmən bildirmişdir ki, bu məsələ haqqında hazırlanmış müqavilə SSRİ və İran İslam Respublikası arasında yanvar ayının 28-də imzalanacaq. İki gündür ki, muxtar respublikada gərginlik daha da artıb. Ermənistan Respublikasından ərazimizə basqınlar edilir. Top və raketlərdən atəş açılır. Artıq insan tələfatı var. Ona görə də mən xahiş edirəm ki, deputatlar çıxış edib bundan sonra görəcəyimiz işlər haqqında öz təkliflərini versinlər”.

Deputatlar çıxış etdikləri müddətdə bir neçə dəfə Naxçıvan MSRR Ali Soveti Rəyasət heyətinin katibi H. Xəlilovu Vilayət Partiya Komitəsindən telefonla çağırıb ona bildirirlər ki, deputatların tələb etdiyi kimi qərar qəbul etmək olmaz.

Sessiyada 29 nəfər çıxış edir.

Bundan sonra qərar elan olunur:

  1. Naxçıvan MSSR SSRİ-nin tərkibindən çıxaraq özünü müstəqil respublika elan edir;
  2. Qars müqaviləsinin şərtlərinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının ərazi bütövlüyünü qorumaq və kütləvi insan qırğınının qarşısını almaq məqsədilə Türkiyə Respublikasına müraciət edilsin.
  3. Yaranmış vəziyyətlə əlaqədar olaraq Birləşmiş Millətlər təşkilatına, İran İslam Respublikasına, dünyanm bütün dövlətlərinə kömək məqsədilə müraciət olunsun.
  4. Naxçıvan MSSR ərazisində olan SSRİ qoşun hissələri respublikadan çıxarılsın.

5.SSRİ Ali Sovetindən tələb edilsin ki, Naxçıvan Respublikasına edilən təcavüzə son qoyulsun.

  1. Sessiyanın qəran Azərbaycan SSR və SSRİ Respublikasının bütün dövlətlərinin nəzərinə çatdırılsın.

S.Əliyeva yazır: “Sessiya öz işini səhərə yaxın qurtardı. Qəbul olunmuş qərar televiziya vasitəsilə respublikanın hər yerinə çatdırıldı. Qərar qəbul olunandan sonra mən yenə də Bakıya demək olar ki, bütün dövlət telefonları olan rəhbərlərin hamısına zəng vurdumsa da, heç bir telefon cavab vermədi. Səhərə yaxın təxminən saat 5-də Azərbaycan SSR Təhlükəsizlik naziri V.Hüseynovun telefonu cavab verdi. Mən respublikada olan vəziyyəti, qəbul olunmuş qərar haqqında ona məlumat verdim. Ona dedim ki, bəs bizi müdafiə etməli olan hüquq mühafızə orqanları, hərbiçilər niyə belə bir zamanda bizə kömək etmədilər? Sualımın cavabında V.Hüseynov dedi ki, yoldaş Əliyeva Siz çoxdan işləyirsiniz, adamlarla pis siyasi-tərbiyə işi aparmısınız, ona görə də onlar indi sözə baxmırlar. Cavab verdim ki, ermənilər bizim torpaqlara hücum edib, insanları qırıb, evləri dağılıb, məktəbi, şərab zavodunu dağıdıblar, hərbiçilər bizə heç bir köməklik göstərmədi, Moskvaya etdiyimiz müraciətlərə cavab verilmədi. Adamlarla aparılan siyasi tərbiyə işinin buna nə dəxli var?” deyib telefonun dəstəyini yerə qoydum. Bundan sonra heç kəs mənə zəng vurmadı”.

 

“Bakı faciəsi ilə Naxçıvana hücum  biri-biri ilə sıx bağlıdır”

S.Əliyeva deyir: “1990-cı il yanvar ayının 20-də biz hələ bilmirdik ki, Azərbaycan xalqının başına böyük müsibətlər gətirilmiş, Sovet qoşunları Bakı şəhərində qırğın törətmiş, günahsız insanlar qırılmışlar. Bakı faciəsi ilə Naxçıvana ermənilərin hücum etməsi biri-biri ilə sıx bağlı hadisədir. Əgər naxçıvanlılar həmin günü özlərini müdafıə edə bilməsəydilər Şərur rayonunun Kərki kəndi kimi Naxçıvan da erməni millətçiləri tərəfındən işğal ediləcəkidi”.

Bakı faciəsindən bir müddət keçəndən Azərbaycan KP MK, Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti Naxçıvan Ali Sovetini Konstitusiyaya uyğun olmayan, qərar qəbul etməkdə təqsirləndirdilər.

“Azərbaycan KP MK plenumunda A.Mütəllibov Azərbaycan KP MK birinci katibi seçildi. O, Moskvada olarkən M.S.Qorbaçov öz çıxışında mənim adımı çəkmiş, bizim qəbul etdiyimiz qərar haqqında danışmışdı. Aprelin 26-da Azərbaycan KP MK katibi Telman Orucov Naxçıvana gəldi, sessiyanın çağırılması haqqında qanunlara əməl edilmədən həmin gün sessiya çağrıldı. Bu məni işdən çıxarmaq üçün idi. İlk addımı özüm atdım, bütün bu etimadsızlıqlara cavab olaraq özüm istefa verdim, təqaüdə çıxdım”.

Azpost.info