Zelenski Trampın elan etdiyi enerji atəşkəsini dəstəklədi

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsində enerji atəşkəsi ilə bağlı təşəbbüsünü dəstəklədiklərini açıqlayıb. O bildirib ki, bu təşəbbüsün nəticə verməsi üçün Rusiyanın da razılaşmaya qoşulması vacibdir.

Zelenski bu barədə Kanada Baş naziri Mark Karni, Finlandiya Prezidenti Aleksandr Stubb və NATO-nun baş katibi Mark Rutte ilə apardığı danışıqlardan sonra məlumat verib.

“Biz Prezident Trampın elan etdiyi enerji atəşkəsini müzakirə etdik. Ukrayna atəşkəsi dəstəkləyir və Rusiyanın da bunu dəstəkləməsi vacibdir. ABŞ tərəfinin ətraflı məlumat verməsini gözləyirik”, – deyə Ukrayna Prezidenti bildirib.

Zelenskinin sözlərinə görə, Ukrayna gərginliyin azaldılmasına, insanların həyatının qorunmasına, müharibənin başa çatdırılması və davamlı sülhün təmin edilməsi üçün zəruri qərarların qəbuluna yönələn addımları tam dəstəkləyir.

Ukrayna Prezidentinin açıqlaması enerji infrastrukturuna hücumların dayandırılması ilə bağlı təşəbbüs ətrafında müzakirələrin davam etdiyi bir vaxta təsadüf edir.

Qeyd edək ki, Tramp bundan əvvəl Rusiya ilə Ukrayna arasında enerji atəşkəsinin dərhal qüvvəyə mindiyini bəyan etmiş və tərəfləri razılaşmanı pozmamağa çağırmışdı. Bununla belə, Zelenski əvvəlki açıqlamasında Kiyevin belə bir razılaşma barədə məlumatının olmadığını bildirmiş, Rusiyanın razılaşacağı təqdirdə Ukraynanın da atəşkəsi qəbul etməyə hazır olduğunu demişdi.

Hələlik ABŞ tərəfinin təşəbbüsün detalları və atəşkəsin tətbiq mexanizmi ilə bağlı əlavə məlumat verməsi gözlənilir.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.