Son illərdə Bakı şəhərində kirayə mənzil bazarında qiymətlər kəskin artıb.
Azpost.info bildirir ki, xüsusilə metro stansiyalarına yaxın ərazilərdə bir otaqlı mənzillərin qiyməti 500-700 manat arasında dəyişir. Yeni tikililərdə isə bu rəqəm daha yüksəkdir.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyevin açıqlamasına görə, qiymət artımının əsas səbəblərindən biri regionlardan paytaxta axının davam etməsidir. Universitet tələbələri, yeni ailə quranlar və iş üçün Bakıya gələn şəxslər kirayə bazarında tələbi artırır.
Ən böyük problemlərdən biri isə rəsmi müqavilələrin az olmasıdır. Bir çox kirayə münasibətləri qeyri-rəsmi şəkildə qurulur. Bu isə həm kirayəçi, həm də ev sahibi üçün risk yaradır. Bəzi hallarda kirayəçilər qəfil evdən çıxarılır və ya depozitlərini geri ala bilmirlər.
Sosial baxımdan bu problem xüsusilə gəncləri çətin vəziyyətə salır. Yeni işə başlayan bir gəncin orta aylıq maaşı 700-900 manat civarında olur. Bu gəlirin böyük hissəsinin kirayəyə verilməsi digər ehtiyacların qarşılanmasını çətinləşdirir.
Tikinti sektorunda fəaliyyət göstərən bəzi şirkətlər hesab edirlər ki, dövlət sosial kirayə evləri layihələrini genişləndirməlidir. Dünyanın bir çox ölkəsində gənclər və aztəminatlı ailələr üçün dövlət dəstəyi ilə kirayə mənzillər təqdim olunur. Azərbaycanda da bu istiqamətdə layihələrin hazırlanması müzakirə edilir.
Şəhərsalma üzrə mütəxəssis Rauf Ağamirzəyev bildirir ki, Bakının həddindən artıq mərkəzləşməsi problemi daha da dərinləşdirir. Onun sözlərinə görə, bölgələrdə iş imkanları artsa, paytaxta axın da azalar.
Kirayə bazarındakı vəziyyət göstərir ki, mənzil məsələsi artıq yalnız iqtisadi yox, həm də ciddi sosial problemə çevrilib. İnsanların yaşayış şəraiti və ailə qurmaq imkanları bu bazardakı qiymətlərdən birbaşa asılıdır.
Sunay AYDIN