Şeyxülislam və dini liderlərin dünyaya Xocalı mesajı

Şeyxülislam və dini liderlərin dünyaya Xocalı mesajı

Xocalı soyqırımının törədilməsindən 33 il ötür.

1992-ci il fevralın 26-da erməni quldur dəstələri rus-sovet ordusunun 366-cı alayı ilə birgə Xocalıda dəhşətli qətliam törədərək 600 –dən çox dinc sakini qətlə yetirdilər.

106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyuldu. 1 275 dinc sakin əsir götürüldü, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub. 8 ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

Azərbaycan bu soyqırım fəlakətini bütün dünyaya nümayiş etməklə erməni daşnak-millətçilərinin iç üzünü nümayiş etdirir, faciə qurbanlarına ədalət tələb edir.

Dövlətimiz beynəlxalq tədbirlərdən tutumuş ikitərəfli görüşlərədək hər bir məqamda bu soyqırımın səbəbkarlarını xatırladır.

İctimai-siyasi arenada olan hər bir qurum Xocalı soyqrımının tanıdılmasını özünün mənəvi borcu sayır.

1994-cü ildə Azərbaycan Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis “26 fevral – Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul edib. Sənəddə hadisənin başvermə səbəbləri və günahkarları təfsilatı ilə açıqlanıb.

Prezident İlham Əliyev 8 noyabr 2020-ci ildə Azərbaycan xalqına müraciətində Xocalı soyqırımının qurbanlarını xatırladaraq onların qisasının alındığını bəyan etmişdi: “Bu gün bəyan edirəm ki, şəhidlərimizin qanı yerdə qalmayıb. Erməni vəhşiliyinin qurbanlarının, Xocalı qurbanlarının qanı yerdə qalmayıb”-deyə dövlət başçısı açıqlamışdı.

Hər il dünya birliynə ünvanladıqları müraciətdə Şeyxulislam və Azərbaycanın digər dini icmalarının rəhbərləri Xocalı soyqırımına görə məsuliyyəti olanları cəzalandırılmasına çağırır.

Bu il də ənənəvi olaraq Qafqaz Müsəlmanları İdarəsi və Azəraycandakı dini icma rəhbərləri Xocalı soyqrımı ilə bağlı dünyaya müraciət etdilər.

“Xocalı bərpa olunur, lakin Xocalıya tarixi ədalət də bərpa olunmalıdır”-deyə müraciət edən dini liderlər bütün tərəqqipərvər ictimaiyyətə müraciət edərək, Xocalı soyqırımına biganə qalmamağa və bu dəhşətli faciəni törədənləri təqsirli bilərək, onların mühakimə olunması üçün öz səslərini ucaltmağa çağırıblar.

Şeyxülislam Allahşükür Paşazadə soyqırımın törədildiyi ilk gündən verdiyi bəyanatında faciə təşkilatçılarını lənətləmişdi. Bu baxımdan Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyətində Qarabağ və Xocalı soyqırımı qırmızı xətlə keçib.

Şeyxülislam XX əsrin faciəsi olan Xocalı soyqırımını aqressiv və cinayətkar erməni siyasətinin nəticəsi adlandırmışdı. “Xocalı soyqırımının nəticələrini öz gözlərimlə görmüşəm. O şəhərin faciəsi, orada vəhşicəsinə qətlə yetirilmiş uşaqların soyuqdan don vurmuş cəsədləri ömür boyu yaddaşımdan silinməz”-deyə QMİ sədri açıqlamalarında vurğulamışdı.

Bütün səmavi dinlərdə günahsız insanları öldürmək böyük günah sayılır. 33 il əvvəl Ermənistan bütün müqəddəs kitablarda yer almış bu qadağanı pozaraq dinc adamların –qocaların, qadınların, uşaqların qətliamını həyata keçirdi. Bu gün Xocalı soyqırımı Holokost, Xatın, Serebrenitsa qətliamı kimi dünya ictimaiyyətini kədərə qərq edən soyqırım kimi xatırlanır, bu qırğını törədən hərbi canilər lənətlənir.

Azərbaycanın Xocalıya Ədalət istəyərək verdiyi sülh mesajları isə dünyaya kimin haqlı olduğunu bir daha xatırladır.

Heydər Əliyev Fondu da Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində ardıcıl fəaliyyət göstərir. Fondun dəstəyi və təşkilatçılığı ilə soyqırımla bağlı xüsusi layihə çərçivəsində dünyanın bir sıra ölkələrində aksiyalar, silsilə tədbirlər, sərgilər, anım mərasimləri keçirilir.

Fondun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə elan edilən “Xocalıya ədalət!” kampaniyasının səmərəsi isə ildən-ilə artır. Kampaniya çərçivəsində keçirilən tədbirlərdə məqsəd Xocalıdakı cinayətə hüquqi-siyasi qiymətin verilməsinə, bütün dünyanın Xocalı soyqırımını tanımasına nail olmaqdır.

Xocalı faciəsi Azərbaycan xalqının qan yaddaşıdır.

Bu yaddaşı daşıyan xalq bu gün yenidən qüvvəsini cəmləşdirərək azad Qarabağda erməni faşistləri tərəfindən dağıdılmış mədəni-mənəvi irsini yenidən dirçəldir, tarixi abidələri və ziyarətgahlarına yeni həyat verir.

Azərbaycanın Xocalı qətliamını bütün dünyaya nümayiş etdirməklə Ermənistanın dövlət siyasətinin xain və təcavüzkar, terrorçu mahiyyətini bir daha xatırladır.

Bu 33 il ərzində istər ölkə daxilində, istərsə də beynəlxalq platformalarda Şeyxülislam dünyaya bu faciəni anladıb, ədalət istəyib, günahkarları lənətləyib. “Xocalıda törədilənlər vəhşiliklərin kulminasiya nöqtəsidir. Ancaq bu vəhşiklikləri törədənlər hələ də hüquqi cəzasını almayıblar”-deyə A.Paşazadə tələb edib.

Xocalı soyqırımı bir çox beynəlxlaq təşkilatların gündəliyinə salınmış və bir sıra dövlətlər bunu hərbi cinayəti soyqırım aktı kimi tanıyıblar. Hazırda Xocalı Soyqırımı dünyada 9 ölkə və ABŞ-ın 21 ştatı tam və ya parlament səviyyədə qətliam kimi tanıyıb.

Bu illər ərzində Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi altında Xocalı soyqırımının dünyada tanıdılması və onun təşkilatçıları və icraçılarının beynəlxalq məhkəməyə çıxarılması üçün ardıcıl işlər aparıb. Bakı Xocalı faciəsini bütün dünyaya nümayiş etməklə erməni millətçilərinin iç üzünü ifşa edir, “Xocalıya Ədalət” kampaniyası isə dünyadan bu fəlakətin qurbanlarına ədalət tələb edir.

Uşaq qatilləri dünyanın ən rəzil məxluqlarıdır. Müqəddəs kitablarda onların cinayətinə Allah qatında bəraət yoxdur.

Amma düşmən cəzasını alıb.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı Zəfər şəhidlərimizin qanının yerdə qoymadı.

Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Xocalı şəhidlərinin qanı yerdə qalmadı. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman Ordumuz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Ağdərə, Əsgəran, Xocavənd, Xankəndi ilə yanaşı, Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.

Bu gün Azərbaycan bayrağı Xocalıda vüqarla dalğalanır.

Xocalı hadisəsinin törədilməsində şübhəli bilinən hərbi xunta nümayəndələri tutularaq Bakıya gətirilib və hazırda onların məhkəməsində Xocalı faicəsi cinayət epizodlarından biri kimi qeyd olunub.

Xocalı soyqırımı və onun ağrısı xalqımız tərəfindən heç zaman unudulmayacaq. Bu, bizim qan yaddaşımızdır. Bu yaddaşı daşıyanlardan biri də Qafqaz Müsəlmanları İdarəsi və Şeyxülislam Allahşükür Paşazadədir. Şeyxulislam dünya dini liderlərinə, parlamentlərə, beynəlxalq təşkilatlara və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciətlərində onları bu faciəyə prinsipial siyasi, hüquqi qiymət verməyə, Xocalıda törədilən cinayəti soyqırımı aktı kimi tanımağa çağırır.

Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə “Ana harayı” adlı abidə ucaldılıb.

Sabah Şeyxülislam və Azərbaycan dini icma liderləri bu abidəni ziyarət edəcək, faciə qurbanlarının xatirəsini anacaq,ölkəmizin bir daha belə fəlakət yaşamaması üçün dualar edəcəklər.

Aydın ABBASOV

 

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.