“Ölkədə qeydə alınan qızılca xəstəliyi endemik deyil, gətirilmə xarakterlidir”.
Bunu açıqlamasında Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.
O bildirib ki, 2006-cı ildə Azərbaycanda qızılca, məxmərək əleyhinə çox böyük peyvənd kampaniyası aparıldı. Nəticədə yeddi yaşdan 35 yaşadək bütün əhali peyvənd olundu. 2006-cı ilin oktyabr-noyabr aylarında, 2007-ci ildə 35-37 yaşarası fertil qabiliyyətli qadınların qızılca məxmərək əleyhinə peyvənd olunması həyata keçirildi. Qızılca xəstəliyi ölkəmizdə ilk əvvəl 2007-ci ildə azalmağa başladı. Həmin dövrdən etibarən 2013-cü ilə qədər Azərbaycanda demək olar ki, yoluxmalar qeydə alınmırdı. 2013 və 2019-cu ildə Türkiyə, Gürcüstan və Rusiyadan gətirilmə hallar nəticəsində ölkəmizdə çox kiçik alovlanmalar baş verdi. Nəzərə alaq ki, Azərbaycanda yerli yoluxma halları yox idi, yəni xəstəlik endemik xarakter daşımırdı, ona görə də Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Azərbaycana qızılca və məxmərəkdən eliminasiya olunmuş ölkə kimi sertifikat verildi. Hər iki xəstəliyin ölkəmizdə endemik olaraq yayılması tamam dayandırılmışdı.
2022-ci ilin dekabrından başlayaraq Avropa ölkələrində qızılca xəstəliyinin artımı müşahidə olundu və gətirilmə hallar Azərbaycana da gəlib çıxdı. Nəticədə bu ilin aprelindən başlayaraq Azərbaycanda tək-tək hallarda qızılcaya yoluxma qeydə alındı. Qığılcım kimi düşdü və tədricən yayılmağa başladı. Xəstəliyin yayılması onunla əlaqədar idi ki, pandemiya dövrü ərzində bir çox uşaq peyvənddən kənarda qaldı. 2020-2022-ci illərdə peyvəndlə əhatə əvvəlki illərə nisbətən aşağı düşmüşdü. 2019-cu ildə peyvəndlə əhatəolunma 95 faiz təşkil edirdisə, 2020-ci ildə 78-82 faiz oldu. 2021-2022-ci illərdə isə 92-93 faizə yüksəldi. Lakin yenə də müəyyən qədər uşaqlar peyvənddən kənarda qalmışdı. Müxtəlif səbəblərdən peyvənd olunmayan, daha çox da valideyn imtinası səbəbindən peyvənd olunmayan uşaqlar arasında hazırda xəstəlik müşahidə olunur. Yalnız peyvənd olunmayan uşaqlar xəstələnir. Bir daha bildirmək istəyirəm ki, həmin xəstəlikdən əsas qorunma üsulu peyvənddir”.
Mərkəzin direktor müavini bildirib ki, qızılca vaxtilə uşaq infeksiyası hesab olunsa da, hazırda ona hər bir yaşda yoluxma mümkündür: “Hazırda qızılca uşaq infeksiyası hesab olunmur. Hər bir yaşda 50-60-70 yaşda da insan xəstələnə bilər. Əgər kimsə vaxtilə həmin xəstəliyi keçiribsə onda immunitet yaranır. Peyvənd olunmayan və keçirməyənlərin həmin xəstəliyə yoluxma ehtimalı yüksəkdir. Onu da qeyd edim ki, 2003-cü ilə qədər Azərbaycanda yalnız qızılca vaksinindən istifadə olunurdu. Rusiya istehsalı olan həmin vaksin bir dəfə vurulurdu. Bir dəfə vurulan peyvənd qızılcadan tam qorumadığına görə hər 2-3 ildən bir xəstəlik dalğavari yüksəlirdi. Ona görə də həmin ildən Avropa ölkələrində olduğu kimi iki doza tətbiq olunur və üçvalentli vaksin istifadə edilir”(azərtac).