UEFA Çempionlar Liqasının liqa mərhələsinin sonuncu – VIII turu çərçivəsində keçiriləcək “Liverpul” – “Qarabağ” qarşılaşması hər iki komanda üçün əhəmiyyət daşıyır.
Hazırda 15 xalla dördüncü pillədə qərarlaşan İngiltərə təmsilçisi qələbə qazanarsa, turnir cədvəlində ilk “8-liy”i, böyük ehtimalla isə ilk “4-lüy”ü təmin edəcək. Bu isə “qırmızılar”a 1/8 finala birbaşa vəsiqə qazandırmaqla yanaşı, növbəti iki raundda cavab oyunlarını evdə keçirmək imkanı verəcək. Heç-heçə olacağı halda “Liverpul”un xalı 16-ya yüksələcək və bu nəticə də komandaya kifayət edə bilər. Məğlubiyyət isə “Liverpul”u sərf etmir. Bu halda, komanda,digər görüşlərin də nəticələrindən asılı olaraq ilk “8-liy”i tərk edə bilər.
10 xalla 18-ci sırada yer alan “Qarabağ” son 22 avrokubok matçında cəmi bir dəfə qapısını toxunulmaz saxlayıb. Bu da “Liverpul” üçün imkanlar yaradır. Statistikaya əsasən, İngiltərə klubu hava mübarizələrinin 56,7 faizində qalib gəlir, “Qarabağ”da isə bu göstərici 40,5 faizdir. Bu üstünlükdə Vircil van Deykin rolu böyükdür. Kapitan hava mübarizələrinin 85,7 faizindən qalib ayrılır. O, 20-dən çox ikili mübarizəyə çıxan futbolçular arasında ən yaxşı göstəriciyə sahibdir. Premyer Liqada “Bornmut”la matçda uğursuz çıxış edən müdafiəçi üçün Ağdam təmsilçisi ilə görüş özünəinamı bərpa etmək baxımından yaxşı fürsət sayılır. “Liverpul”un hava üstünlüyü daha çox standart vəziyyətlərdə özünü göstərir. Komanda bu mövsüm Çempionlar Liqasında standart vəziyyətlər zamanı altı qol vurub. Bu göstərici turnirdə ən yaxşı nəticə hesab olunur. Dominik Soboslai isə üç cərimə zərbəsini qola çevirib. Sonuncu belə qol Premyer Liqada “Bornmut”un qapısına vurulub.
Soboslai bu mövsüm “Liverpul”un ən vacib fiqurlarından birinə çevrilib. O, Çempionlar Liqasında 7 qarşılaşmada 7 qol və məhsuldar ötürmə ilə yadda qalıb.
“Liverpul” rəqib cərimə meydançasında 313 dəfə pressinq edib. Bu, bütün komandalar arasında ən yüksək göstəricidir. Bu pressinqin mərkəzində isə məhz Soboslai dayanır. “Qarabağ” öz yarımmeydanında 166 ötürmədə səhvə yol verib. “Liverpul”da bu rəqəm 104-dür.
“Qarabağ” rəqibin kimliyindən asılı olmayaraq, sürpriz edə bilən komandadır. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv hesabda geri düşdüyü oyunlarda yeddi xal qazanıb. Bu, turnirdə ən yüksək göstəricidir. Eyni zamanda qalib vəziyyətdə olduğu matçlarda səkkiz xal itirib.
Meydan sahibləri üçün əsas şərt erkən qollar vurmaqdır. Son 13 görüşdə məğlub olmayan komanda bu seriyada altı heç-heçə edib. Bir çox qarşılaşmada qol imkanlarından istifadə olunmayıb və asan qollar buraxılıb. Məhəmməd Salahın qayıdışı hücum xəttini gücləndirsə də, sürprizlərə açıq olan “Qarabağ”a qarşı qol imkanlarını qaçırmaq İngiltərə klubu üçün risk yarada bilər.