Qış mövsümündə dəridə yaranan problemlər çox vaxt soyuq və quru havanın təsiri kimi qiymətləndirilir. AzPost xəbər verir ki, lakin dermatoloqlar bildirirlər ki, bəzi simptomlar ciddi və hətta həyati təhlükəli xəstəliklərin ilk əlaməti ola bilər.
AO “Medicina” klinikasının terapevti, tibb elmləri namizədi Oksana Serebryakova “Çempionat”a açıqlamasında dəridə müşahidə olunan beş ciddi dəyişiklikdən danışıb:
-
Davamlı mavimsi rəng (sianoz) barmaq və ayaq uclarında – sadəcə donma əlaməti deyil. Bu, periferik damarların təhlükəli spazmı və ya hətta tromboz əlaməti ola bilər.
-
Ağ, “mumlu” və ya çox sıx dəri sahələri, hissiyyat itkisi ilə – bu, II-IV dərəcəli dərin donmanın göstəricisidir. Bu halda zədələnmiş yalnız dəri deyil, həm də dərialtı toxumalar olur və dərhal tibbi müdaxilə tələb olunur.
-
Dərinin üzərində “şəbəkə” və ya ağacvari naxış (livedo racemosa) – vaskulit (damar iltihabı) və ya emboliya əlaməti ola bilər. Bu, damarların tıxanmasının ciddi göstəricisidir.
-
Ani qanaxmalar, purpura (kiçik qançırlar) və nekroz elementləri – bu simptomlar hemorragik vaskulit və ya meningokoksemiya (qan yoluyla meningokok infeksiyası) kimi həyati təhlükəli halları istisna etmək üçün dərhal müayinə tələb edir.
-
Dərinin kəskin ağarması, sonra qızarması, ağrı və istiləşdikdə uyuşma – bu, Reyno sindromunun tipik əlamətidir. Soyuq havada vəziyyət ağırlaşa və kritik dərəcədə toxuma qan dövranının pozulmasına gətirib çıxara bilər.
Həkim xəbərdarlıq edir ki, əgər bu dəyişikliklər isti mühitdə keçmirsə, ağrı, hərarət və ümumi narahatlıqla müşayiət olunursa, mütləq tezliklə həkimə müraciət etmək lazımdır.