Dünyanın ən böyük siyasi analitika və konsaltinq şirkəti olan “Eurasia Group” keçən həftə “2024-cü ilin ən yüksək riskləri” adlı illik hesabatını açıqlayıb.
Azpost.info bildirir ki, hesabatda bizi qarşıda “çətin bir il”in gözlədiyi iddia edilir.
Analitiklər hesab edirlər ki, dünyada bu il üç münaqişə dominantlıq edəcək: Rusiya və Ukrayna müharibəsi, İsrail və Həmas davası, eləcə də ABŞ-da prezident seçkiləri ilə bağlı hər an alovlanmağa hazır olan daxili qarşıdurma.
Qeyd olunur ki, nə Avropada, nə Yaxın Şərqdə, nə də Amerikada davamlı sülh perspektivləri hətta uzaqdan da olsa belə görünmür.
“Biz bunu G-Zero dünyası- qlobal liderliyin olmadığı bir dünya adlandırırıq. Meydanda olan yeganə superdövlət ABŞ nə dünya polisi, nə qlobal ticarətin memarı, nə də qlobal dəyərlərin lideri olmaq istəmir. Heç bir başqa ölkə bu rolu öz üzərinə götürməyə hazır deyil”, – deyə hesabat müəllifləri proqnozlaşdırırlar.
Analitiklər mövcud vəziyyətin “daha da həlledilməz problemlər yaradacağını” bildirib.
Hesabatda ABŞ və Çin arasındakı gərginlik planet üçün təhlükələr siyahısına daxil edilmir, əksinə, qeyd edilir ki, “iki ən böyük iqtisadiyyatın sahibi olan iki ölkə yeni münaqişəyə başlamaq üçün səbəblər axtarmır”.
“Eurasia Group”un hesabatında həmçinin etiraf edilirr ki, ABŞ-da Konqres, məhkəmə sistemi və media kimi əsas qurumlara ictimai etimad tarixi aşağı səviyyədədir, siyasi qütbləşmə isə bütün zamanların ən yüksək həddə çatıb.
Verilən proqnoza görə, Respublikaçıların namizədliyinin hazırkı lideri Donald Tramp seçkidə Baydenə uduzsa, o, növbəti dəfə kütləvi saxtakarlıqlar törətdiyini iddia edəcək. Tramp seçki komissiyasının üzvlərinə qarşı “kütləvi hədə-qorxu kampaniyasını alovlandıracaq”.
Ən qorxulusu odur ki, daha çox amerikalı siyasi məqsədlərə çatmaq üçün zorakılıqdan istifadəni qəbul etməyə başlayıb. Bir sıra sorğunun nəticələri bunu göstərib.
Azpost.info