ABŞ bu güzəştlə Putini sülh danışıqlarına qaytarmaq istəyirTrampın nümayəndələri

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və Amerika liderinin kürəkəni Cared Kuşner Ukrayna nümayəndələri ilə danışıqlarda Rusiyadan dizel yanacağının alınması ilə bağlı razılaşmanın Vladimir Putini yenidən danışıqlar masasına qaytarmaq məqsədi daşıdığını bildiriblər.

Azpost.info xəbər verir ki, bu barədə “Reuters” agentliyinə məlumatlı mənbələr açıqlama veriblər.

Onların sözlərinə görə, amerikalı danışıqlar aparan şəxslər Putinin indiyədək müharibənin dayandırılması ilə bağlı danışıqlara hazır olmadığını qeyd ediblər. Lakin Rusiyadan 2,25 milyon barel dizel yanacağının ABŞ bazarına tədarükü barədə razılaşmanın Moskvanın mövqeyini “yumşaltmalı” və Donald Trampın Rusiya ilə əməkdaşlığa açıq olduğu barədə siqnal verməli olduğu bildirilib.

Danışıqlar zamanı ABŞ prezidentinin nümayəndələri Ukraynaya Rusiya neft emalı zavodlarına hücumları dayandırmaq çağırışını da təkrarlayıblar.

“İdeya ondan ibarət idi ki, ABŞ Rusiyaya qayıdaraq belə deyə bilərdi: “Görürsünüz, ukraynalılar hücumları dayandırdılar və biz sizinlə bu razılaşmanı bağladıq. İndi növbə sizindir, siz də hansısa addım atmalısınız”, – deyə “Reuters”in həmsöhbətlərindən biri bildirib.

Bununla belə, Ukrayna nümayəndə heyəti ABŞ prezidentinin nümayəndələri ilə danışıqları vaxtından əvvəl dayandırıb. “Financial Times” nəşrinin mənbələrinə görə, buna səbəb Ukrayna tərəfinin gözləmədiyi dizel yanacağı razılaşması olub.

Görüşdə iştirak edən Kiyev nümayəndələri “Reuters”ə bildiriblər ki, ABŞ-nin iqtisadi razılaşmalar vasitəsilə Rusiyanı güzəştə getməyə inandırmaq cəhdinə şübhə ilə yanaşıblar. Onların sözlərinə görə, indiyədək bu cür cəhdlərin heç biri atəşkəsə gətirib çıxarmayıb.

Kremlə yaxın mənbə isə agentliyə bildirib ki, Putin yalnız Donbasın qalan 11 faizinə nəzarəti ələ keçirdikdən və bunu ölkə daxilində qələbə kimi təqdim etmək imkanı qazandıqdan sonra danışıqlar masasına qayıdacaq.

Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl ərazilərin Rusiyaya təhvil verilməsini rədd edib. Bununla yanaşı, o, münaqişənin mövcud cəbhə xətti boyunca dondurulmasına mümkün variant kimi yanaşıb.

Tramp: Zelenski razılaşma bağlamaq istəməlidir

ABŞ Prezidenti Donald Tramp isə Vladimir Putinin müharibəni bitirməkdə Ukrayna liderindən daha çox maraqlı olduğunu düşünür. “Biz elə etməliyik ki, Zelenski razılaşma bağlamaq istəsin”, – deyə Ağ Ev rəhbəri bildirib.

Tramp Moskva və Kiyevin münaqişəni necə başa çatdıracaqlarını “bilmədiklərini” etiraf edib. O, həmçinin Putinlə Zelenski arasında “çox güclü qarşılıqlı antipatiya” olduğunu söyləyib.

Buna baxmayaraq, ABŞ prezidenti tərəflərin sülh sazişi imzalamasına nail olacağına söz verib.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.