Azərbaycanın dünyəvilik yolu şüurlu və strateji seçimdir.
Bu barədə siyasi ekspert Fərhad Məmmədov açıqlamasında deyib. Onun fikrincə, dinin siyasi məqsədlər üçün istismar olunması yolverilməzdir və Azərbaycan cəmiyyətində İslam hər bir insanın şəxsi, şüurlu seçimi olmalıdır.
Fərhad Məmmədov İslamın siyasiləşdirilməsi, Azərbaycanın dünyəvilik prinsipləri və məktəblərdə vahid geyim məsələsi ilə bağlı fikirlərini bölüşüb. Ekspert hesab edir ki, İslamın ən səmimi forması dünyəvi cəmiyyətdə mövcud ola bilər. O, bu yanaşmanın tarixi təcrübəyə, müasir reallıqlara və dinin insanla Allah arasındakı şəxsi münasibətlərə əsaslanan mahiyyətinə söykəndiyini vurğulayıb.
Fərhad Məmmədovun sözlərinə görə, tarixi təcrübə göstərir ki, Peyğəmbərdən (s.ə.s.) və dörd raşidi xəlifədən sonra İslam bir sıra hökmdarlar tərəfindən dövlətlərin sərhədlərini genişləndirmək, xalqları fəth etmək və siyasi təsiri artırmaq məqsədilə istifadə olunub. Ekspert hesab edir ki, tarix boyu dövlət maraqları dinin siyasi məqsədlərə xidmət etməsinə gətirib çıxarıb. Onun fikrincə, müasir dövrdə də İslamın siyasi məqsədlər üçün istismarı ciddi problem olaraq qalır.
F.Məmmədov Azərbaycanın da bu kontekstdə davamlı hücumlarla üzləşdiyini bildirib. O, Azərbaycanın cənub qonşusunun rifah cəmiyyəti barədə təbliğatını tənqid edərək, həmin ölkənin özünün belə bir rifah modelinin nümunəsini göstərə bilmədiyini qeyd edib.
Ekspertin fikrincə, ictimaiyyət qarşısına çıxmayan ali rəhbərin adından idarə olunan hərbi xunta ideal İslam idarəçiliyi modeli sayıla bilməz.
“Azərbaycanın dünyəvilik seçimi strateji xarakter daşıyır”
Fərhad Məmmədov Azərbaycanın dünyəvi inkişaf yolunu təsadüfi seçim deyil, əsrlər boyu formalaşmış təcrübənin nəticəsi və strateji qərar kimi qiymətləndirib. Onun fikrincə, dünyəvilik insanın dini inanclarını sərbəst və şüurlu şəkildə müəyyənləşdirməsi üçün şərait yaradır. “Dünyəvilik səmimi İslam üçün şərait yaradır. Hər bir insan müəyyən yaşa çatdıqda Allahla münasibətləri barədə şüurlu seçim edir. Bu yaş 18, 30, 45, 60 ola bilər, hətta insan ölüm yatağında olarkən də belə bir seçim edə bilər. Hər kəsin Allaha gedən öz yolu var və hər kəs Allah qarşısında yalnız özü üçün cavabdehdir”, – deyə ekspert bildirib.
Məmmədov vurğulayıb ki, İslamda insanla Allah arasındakı münasibətlər əsas yer tutur və bu münasibətlər dünyəvi prinsiplərlə ziddiyyət təşkil etmir. Onun sözlərinə görə, Azərbaycan dünyəvi dövlət kimi öz həyat tərzini müəyyənləşdirmək hüququna malikdir.
Vahid məktəbli geyimi niyə siyasiləşdirilir?
Ekspert müəllimlər və şagirdlər üçün vahid məktəbli geyimi məsələsinin siyasiləşdirilməsini də tənqid edib.
Onun fikrincə, vahid geyim yanaşmasının məqsədi məktəb təhsilində standartları qorumaq və böyüməkdə olan nəsildə ədalət hissini formalaşdırmaqdır. Məmmədov hesab edir ki, bu məsələni vətəndaşların gündəlik həyatına müdaxilə və ya məhdudiyyət kimi təqdim etmək düzgün deyil. Ekspert dini dəyərlər üzərindən siyasi manipulyasiyaların aparılmasını yolverilməz sayıb. O bildirib ki, uşaqlar xarici dini təsirlərin istismar obyektinə çevrilməməlidir.
Fərhad Məmmədovun fikrincə, Azərbaycanda dini mövzular üzərindən təsir göstərmək cəhdləri mövcuddur və bu fəaliyyət məqsədyönlü xarakter daşıyır. O, sosial şəbəkələrdə informasiya manipulyasiyaları aparan və Azərbaycan cəmiyyətinə qarşı təxribat xarakterli fəaliyyət göstərən yüzlərlə səhifə və profilin yaradıldığını iddia edib.
Ekspertin qənaətinə görə, dini dəyərlərin siyasi və xarici təsir vasitəsinə çevrilməsinin qarşısı alınmalıdır. F.Məmmədov fikirlərini yekunlaşdıraraq bildirib ki, Azərbaycanda dünyəvilik kənardan qəbul etdirilən dini yanaşmanı deyil, insanın öz iradəsi ilə seçdiyi səmimi İslamı təmin edir. Onun fikrincə, Azərbaycanda İslam hər bir insanın şəxsi və şüurlu seçimidir.