ABŞ və İranın vaxtı daralır– Tramp kritik qərar ərəfəsindədir

Yaxın Şərqdə münaqişənin yenidən kəskinləşməsi fonunda həm ABŞ, həm də İran qarşıya qoyduqları məqsədlərə çatmaq və böhranı həll etmək üçün getdikcə daha az seçim imkanına və vaxta malikdir.

Azpost.info bildirir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti iyulun 15-də dərc etdiyi məqalədə yazıb.

Nəşrin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp münaqişəni noyabr ayında ölkəsində keçiriləcək aralıq seçkilərdən əvvəl, eləcə də neft qiymətləri amerikalılar üçün yenidən “ağrılı həddə” çatmamış nizamlamağa üstünlük verir.

İran isə vaxt qazanmağa çalışır və ümid edir ki, Hörmüz boğazında tətbiq etdiyi dəniz blokadası ABŞ iqtisadiyyatına əlavə təzyiq göstərəcək. Bununla yanaşı, Tehran ABŞ və İsrailin növbəti genişmiqyaslı hərbi əməliyyatına səbəb olmaq istəmir.

Qəzet yazır ki, hər iki tərəf hazırda aşağı intensivlikli qarşıdurmanı davam etdirməyi ən sərfəli variant hesab edir. “Hər iki tərəf belə nəticəyə gəlib ki, ən yaxşı seçim qarşı tərəf geri çəkilənədək münaqişəni aşağı səviyyədə davam etdirməkdir”, – deyə WSJ qeyd edir.

Məqalədə bildirilir ki, Vaşinqtonun Hörmüz boğazında gəmiçiliyə qarşı İranın yaratdığı təhlükəni regionda gərginliyi ciddi şəkildə artırmadan aradan qaldırması çətin görünür. Müəlliflərin fikrincə, ABŞ daxili siyasi səbəblərə görə belə addım atmağa meylli deyil.

Bununla belə, qəzet hesab edir ki, İran Donald Trampın seçkilər ərəfəsində respublikaçıların mövqeyini gücləndirmək və Yaxın Şərqdə qəti qələbə əldə etmək məqsədilə daha sərt addımlar ata biləcəyini də nəzərə almalıdır.

Analitiklər vurğulayırlar ki, belə strategiya Ağ Ev rəhbəri üçün də risklidir. Onların fikrincə, münaqişənin daha da kəskinləşməsi İranın regiondakı ABŞ müttəfiqlərinə qarşı hücumlarını intensivləşdirə bilər.

Bundan əlavə, ABŞ-ın İranın pilotsuz uçuş aparatları və raket hücumlarına qarşı Körfəz ölkələrini müdafiə etmək üçün istifadə olunan raket əleyhinə sistemlərdə çatışmazlıq yaşadığı bildirilir. Bu səbəbdən Tramp administrasiyasının vaxt qazanmağa hesablanmış siyasəti əlavə risklər yarada bilər.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.