Vaşinqton və Tehran arasında hazırlanmaqda olan ilkin razılaşma İranın zənginləşdirilmiş uran ehtiyatlarından imtinasını nəzərdə tutur.
Bu barədə “The Washington Post“ qəzeti məlumat yayıb.
Nəşrin diplomatik mənbəsinin sözlərinə görə, saziş layihəsinə əsasən, İran heç vaxt nüvə silahı yaratmayacağını təsdiqləyəcək və zənginləşdirilmiş uran ehtiyatlarının utilizasiyasına razılıq verəcək.
Məqalədə qeyd olunur ki, bu mexanizmin detalları qarşıdakı iki ay ərzində razılaşdırılacaq.
İran rəsmilərindən biri qəzetə bildirib ki, tərəflərin üzərində işlədiyi “qarşılıqlı anlaşma memorandumu” həmçinin İranın Hörmüz boğazını açmasını və ABŞ-ın Tehranın 12 milyard dollar həcmində dondurulmuş aktivlərini azad etməsini nəzərdə tutur.
Bundan başqa, Vaşinqtonun İrana qarşı dəniz blokadasını dayandıracağı da qeyd edilir.