“Xəzər–Qara dəniz–Avropa Yaşıl Enerji Dəhlizi” üzrə yekun investisiya qərarı 2029-cu ildə veriləcək
“Xəzər–Qara dəniz–Avropa Yaşıl Enerji Dəhlizi” üzrə yekun investisiya qərarının 2029-cu ildə qəbul edilməsi nəzərdə tutulur.
Bunu Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2026) çərçivəsində keçirilən “Regional enerji əlaqələri və yaşıl keçid: çətinliklər və imkanlar” adlı sessiyada çıxışı zamanı deyib.
Nazir bildirib ki, ümumi ötürmə gücü təxminən 4,4 QVt olan “Xəzər–Qara dəniz–Avropa Yaşıl Enerji Dəhlizi” üzrə texniki-iqtisadi əsaslandırma layihənin texniki və iqtisadi baxımdan mümkünlüyünü təsdiqləyib.
Onun sözlərinə görə, dəhlizin mərhələli şəkildə 2032–2040-cı illərdə istismara verilməsi planlaşdırılır.
Pərviz Şahbazov qeyd edib ki, dəhliz tam fəaliyyətə başladıqda ildə 20 tVt-saatdan çox elektrik enerjisinin ixracına imkan verəcək.
Nazir vurğulayıb ki, layihənin əhəmiyyəti yalnız elektrik enerjisinin ötürülməsi ilə məhdudlaşmır və Azərbaycanla Avropa arasında enerji sistemləri, iqtisadiyyatlar və investisiya imkanlarını birləşdirəcək.