2018-2024-cü illərdə müavinət və təqaüd ödənişləri beş dəfə artıb

Azərbaycan Prezidentinin Fərman və sərəncamlarına əsasən, 2018-2024-cü illərdə icra olunan sosial islahat paketləri çərçivəsində sosial ödənişlərdə ciddi artımlara nail olunmaqla, sosial təminat sisteminin əhatəliliyi də genişlənib. Həmin illərdə 10 yeni sosial ödəniş növü (o cümlədən, müharibə veteranları, Vətən Müharibəsi Qəhrəmanları, birinci dərəcə əlilliyi olanlara və əlilliyi olan uşaqlara qulluq edənlər, işləməyən pensiyaçı elmlər doktorları və fəlsəfə doktorları üçün Prezidentin aylıq təqaüdü, uşaqları övladlığa və himayəyə götürən şəxslər üçün aylıq müavinət və s.) təsis edilib.

Həmin dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Prezidentin aylıq təqaüdü və aylıq müavinətlə təmin olunanların sayı 402 min nəfər və ya iki dəfəyə yaxın artaraq 847 min nəfərə çatıb.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən  verilən məlumata görə, Prezidentin aylıq təqaüdü ilə təmin olunanların sayı 337 min nəfər və ya 6,6 dəfə artaraq 397 min nəfərə, aylıq müavinətlə təmin edilənlərin sayı 65 min nəfər və ya 17 faiz artaraq 450 min nəfərə yüksəlib.

Müavinət və təqaüd ödənişlərində isə həmin dövrdə beş dəfə artım baş verib.

Əvvəlki məqalə

Bu il əhaliyə neçə milyard manatlıq ərzaq məhsulları satılıb?

Sonrakı məqalə

ATƏT-in Minsk qrupu öz fəaliyyətini de-fakto dayandırıb