Rusiya İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidməti (Rospotrebnadzor) Gürcüstanda istehsal olunan bəzi alkoqollu və alkoqolsuz içkilərin Rusiyaya idxalına və ölkə daxilində dövriyyəsinə müvəqqəti qadağa qoyub.
RBK nəşri bu barədə sərəncamın mətni və alkoqol bazarındakı mənbələr, eləcə də iri pərakəndə satış şəbəkələrindəki məlumatlar əsasında xəbər yayıb.
Sənədə əsasən, məhdudiyyət Avrasiya İqtisadi Komissiyası Şurasının qərarında nəzərdə tutulan müvəqqəti sanitariya tədbiri çərçivəsində tətbiq edilib. Qadağa müəyyən edilmiş orqanoleptik, fiziki-kimyəvi və təhlükəsizlik göstəricilərinə uyğun gəlməyən məhsullara şamil olunur.
Hansı içkilərə qadağa qoyulub?
Məhdudiyyət siyahısına aşağıdakı istehsalçıların məhsulları daxil edilib:
“Teliani Valley”, “Tbilvino” və “Wineman” şirkətlərinin şərabları;
“Askaneli Brothers” şirkətinin şərab və konyakı;
“Georgian Beer Company” şirkətinin pivəsi;
Gürcüstanda istehsal olunan yüksək qazlı “Coca-Cola”;
“Healthy Water” şirkətinin “Nabeghlavi” mineral suyu.
“RBK”nın alkoqol bazarındakı mənbəsi məhdudiyyətlər barədə məlumatı təsdiqləyib. Rusiyanın ən böyük pərakəndə satış şəbəkələrindən birinin nümayəndəsi də nəşrə müvafiq məktubun daxil olduğunu bildirib.
Nəşr məsələ ilə bağlı Rospotrebnadzora, Pərakəndə Ticarət Şirkətləri Assosiasiyasına (AKORT), həmçinin X5, “Magnit”, “Lenta”, Spar, “Auchan” və Metro ticarət şəbəkələrinə sorğular göndərib.
Qadağanın müddəti və məhsulların dövriyyəsinin hansı şərtlərlə bərpa edilə biləcəyi barədə məlumat açıqlamada göstərilməyib.