Şəmkir rayonunun Ələsgərli kənd sakinləri uzun illərdir kəndin yol, su, qaz, işıq və sosial problemlərinin həll olunmamasına etiraz edirlər. “Eşşəklə 21 əsrdə su gedirmi, harada yaşayırıq biz?”- sakinlərdən biri BBC-yə deyib.
Sakinlər deyir, kənddə mənbəyini dağ sularından götürən iki bulaq olsa da, onlardan birinin suyu artıq quruyur və içməyə yararlı deyil, digərinin axını isə xeyli zəifləyib.
İndi kəndin 300-dən çox əhalisi içməli suya olan ehtiyacını zəif axan bir bulağın ümidinə, bir də yağışa bağlayıb. Onların sözlərinə görə, qışda havalar soyuduğundan sular donur və su daha zəif axır, bəzən isə tamamilə kəsilir.
Kəndlilər rayon icra hakimiyyətinin onların problemlərinə biganə yanaşdığını deyir. Sakinlərin səsləndirdiyi su problemi ilə bağlı Şəmkir rayon icra hakimiyyətindən cavab almaq mümkün olmayıb.
Ələsgərli kəndi dəniz səviyyəsindən 1500-2000 metr yüksəklikdə yerləşdiyi üçün burada havalar tez soyumağa başlayır. İçməli su ilə yanaşı, Ələsgərli kəndinə mavi yanacaq da verilmədiyindən, insanlar soyuq aylarda qızınmaq üçün odundan istifadə etməyə möhtac qalıblar.
Amma kəndlilər deyir odun almaq da müşkülə çevrilib.
Videonu YouTube-da izləyin.