2025-ci ildə kərə yağının Azərbaycanda qiymətlərinə tətikləyici təsir əsas təchizatçı olan ölkələrdən qiymətlərin yüksəlməsidir. Azərbaycanda bir ton kərə yağının orta idxal qiyməti isə yuvarlaqlaşdırılmadan 5.69 min dollardan 7.22 min dollara qalxıb və illik artım 26.91% təşkil edib.
Banker.az xəbər verir ki, Azərbaycan 20.13 min ton kərə yağı idxal edib və bunun ümumi dəyəri 145.31 mln. dollar təşkil edib. 2024-cü illə müqayisədə idxal həcmi 24.51 min tondan 20.13 min tona düşərək 18% azalıb. Buna baxmayaraq, ümumi dəyər 139.51 mln. dollardan 145.31 mln. dollara yüksələrək 4% artıb.
Əsas təchizatçı İran İslam Respublikası olaraq qalır. Bu ölkədən idxal 14.23 min tondan 8.62 min tona enərək 39% azalıb, dəyər isə 69.25 mln. dollardan 50.97 mln. dollara düşüb. Orta qiymət 4.87 min dollardan 5.91 min dollara yüksəlib və 21.34% artıb.
Yeni Zelandiyadan idxal 5.33 min tondan 4.27 min tona enib, yəni 19.96% azalıb. Dəyər 35.55 mln. dollardan 33.98 mln. dollara düşüb. Bir tonun orta qiyməti 6.66 min dollardan 7.96 min dollara qalxıb və 19.59% artım göstərib.
Belarusdan kərə yağı idxalı 1.11 min tondan 1.45 min tona yüksəlib və 30.54% artım qeydə alınıb. Dəyər 7.70 mln. dollardan 11.45 mln. dollara çataraq 48.77% artıb. Orta qiymət isə 6.92 min dollardan 7.88 min dollara qalxıb və 13.87% artıb.
Bununla belə Dövlət Statistika Komitəsi yerli bazarda idxal olunan kərə yağının qiymətinin 10%, yerli istehsalın isə 5% altında artdığını göstərir. Bir kiloqram kərə yağı 2025-ci ilin əvvəlindəki 22.62 manatdan ilin sonuna 24.60 manata qədər bahalaşıb.
Araşdırma zamanı məlum olur ki, bu artımlar təkcə Azərbaycana idxal olunan məhsullara aid deyil. Artım qlobal bazarda süd yağına tələbin xüsusilə Asiya ölkələrində yüksəlməsi, eyni zamanda Avropa və ABŞ-da istehsal xərclərinin artması səbəbindən təklifin məhdudlaşması ilə izah olunur. Dünyanın ən böyük ixracatçılarından olan Yeni Zelandiyada istehsalın böyük hissəsi ixraca yönəldiyi üçün daxili qiymətlər də beynəlxalq kotirovkalara bağlanır, nəticədə idxal olunan kərə yağı daha baha başa gəlir. Buna əlavə olaraq logistika və daşıma xərclərinin yüksəlməsi də qiymət artımını gücləndirir.
2023-cü ilin sonunda Azərbaycan hökuməti ölkəyə idxal olunan kərə yağı, süddən hazırlanmış yağlar və digər bəzi kənd təsərrüfatı məhsullarına gömrük rüsumlarından azadetmə tətbiq etmişdi. Bu qərar 31 dekabr 2025-ə qədər qüvvədə olmaq üçün uzadılmışdı — yəni bu ilin sonuna qədər idxal edilən kərə yağına gömrük rüsumu 0% kimi tətbiq edilirdi.
Qiymətə digər təsir edən amil yerli zavodlarınistehsal həcmlərinin azalmasıdır. Məsələn, DSK bildirib ki, 2025-ci ildə Azərbaycanda 26.58 min ton kərə yağı istehsal edilib. Bu istehsalın illik 8.2 faiz azalmadır.