“Sabahkı oyun asan olmayacaq”.
AZƏRTAC xəbər verir ki, bu sözləri İngiltərənin “Nyukasl” klubunun yarımmüdafiəçisi Ceykop Mörfi UEFA Çempionlar Liqasının pley-off mərhələsində İngiltərədə “Qarabağ”a qarşı keçirəcəkləri oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.
Futbolçu sabahkı qarşılaşmanın çətin keçəcəyini bildirib: “Sabahkı oyunu səbirsizliklə gözləyirəm. Asan olmayacaq. Öz meydanımızda oynamaq isə hər zaman xoşdur. Yenə də böyük qələbə qazanmaq istəyirik.”
O, Bakıda keçirilən ilk oyuna da toxunub: “Ötən dəfə bizi izləyən “Nyukasl” azarkeşləri Bakıda göstərdiyimiz oyuna görə çox sevinirdilər. Çox güclü çıxış etdik, aqressiv idik, hücumda yaxşı oynadıq. Bizim belə potensialımız var. Düşünürəm ki, hazırda özümüzü yaxşı göstəririk. Bu isə müxtəlif amillərin birləşməsinin nəticəsidir”.