Britaniya taxt-tacının varisi Şahzadə Uilyam kral atası III Çarlzın ictimai vəzifələrinin bir hissəsini öz üzərinə götürə bilər.
Azpost.info bildirir ki, bu barədə Britaniya telekanalı Sky News xəbər verir. Söhbət yalnız ictimai fəaliyyətdən gedir. Xərçəng diaqnozu qoyulan kral dövlət işləri ilə özü məşğul olmağa davam edəcək.
Telekanalın məlumatına görə, kralın müalicəsi zamanı onun əlavə öhdəlikləri kral ailəsinin digər yüksək rütbəli üzvlərinə də paylana bilər.
Qeyd olunur ki, monarx Böyük Britaniyanın baş naziri Rişi Sunak ilə ənənəvi görüşlərini davam etdirəcək, lakin onların artıq distant keçiriləcəyi ehtimal edilir.
“The Times” qəzetinin yazdığına görə, Şahzadə Uilyam bu yaxınlarda qarın nahiyəsindən əməliyyat olunmuş həyat yoldaşı, Uels şahzadəsi Keytə qulluq etmək üçün qısa tətil planlaşdırırdı.
Lakin vaxtından əvvəl ictimai işlərinə qayıtmaq, eləcə də onu bəzi tədbirlərdə əvəz etmək üçün təcili geri qayıtmalıdır.
Azpost.info