Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, sabiq deputat Araz Əlizadə dünyasını dəyişəndən sonra partiyanın taleyi qeyri-müəyyən qalıb.
Azpost.info xəbər verir ki, hazırda ASDP-yə kimin rəhbərlik etdiyi bəlli deyil.
ASDP 1989-cu ildə təsis edilib. Partiyanın qurucusu keçmiş prezident Ayaz Mütəllibov və Zərdüşt Əlizadədir. Araz Əlizadə 1995-2012-ci partiyanın həmsədri olub. 2012-ci ildə partiyanın XII qurultayında ASDP-də həmsədr institutu ləğv edilib və Araz Əlizadə partiyanın sədri seçilib.
Araz Əlizadə ötən il oktyabrın 6-da dünyasını dəyişib.
Əldə etdiyimiz məlumatlara görə, Araz Əlizadənin vəfatından sonra ASDP-nin qurultayının keçiriləcəyi gözlənilsə də, bu baş verməyib. Partiyanın taleyinin hazırda qeyri-müəyyən qalması onun üzvlərinin narahatlığına səbəb olub.
“Siyasi partiyalar haqqında” yeni qanunun qəbulu partiyanın yenidən qeydiyyatını şərtləndirib. Partiyalara yeni qanunun tələbələrinə cavab verməsi üçün 6 ay vaxt verilib.
Bildirilir ki, ASDP üzvləri partiya ilə bağlı hələlik heç bir addımının atılmamasını təşkilatın sıradan çıxmasına təhlükə hesab edir. Bu baxımdan, bir qrup partiya üzvü ASDP-nin sabiq həmsədri Zərdüşt Əlizadəyə müraciət edərək ASDP-nin rəhbərliyinə qayıtmasını təklif etdikləri iddia olunur.
Bildirilir ki, Zərdüşt Əlizadə bu təklifdən imtina edib.
Zərdüşt Əlizadə ASDP-nin qurucularındandır. 1990-cı ilin yanvarında Azərbaycan Xalq Cəbhəsindən ayrıldıqdan sonra ASDP-ni yaradıb. 2000-ci illərdə yeni sədr olan qardaşı Araz Əlizadə ilə fikir müxtəlifiyi üzündən partiyadan istefa verib.
Abbas