Almaniya Federal Kəşfiyyat Xidmətinin (BND) keçmiş rəhbəri Auqust Hanningin Çinin istefada olan generalı Van Tszyançjenlə əlaqə saxladığı məlum olub.
“Der Spiegel” nəşri bu barədə iş üzrə məlumatlı mənbələrə istinadən yazıb.
İstintaq Hanning barəsində dövlətə xəyanət şübhəsi ilə aparılan araşdırma çərçivəsində “Çin izini” də yoxlayır. Müfəttişlər 80 yaşlı Hanningin təqaüdə çıxdıqdan sonra özəl məsləhətçi kimi çalışarkən məxfi məlumatları Çinin xüsusi xidmət orqanlarının nümayəndəsinə ötürüb-ötürmədiyini araşdırırlar.
Almaniya prokurorluğu bu məlumatı şərh etməkdən imtina edib.
Daha əvvəl prokurorluq bildirmişdi ki, Hanning xarici xüsusi xidmət orqanının nümayəndəsi ilə “intensiv əlaqə” saxlayaraq bir neçə il ərzində ona siyasi məlumatlar ötürüb. İstintaqın versiyasına görə, bu məlumatların bir hissəsi BND rəhbərinin keçmiş aparat rəhbəri Manfred D.-dən alınmış sənədlərə əsaslanıb. Hanningin əlaqə saxladığı şəxsin hansı ölkənin maraqları naminə işlədiyi isə açıqlanmayıb.
Van Tszyançjen istefada olan general-mayor və uzun illər Almaniyada xidmət etmiş keçmiş çinli diplomatdır. O, 1987–1990-cı illərdə Çinin Şərqi Berlindəki nümayəndəliyində çalışıb. Daha sonra iki dəfə Almaniyaya qayıdıb və sonuncu dəfə 2013-cü ilədək hərbi attaşe vəzifəsində işləyib.
“Spiegel” onların birgə səfərləri və layihələrdə iştirak etdiyini yazır. 2017-ci ildə onlar Huaybeydə keçirilən rəsmi qəbulda iştirak ediblər. Van Tszyançjen Hanningə Gerhard Şröderlə söhbətlər əsasında hazırlanan kitabın çincə tərcüməsinə yazdığı ön sözdə təşəkkür edib. 2023-cü ildə isə hər ikisinin Avropa-Çin konfransının iştirakçıları siyahısında yer aldığı və Tsindaoda yerləşən Almaniya-Çin ekoparkının məsləhət şurasına daxil olduğu bildirilir.
Hanningin vəkili onun Pekinə həssas məlumatlar ötürdüyü ilə bağlı şübhələri rədd edib. Müdafiə tərəfi Hanningin məxfi sənədlərə çıxışının olduğunu təsdiqləsə də, həmin sənədləri Almaniyanın zərərinə ötürdüyü, xüsusilə də bunun müqabilində pul aldığı barədə iddianı yanlış adlandırıb. Hanning özü də ittihamları rədd edib.
Hanning və Manfred D. oktyabrın 6-da saxlanılıb. İstintaqın versiyasına görə, BND rəhbərinin keçmiş aparat rəhbəri illər ərzində daxili kəşfiyyat materiallarını keçmiş rəhbərinə ötürüb.
2022-ci ilin iyun ayına qədər Hanningin təxminən 2 min sənəd aldığı bildirilir. Onların bir çoxu məxfi olub. Prokurorluq hesab edir ki, Hanning bu materiallardan özəl konsaltinq fəaliyyətində gəlir əldə etmək məqsədilə istifadə etmiş ola bilər.