Saxta pulu necə bilmək olur?– 500 manatlığı kim saxtalaşdırıb? /20 ildə ələ keçən pullar

 Saxta pulla aldadılmaq heç də xoş ovqat yaratmır. Bu addmın cinayət tərkibi yaratdığını da nəzərə alsaq o zaman vəziyyətin ciddiliyi tam aydın olur.

Bəs Azərbaycanda saxta pul hazırlanması ilə bağlı mübarizə necə aparılır?

AzPost bildirir ki, istehsal və hazırlanma üsulundan asılı olmayaraq Mərkəzi Bank tərəfindən tədavülə buraxılmış pul nişanlarını imitasiya edən (oxşadan, bənzədən) və ya həqiqi pul nişanlarının nominalının və ya digər parametrlərinin dəyişdirilməsi nəticəsində düzəldilmiş pul nişanı saxta hesab olunur.

Pullar əksər hallarda 3 mühafizə elementi – su nişanı, mühafizə sapı və holoqram imitasiya edilməklə saxtalaşdırılır.

Kağız pul nişanları əsasən skaner, rəngli printer və kompüterdən istifadə olunmaqla saxtalaşdırılır.

Ölkədə pul nişanlarının saxta olması barədə ekspert rəyini yalnız Mərkəzi Bank verir. Təqdim olunan milli və ya xarici valyutada pul nişanının saxta olması müəyyən edildikdə həmin pul nişanı dəyişdirilmir və onun nominal dəyəri ödənilmir. Saxta pul nişanı geri qaytarılmır və qanunvericiliklə müəyyən edilən tədbirlərin görülməsi üçün aidiyyəti dövlət orqanına göndərilir.

Ölkəmizdə saxta pul nişanlarına dair statistik məlumatları araşdırarkən maraqlı rəqəmləri tapdıq.

Bu baxımdan 2006-2023-cü illərdə Mərkəzi Bank tərəfindən aşkar olunmuş saxta pul nişanlarının dinamikası diqqətçəkəndir.

Bu müddət ərzində:

2845 ədəd-1 manatlıq,

2434 ədəd -5 manatlıq

574 ədəd -10 manatlıq

1263 ədəd -20 manatlıq

681 ədəd -50 manatlıq

2277 ədəd – 100 manatlıq

4 ədəd -200 manatlıq

2 ədəd -500 manatlıq saxta pullar aşkar edilib.

 

Mərkəzi Bankda pul nişanlarının ekspertizası üzrə beynəlxalq standartlara cavab verən biznes proseslər yaradılmış və yüksək texnoloji sitemlərlə təchiz olmuş laboratoriya fəaliyyət göstərir.

 

Saxta pul nişanlarının hazırlanması və satışı ilə məşğul olan şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.

Cinayət məcəlləsinə əsasən satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və ya satma əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 5 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Eyni əməllər külli miqdarda və ya əvvəllər saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satmağa görə məhkum olunmuş şəxs tərəfindən törədildikdə əmlakı müsadirə olunmaqla 7 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd olunan əməllər mütəşəkkil dəstə tərəfindən və külli miqdarda törədildikdə əmlakı müsadirə olunmaqla 8 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Pul nişanlarının saxtalaşdırılması üzrə cinayət işinin məhkəmə icraatı başa çatdıqdan sonra saxta pul nişanları Mərkəzi Banka təhvil verilir. Burada saxta pulların məhv edilməsi qaydaları İdarə Heyəti tərəfindən müəyyən edilir.

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.