“1992-ci ildən Zəngəzur dəhlizində Rusiya hərbçiləri dayanır” –

Politoloqlardan Soçi görüşünə ŞƏRH
29 Noyabr 2021 - 16:36

Azərbaycanda siyasətçilər və ekspertlər noyabrın 26-da Soçidə Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin görüşünün yekunlarını müxtəlif cür qiymətləndirirlər.

Məlum olduğu kimi, görüşdən sonra bəyanatla çıxış edən üç ölkənin liderləri görüşün səmərəli keçdiyini və bir çox məsələlərdə razılıq əldə edildiyini bildiriblər.

Azərbaycan Xarici İşlər Nazirliyi Soçidə üçtərəfli görüşün nəticələrini müsbət qiymətləndirib.

Qurumun yaydığı məlumatda deyilir ki, görüş nəticəsində imzalanan bəyanatda Azərbaycanın mövqeyini əks etdirən məqamlar tam şəkildə təmin edilib.

Milli Məclisin deputatı Sədaqət Vəliyeva Turan-a bildirib ki, Soçi görüşü İlham Əliyevin növbəti siyasi və diplomatik qələbəsi kimi tarixə düşdü: «Soçi görüşündə qəbul edilən üçtərəfli bəyanat sənədində Azərbaycanın maraqları bütünlüklə ifadə olunub. Bəyanatda Ermənistan və Azərbaycan sərhədlərinin delimitasiya və demarkasiyası, Ermənistanla Azərbaycan arasında nəqliyyat kommunikasiya dəhlizlərinin açılması məsələləri əksini tapıb ki, bu da Cənubi Qafqaz regionunda sülhün, sabitliyin və iqtisadi inkşafın  təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır».

Onun sözlərinə görə, Azərbaycan, Ermənistan və Rusiya siyasi liderlərinin qəbul etdiyi bəyanatda diqqətçəkən əsas məqamlardan biri də «Dağlıq Qarabağ» ifadəsinin işlənməməsi, Ermənistanın iddia etdiyi «hərbi əsirlər» məsələsinin əks olunmamasıdır.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov hesab edir ki, görüş 10 noyabr bəyanatının icra vəziyyətini təhlil etmək üçün keçirilib: «Biz gördük ki, noyabrın 26-da qəbul olunmuş bəyanatda bəzi istiqamətlərdə inkişaf olması yolları göstərildi. Misal üçün sərhədlərin delimitasiya məsələsi. Hiss olundu ki, tərəflərin mövqeləri sərgilənir və yanaşma platformasını əldə etmək üçün yaxın bir ay ərzində müzakirələr olacaq. Yəni, bu mövzu həll olunmamış qalır».

Ekspert qeyd edib ki, Zəngəzur dəhlizini hazırda açmaq mümkün deyil: «Çünki praktiki baxımdan 100 kilometrə yaxın dəmir yolu bərpa olunmalıdır. Bu işlər bəlkə də 1 ildən çox vaxt apara bilər. Bunun hələ Naxçıvanda olan qoşulma hissəsi və Ermənistan hissəsi də var. Yəni, qərar qəbul olunsa belə, bunun icrası hələ ki mümkün deyil».

Lakin Zülfüqarovun fikrincə, vaxt faktorunu nəzərə alaraq Zəngəzur dəhlizi məsələsi icra olunacaq: «Görüşdə onun barəsində hər hansı qərarın qəbul olunması bəlkə də vaxtından tez olan bir məsələ idi».

Onun sözlərinə görə, Zəngəzur dəhlizi deyəndə onun eksterritorial xüsusiyyətləri nəzərdə tutulur: «Bu hissədə onun eksterritoriallığı artıq mövcuddur. 1992-ci ildən dəmir yolunun bu hissəsində Rusiya hərbçiləri dayanırlar və 10 noyabr bəyanatında nəzərdə tutulan Rusiya hərbçilərin nəzarətinə Ermənistan defakto razılığını verib».

Sabiq nazir vurğulayıb ki, görüşdə Ermənistan tərəfindən başqa ATƏT-in Minsk Qrupunu yada salan olmayıb: «Bu o deməkdir ki, Qarabağ mövzusunda indiki vəziyyət davam edəcək. Azərbaycan tərəfi işğala son qoyub və müvəqqəti olaraq reinteqrasiya prosesi üçün bizə sülhməramlı qüvvələr kömək edir. Bu reinteqrasiya prosesinin formatını Azərbaycan seçib və bu formatda Azərbaycan, Rusiya və Türkiyə var. Ona görə də Nikol Paşinyanın Minsk Qrupu ilə bağlı bəyanatı yalnız bir istəkdir».

Siyasi şərhçisi Zərdüşt Əlizadə isə bildirib ki, Soçidəki görüşün nəticələri var: «Rusiya çalışırdı ki, münaqişə həllini tapmasın, vəziyyət mürəkkəbləşsin. Onun məqsədi bu idi. Lakin işə Avropa İttifaqı qarışdı və qərarlaşdırıldı ki, dekabrın 15-də Brüsseldə Şərq Tərəfdaşlığı proqramı çərçivəsində İlham Əliyev və Nikol Paşinyan arasında siyasi danışıqlar olsun. Bu, Rusiyanın tək vasitəçiliyi üçün təhlükə idi».

Politoloq hesab edir ki, bunun qarşısını almaq üçün Vladimir Putin Azərbaycan prezidentini və Ermənistan baş nazirini Soçiyə çağırdı: «Həmin görüşdə qərar qəbul olundu ki, iki məsələ ilə bağlı hansısa bir proses başlasın. Proses də ondan ibarətdir ki, tərəflər delimitasiya ilə bağlı komissiya yaradırlar və danışıqlar aparırlar. Delimitasiya prosesi 30 il də davam edə bilər, amma əsas odur ki, danışıqlar gedir. İkincisi də kommunikasiyaların açılması ilə bağlı ümumi razılıqlar əldə olundu. Burada da müəyyən irəliləyiş var».