Süni intellekt 1000 il əvvəlki musiqiləri yenidən səsləndirdi– Unudulmuş əsərlər bərpa olundu

Avropa İttifaqının maliyyələşdirdiyi “REPERTORIUM” layihəsi çərçivəsində tədqiqatçılar süni intellekt texnologiyalarının köməyi ilə əsrlər boyu monastır arxivlərində unudulmuş qriqorian nəğmələrini və opera əsərlərini bərpa ediblər. Nəticədə təxminən 1000 ildir səslənməyən qədim musiqilər yenidən ifa olunub.

Azpost.info xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb.

İspaniyanın Xaen Universitetinin rəhbərliyi ilə həyata keçirilən layihəyə 8 ölkədən mütəxəssislər cəlb olunub. Tədqiqat zamanı Fransadakı Solesm monastırında qorunan və təxminən 2 milyon qriqorian melodiyasını əhatə edən unikal arxiv süni intellekt vasitəsilə təhlil edilib.

Layihənin ilk mərhələsində alimlər minlərlə musiqi nümunəsini əl ilə işarələyərək alqoritmləri öyrədiblər. Daha sonra süni intellekt melodiyaları tanıyıb, onları mövcud məlumat bazaları ilə müqayisə edərək sürətlə indeksləşdirib.

Üç il davam edən araşdırmalar nəticəsində 350 mindən çox əlyazma təsviri156 min qriqorian nəğməsi rəqəmsal bazaya daxil edilib.

Bərpa edilən musiqi nümunələrinin bir hissəsi İspaniyanın Salamanka katedralında təşkil olunan canlı konsertdə səsləndirilib. Layihə çərçivəsində XVIII əsrə aid itirilmiş bir opera da bərpa olunaraq “6D Audio” texnologiyası vasitəsilə virtual konsert zalında dinləyicilərə təqdim edilib.

Mütəxəssislər bildirirlər ki, uzun illər əlçatmaz qalan arxivlərin rəqəmsallaşdırılması musiqişünaslar üçün yeni tədqiqat imkanları yaradıb və Avropanın unudulmuş musiqi irsinin yenidən dünya səhnəsinə qayıtmasına şərait yaradıb.

Onların fikrincə, “REPERTORIUM” layihəsi süni intellektin yalnız yeni məzmun yaratmaq üçün deyil, həm də bəşəriyyətin tarixi və mədəni irsinin qorunması, bərpası və gələcək nəsillərə çatdırılması baxımından böyük potensiala malik olduğunu bir daha nümayiş etdirib.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.