ABŞ-da ürək xəstəlikləri ilə bağlı ölüm hallarının sayı kəskin artıb

ABŞ-da ürək xəstəliklərindən ölüm hallarının sayı 2010-cu ildən 2019-cu ilə qədər davamlı azalmadan sonra 2020-ci ildə COVID-19 pandemiyası başlayanda kəskin şəkildə artıb.

Bütün yaş qruplarında böyüklər, xüsusilə gənclər və afroamerikalılar arasında ölüm göstəriciləri artıb.

Bu barədə bir müddət öncə Çikaqoda keçiriləcək Amerika Kardiologiya Assosiasiyasının “Scientific Sessions 2022” (Elmi sessiyalar 2022) konfransında da təqdim olunacaq ilkin tədqiqatın nəticələrində deyilir.

Ürək Xəstəlikləri Tədqiqat Qrupu bazar ertəsi hesabatın xülasəsini dərc edib.

“2020-ci ilə qədər böyüklər arasında ürək xəstəliyindən ölüm nisbəti onilliklər ərzində azalırdı ki, bu da Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri tərəfindən ötən əsrdə ictimai səhiyyə sahəsində əldə edilən ən böyük on nailiyyətdən biri kimi qəbul edilib”, – deyə Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin epidemioloqu və tədqiqatın aparıcı müəllifi Rebekka S. Vudraff bildirib. O əlavə edib: “2020-ci ildə ürək xəstəliklərindən ölüm artımı ölkə daxilində böyüklər arasında təxminən beş il və gənclər və afroamerikalılar arasında təxminən 10 il itirilmiş tərəqqini təşkil edir.”

Tədqiqatçılar bunun 2020-ci ildə ölkə üzrə ürək xəstəliyindən ölüm nisbətinin 4,1 faiz artması ilə nəticələndiyini, 2010-cu ildən 2019-cu ilə qədər isə bu nisbətin 9,8 faiz azaldığını iddia edirlər. 35-54 yaş arası böyüklər arasında ürək xəstəliyindən ölüm halları 2010-2019-cu illər arasında 5,5 faiz azalma ilə müqayisədə 2020-ci ildə 12 faiz artıb. 55-74 yaş arası böyüklər arasında ürək xəstəliyindən ölüm halları 2020-ci ildə 7,8 faiz artsa da, 2010-cu ildən 2019-cu ilə qədər 2,3 faiz azalıb. Yetkin afroamerikalılar arasında ürək-damar xəstəliklərindən ölüm nisbəti 2010-cu ildən 2019-cu ilə qədər 10,4 faiz azaldıqdan sonra 2020-ci ildə 11,2 faiz artıb.(Azərtac)

Əvvəlki məqalə

Masallıda itkin düşən 17 yaşlı qız Bakıda tapılıb

Sonrakı məqalə

Valyuta məzənnələri