Rusiya Azərbaycan və Ermənistan arasında enerji əməkdaşlığının bərpasını müsbət qiymətləndirir. Moskva hesab edir ki, Azərbaycanın Ermənistana qaz ixracına başlanması üçün yeni qaz kəmərinin tikintisi və uzunmüddətli müqavilələrin imzalanması tələb olunur.
Azpost.info bildirir ki, bunu Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov jurnalistlərə açıqlamasında deyib.
Şevtsov Azərbaycan və Ermənistan rəsmilərinin Azərbaycanın Ermənistana qaz tədarükü imkanları ilə bağlı son açıqlamalarına diqqət çəkib.
“Ermənistan-Azərbaycan enerji sahəsində əməkdaşlığın bərpası faktını alqışlayırıq. Bu, regionda dinc həyatın bərpası istiqamətində müsbət addımın göstəricisi ola bilər”, – deyə Rusiya rəsmisi bildirib.
Azərbaycan Ermənistana yanacaq da göndərir
Şevtsov enerji əməkdaşlığının yalnız qazla məhdudlaşmadığını da qeyd edib. Onun sözlərinə görə, uzun illər davam edən fasilədən sonra Azərbaycandan Ermənistana dizel yanacağı və benzin tədarükü də həyata keçirilir.
Rusiya rəsmisi bunu iki ölkə arasında iqtisadi və enerji əlaqələrinin bərpası baxımından diqqətçəkən hadisə kimi qiymətləndirib.
Azərbaycan qazının Ermənistana nəqli üçün yeni kəmər lazımdır
Şevtsov Azərbaycanın Ermənistana qaz tədarükü məsələsinə toxunarkən bildirib ki, tərəflər hazırkı mərhələdə belə tədarükün həyata keçirilməsinin texniki baxımdan çətin olduğunu inkar etmirlər. Onun sözlərinə görə, bunun üçün yeni qaz kəmərinin tikintisi tələb olunur.
“Bu isə yalnız uzunmüddətli müqavilələr və sabit tələbat olduğu halda məqsədəuyğundur”, – Şevtsov vurğulayıb.
Beləliklə, Azərbaycanın Ermənistana qaz ixracı ilə bağlı mümkün layihənin reallaşması yalnız siyasi razılaşmadan deyil, həm də infrastrukturun yaradılmasından, uzunmüddətli müqavilələrdən və davamlı tələbatdan asılı olacaq.