İstanbulda təhsildən kənarda qalan azərbaycanlı uşaqların təhsilə cəlb olunması müzakirə edilib

28 iyun 2026-cı il tarixində saat 13:00-da Türkiyənin İstanbul şəhərində, Hüseyn Cavid adına Millətlərarası Azərbaycan Məktəbinin binasında “İstanbul şəhərində yaşayan və müxtəlif səbəblərdən təhsildən kənarda qalan məktəbyaşlı uşaqların təhsilə cəlb edilməsi” layihəsi çərçivəsində tədbir keçirilib.

QHT.az xəbər verir ki, tədbir “Maarifçi Qadınlar” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə təşkil olunub.

Tədbiri giriş sözü ilə açan “Maarifçi Qadınlar” İctimai Birliyinin sədri Şərqiyyə Məmmədova layihənin məqsəd və əhəmiyyətindən danışıb. O bildirib ki, ilk baxışdan sadə görünən bu mühüm məsələnin həlli istiqamətində təşkilat bir sıra maddi və mənəvi çətinliklərlə qarşılaşsa da, həyata keçirilən davamlı fəaliyyət nəticəsində əhəmiyyətli uğurlar əldə olunub.

Tədbirdə İstanbulun müxtəlif bölgələrində yaşayan azərbaycanlılar iştirak ediblər. Çıxışlar zamanı azərbaycanlı ailələrin üzləşdikləri sosial və iqtisadi çətinliklərdən, bu problemlərin uşaqların təhsildən kənarda qalmasına təsirindən bəhs olunub.

İştirakçılar tərəfindən səsləndirilən həyat hekayələrində işsizlik və maddi imkansızlıq səbəbindən uzun illər Vətəndən kənarda yaşamaq məcburiyyətində qalan ailələrin övladlarını məktəbə göndərə bilməməsi, bəzi uşaqların isə ilkin oxu və yazı bacarıqlarına belə yiyələnməməsi kimi narahatedici məqamlar diqqətə çatdırılıb.

Bildirilib ki, uşaqların təhsilə çıxış imkanlarının genişləndirilməsi, ailələrə davamlı dəstəyin göstərilməsi və aidiyyəti qurumların bu məsələyə diqqətinin artırılması olduqca vacibdir. İştirakçıların bölüşdükləri həyat hekayələri problemin həlli üçün dövlət qurumlarının, ictimai təşkilatların və icma nümayəndələrinin birgə fəaliyyət göstərməsinin zəruriliyini bir daha nümayiş etdirib.

Tədbirin sonunda iştirakçılar təhsildən kənarda qalan məktəbyaşlı uşaqların təhsilə cəlb olunmasına dəstək göstərəcəklərini və bu istiqamətdə imkanları daxilində kömək edəcəklərini bildiriblər.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.